Sankt-Peterburqda şəhidlərin xatirə gecəsi keçirilib

Sankt-Peterburqda şəhidlərin xatirə gecəsi keçirilib
15:58 21 Yanvar 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+


Sankt-Peterburq, 21 yanvar, AzərTAc
Yanvarın 20-də Sankt-Peterburqda Bakıda 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrin 25-ci ildönümünə həsr edilən matəm tədbiri keçirilib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AzərTAc-a bildirilib ki, tədbir ölkəmizin konsulluğu, “Naxçıvan” İctimai Təşkilatının, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional bölmələri tərəfindən təşkil edilib.
Rəsmi hissə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri açan baş konsul Elşad Qulamov 1990-cı ilin Yanvar faciəsinin tarixindən danışıb. Diplomat vurğulayıb ki, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa iddiaları onların “Böyük Ermənistan” yaradılmasına istiqamətlənən strateji planlarının bir hissəsidir. “Ənənələrinə” sadiq qalan ermənilər əllərinə fürsət düşən kimi bu planın həyata keçirilməsinə çalışıblar. 1985-ci ildə ermənilərin tərəfini saxlayan M.Qorbaçovun hakimiyyətə gəlişi ilə erməni separatçıları aktiv fəaliyyətlərini növbəti dəfə genişləndiriblər.
Baş konsul qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qırmadı, əksinə onun müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsini daha da gücləndirdi. SSRİ silahlı qüvvələrindən növbəti dəfə öz xalqına qarşı istifadə olunması nəticəsində 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı faciə totalitar rejimin xalqa zidd xarakterini göstərdi.
Elşad Qulamov xüsusi vurğulayıb ki, qanlı hadisələrin növbəti günü Moskvada olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya qoşunların yeridilməsini kəskin pislədiyi mətbuat konfransını keçirib, M.Qorbaçovu Konstitusiyanı pozmaqda ittiham edib, sovet rəhbərliyinin cinayət əməlini qəti ifşa edib.
Sonra çıxış edən Sankt-Peterburq Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Niyazi Niyazov qeyd edib ki, kommunist rəhbərliyi dinc, heç bir təqsiri olmayan insanlara qarşı görünməmiş terror kampaniyası həyata keçirib. Sovet ordusunun xüsusi təyinatlı dəstələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması cəhdlərinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc sakinlərə divan tutulub, təqsirsiz insanlar vəhşicəsinə öldürülüb.
“Naxçıvan” İctimai Təşkilatının sədri İdris Qəhrəmanov öz çıxışında SSRİ hökumətinin erməni ekstremistlərinə göz yuman, azərbaycanlıların Ermənistandan zorla deportasiyasına təşəbbüs edən, Azərbaycan xalqında narazılıq və etiraz doğuran, sonra isə etiraza cavab olaraq Bakıya ordu göndərərək dinc sakinləri kütləvi qırmış siyasətini tənqid edib.
ÜAK-ın Leninqrad vilayəti regional bölməsinin rəhbəri Mirtofiq Qasımov çıxışında qeyd edib ki, faciəli hadisələr Vətənindən kənarda yaşayan azərbaycanlıların qəlbində hər zaman yaşayacaq, 20 Yanvar faciəsini törədən cinayətkarlar isə tez ya gec layiqli cəzalarına çatacaqlar.
Sonra Rusiya Federasiyasının fəxri hüquqşünası Tofiq Sultanov və hüquqşünas Xaqani Əliyev çıxış edərək Yanvar hadisələrini beynəlxalq hüququn normalarının pozulmasının kobud faktı kimi qiymətləndiriblər.
Tədbirdə Türkiyənin Sankt-Peterburqda baş konsulu Kazım Çavuşoğlu, ictimaiyyət nümayəndələri, şəhərin müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Sankt-Peterburqun ali məktəblərində oxuyan azərbaycanlı tələbələr, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Yanvar faciələrinə həsr edilən fotomateriallar nümayiş olunub. Baş konsulluğun dəstəyi ilə Rusiyanın “Komsomolskaya pravda” qəzetində M.Skabiçevskinin “Ümumi yaddaş-ümumi hüzn” məqaləsi yerləşdirilib.
Tədbirin sonunda Hacı Əli Müqəddəs Qurani-Kərimdən surələr oxuyub. tədbir iştirakçılarına 20 Yanvar hadisələri haqqında film nümayiş etdirilib.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Sankt-Peterburq


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR