Tələbə Qəbulu üzrə Dövlət Komissiyası SAT imtahanı keçirəcək

16:13 21 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanı keçirəcək.
TQDK-dan AzərTAc-a bildiriblər ki, bu imtahan şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. İmtahanın müddəti 3 saat 45 dəqiqədir. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir.
Məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirmək baxımından obyektiv imtahan sayılan SAT ilk dəfə 1901-ci ildə keçirilib. İmtahanın keçirilməsi və məzmunun müəyyənləşdirilməsi səlahiyyətləri College Board təşkilatına məxsusdur.
TQDK 2014-cü ildə SAT imtahanı keçirmək səlahiyyəti əldə edib.
İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı aparılıb və 10 nəfər qeydiyyatdan keçib.
İmtahan TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
TQDK tərəfindən növbəti SAT imtahanının mayın 2-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak üçün http://sat.collegeboard.org/register/sat-international-dates linki vasitəsilə qeydiyyatdan keçmək olar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR