Bu il dünyada işsizlərin sayı üç milyon artacaq

Bu il dünyada işsizlərin sayı üç milyon artacaq
16:18 21 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
2019-cu ilə işsizlər ordusuna daha 10 milyon adam qoşula bilər. Artıq 2015-ci ildə işsizlərin sayı dünyada 3 milyon çoxalacaq. Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri bu barədə xəbərdarlıq ediblər. Onlar güman edirlər ki, əmək bazarında belə vəziyyətin səbəbi iqtisadiyyatın ləng inkişafı, dünyada qeyri-bərabərliyin yüksəlişi və iqtisadi sarsıntılardır.
BƏT-in “Dünyada işsizliyin vəziyyəti – 2015-ci ilin tendensiyaları” məruzəsinə əsasən yaxın dörd ildə işini itirən və ya işə düzələ bilməyən adamların sayı artacaq.
Bu günə dünyada işsizlərin sayının 201 milyon olduğu təxmin edilir. Bu rəqəmin 2019-cu ildə 212 milyonadək artmaq təhlükəsi var. BƏT-in rəhbəri Qay Rayder bildirib: “2008-ci ildə qlobal böhranın başladığı vaxtdan etibarən 61 milyondan çox iş yeri itirilib”. Onun sözlərinə görə, məşğulluq sahəsində böhranın qarşısı hələ alınmayıb.
Bu böhran daha çox 15-24 yaş arasında gənclərə təsir edir. Gənclər arasında qlobal işsizliyin səviyyəsi 2014-cü ildə demək olar ki, 13 faizə çatıb.
Məruzə müəlliflərinin fikrincə, yaxşı xəbər dünyada işləyən yoxsulların sayının azalması ilə bağlıdır. Lakin hələ də zəhmətkeşlərin təxminən yarısı əsas ehtiyaclarının təmin edilməsi və layiqli şəraitdə işləmək imkanlarından məhrumdurlar.
Bununla yanaşı, məruzəyə əsasən ən varlıların 10 faizinə dünya gəlirinin 30-dan 40 faizə qədəri, ən yoxsul əməkçilərin 10 faizinə isə dünya gəlirinin 2-dən 7 faizə qədəri düşür.
BƏT-də hesab edirlər ki, gəlirlərdə belə uçurum iqtisadi inkişafa mənfi təsir göstərir, çünki əhalinin aşağı gəliri daxili tələbatın səviyyəsini aşağı salır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR