Azərbaycanda əlillərin idmana cəlb olunması sahəsində görülən işlər müzakirə olunub

18:18 21 Yanvar 2015
149 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, Səxavət Quliyev, AzərTAc
Xəbər verdiyimiz kimi, “Azərbaycanda əlilliyi olan gənclər üçün idman” layihəsi çərçivəsində ABŞ nümayəndə heyəti ölkəmizdə səfərdədir.
AzərTAc xəbər verir ki, yanvarın 21-də “Hyatt Park” mehmanxanasında ABŞ-ın Azərbaycandakı səfirliyinin və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans təşkil olunub.
Konfransda çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlağın əhəmiyyətini yüksək qiymətləndirib.
Bildirilib ki, əlillərin idmana cəlb olunması, onların inteqrasiyasını təşkil etmək konfransın əsas məqsədidir. ABŞ-ın Azərbaycandakı səfirliyi respublikada bir sıra təşkilat ilə əməkdaşlıq edir. Bunun nəticəsində 14 nəfər azərbaycanlı bacarıqlı mütəxəssis ABŞ-a üç həftəlik ezam edilib. Ezamiyyət müddətində onlar bu ölkənin əlillərin idmana cəlb edilməsi sahəsində zəngin təcrübəsi ilə tanış olublar
Diqqətə çatdırılıb ki, hazırda isə bu sahə üzrə amerikalı mütəxəssislər Azərbaycanda səfərdədirlər. Bu, qarşılıqlı fikir mübadiləsi üçün çox vacib və dəyərlidir.
Birinci Avropa Oyunları ərəfəsində bu kimi qarşılıqlı mübadilə səfərlərinin təşkilini yüksək qiymətləndirən Derek Hoqan konfransın əhəmiyyətindən danışıb.
ABŞ-ın Beynəlxalq Təlim və İnkişaf İnstitutunun icraçı direktoru Julia Huks rəhbərlik etdiyi qurum barədə məlumat verib və həyata keçirdiyi layihələrdən danışıb. Təcrübə mübadiləsi proqramının əhəmiyyətini vurğulayan Julia Huks azərbaycanlı mütəxəssislərin ABŞ-a səfəri zamanı onlar üçün xüsusi proqram hazırlandığını bildirib.
“İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov layihənin uğurla həyata keçirildiyini bildirib, ölkəmizin bir neçə şəhərini əhatə edən proqramın bundan sonra da davam edəcəyini vurğulayıb.
Sonra layihə iştirakçıları təqdimatlarla çıxış ediblər.
ABŞ nümayəndə heyətinin Azərbaycana təcrübə mübadiləsi səfəri yanvarın 30-dək davam edəcəkdir. Bu müddətdə onlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək, ölkəmizin əlil idmanı sahəsində fəaliyyəti ilə daha yaxından tanış olacaqlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR