İtaliyanın “Bloglobal” portalı Azərbaycanın enerji sənayesinin inkişafını təhlil edib

İtaliyanın “Bloglobal” portalı Azərbaycanın enerji sənayesinin inkişafını təhlil edib
18:23 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Roma, 21 yanvar, AzərTAc
İtaliyanın beynəlxalq siyasətə dair araşdırmaların yer aldığı “Bloglobal” portalı ölkəmizin enerji sənayesinin inkişafını təhlil edib.
Yazıda qeyd olunur ki, XIX əsrin sonlarından etibarən Azərbaycan dünyada neft hasilatı üzrə aparıcı ölkələrdən biri hesab olunur. Bu ölkə 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra yenidən karbohidrogen ehtiyatlarının ixracı və istehsalı üzrə əsas məntəqələrdən birinə çevrilib və hazırda bu mövqeyin getdikcə güclənməsi müşahidə olunur.
Məqalədə vurğulanır ki, 1994-cü ildən etibarən Azərbaycanda enerji sektoru dinamik tərəqqi dövrünə qədəm qoyub. Neft və qaz istehsalının sürətlə artması, çoxsaylı enerji layihələrinin reallaşması Azərbaycanı Cənubi Qafqaz regionunun mərkəzi nöqtəsinə çevirib. Azərbaycan xarici ölkələrə yatırdığı sərmayələrin həcmini artırır.
Müəllif oxucuların diqqətinə çatdırır ki, Avropa İttifaqı (Aİ) və NATO rəsmi Bakının strateji baxımdan dünyadakı rolunu yaxşı dərk edir. Uzun illərdir ki, rəsmi Brüssel Azərbaycanın Avropanın enerji təminatının şaxələndirilməsində həm hasilatçı, həm də tranzit ölkə kimi önəmini görməkdədir. “Cənub axını” layihəsinin dayandırılmasından sonra Azərbaycan qazını Avropaya çatdıracaq layihə artıq tam qələbə qazandı və onun reallaşması daha real görünür.
Yazıda deyilir: “Azərbaycanın geostrateji baxımdan dünyada oynadığı rolu və bu ölkənin gələcək hədəflərini anlamaq çox vacibdir. Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan balanslaşdırılmış siyasət yeridərək həm rəsmi Moskva, həm də Aİ ilə yaxşı münasibətlər qurmağa çalışır ”.
Məqalədə, həmçinin vurğulanır ki, regionda irimiqyaslı layihələrin sayının artmasına mane olan ən mühüm problem Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan son illər hərbi gücünü sürətlə artırmaqdadır. Ümumiyyətlə, regionun təhlükəsizliyi rəsmi Bakını maraqlandıran ən vacib məsələlərdəndir.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri,
Roma

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR