1990-cı ilin yanvarında naxçıvanlıların birliyi qədim diyarı düşmən işğalından qorudu

18:48 21 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 21 yanvar, Rauf Əliyev, AzərTAc
Tariximizin şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsində ilk qurbanlar Naxçıvanda verildi. Nankor qonşularımız 1990-cı il yanvarın 18-dən 25-dək Azərbaycanın qədim diyarına qarşı şiddətli hücuma keçdilər. Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə daşnak silahlı dəstələrinin hücumlarının başlaması isə onu göstərirdi ki, bütün bu planlar bir mərkəzdən idarə edilir.
Bu sözləri Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru, Azərbaycan Vətən müharibəsi veteranı Vaqif Məmmədov AzərTAc-a müsahibəsində deyib.
Sədərək döyüşlərinin iştirakçısı olan Vaqif Məmmədov bildirib ki, həmin vaxt ermənilər dəfələrlə hücuma keçsələr də, düşmənin mühasirəsində qalan Naxçıvanın Kərki kəndini işğal edə bilmirdilər. Çünki naxçıvanlılar mərdliklə, qəhrəmancasına vuruşur, düşməni geri çəkilməyə vadar edirdilər. Ermənilər kəndi yalnız SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə işğal edə bildilər. 1990-cı il yanvarın 18-də 70-dən artıq ailənin, 350 nəfərə yaxın əhalinin yaşadığı kiçik Kərki kəndinin işğalı Bakı qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı oldu.
“1990-cı il yanvarın 19-da ermənilər artıq Sədərəyi ağır silahlardan, toplardan atəşə tutmağa başladılar. Tofiq Nəsirovun həyətinə düşən top mərmisi onun Malik və Elvin adlı iki azyaşlı övladını şəhid etdi. Top mərmilərinin partlaması nəticəsində Heydərabadda, ümumilikdə, 6 nəfər şəhid oldu. Ərazidəki “Əyyub mağarası”, “Cin təndiri”, “Yetimlər”, “Həsənqulu bağı”, “Qaraağac”, “Qurdbaba”, “Nadirin düzü” adlanan məkanlar sədərəklilərin səngərinə çevrildi. Muxtar respublikanın bütün rayonlarından əli silah tutan hər kəs Sədərəyə köməyə gəldi. Naxçıvanlıların birliyi, həmrəyliyi həmin günlərdə Sədərəyi və ümumilikdə qədim diyarı düşmən işğalından qorudu”, –deyən Vaqif Məmmədov bildirib ki, 1993-cü il avqustun 13-də sonuncu döyüşdə ermənilər Sədərəkdə “Qeyrət qalası”nı qoruyan qeyrətli oğullara bata bilməyəcəklərini bir daha anladıqları üçün daha bu kəndə hücuma keçməyə cəsarət etmədilər. Gündən-günə güclənən dövlətimiz, qüdrətli ordumuz isə bu gün nəinki bizi düşmənin hücumlarından müdafiə etməyə, hətta işğal altında olan torpaqlarımızı da azad etməyə qadirdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR