Riçard Kozlariç hörmət qazanmaq istəyirsə...

Riçard Kozlariç hörmət qazanmaq istəyirsə...
19:17 21 Yanvar 2015
177 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bu günlərdə yeni məqalə ilə çıxış edib. Onun ölkəmizə qarşı ədalətsiz mövqe tutduğu çoxdan bəlli idi. Ancaq bu dəfə cənab Kozlariç daha da qabağa gedərək, özünü tamamilə ifşa edən fikirlər bildirib. Keçmiş səfir Azərbaycan rəhbərliyinə qarşı absurd ittihamlar irəli sürüb. O, xarici siyasətdə qəfil dəyişikliklərin getdiyini yazır və bunda rəsmi Bakını günahlandırır. Guya Azərbaycan artıq Qərblə əməkdaşlıqdan uzaqlaşır, burada insan haqları pozulur və s. Üstəlik, ölkə rəhbərliyi Ukrayna hadisələrinin Azərbaycanda da təkrarlanmasından ehtiyat edir. Bütün bu cəfəng fikirləri konkret faktlar tamamilə təkzib edir. Real olanı R.Kozlariçin Azərbaycan xalqı qarşısında özünü tamamilə hörmətdən salmasıdır.

Qeyri-ciddi ittihamlar və əsassız iddialar

Azərbaycana qarşı "qara piar" kampaniyası davam edir. Bu dəfə, kimliyi bizlərə yaxşı məlum olan Riçard Kozlariçi danışdırırlar. O, ABŞ-ın ölkəmizdə keçmiş səfiri olub. Lakin həmişə anti-Azərbaycan isteriyası ruhunda çıxışlar edib. Bir neçə dəfə ölkənin inkişafına qısqanclıqla yanaşdığını təsdiq edən fikirlər səsləndirib. R.Kozlariç Bakıda səfir kimi fəaliyyətini başa çatdırdıqdan sonra də əvvəlki qaydada qarayaxmalarına davam edib. Keçən ilin əvvəllərində Rauf Mirqədirovun vətənə xəyanət etdiyinə görə həbs edilməsini R.Kozlariç qərəzli aspektdə şərh edərək bu işdə Azərbaycanın rəsmi orqanlarını günahlandırırdı.

Bu dəfə o, "Brookings.edu" saytında cəfəng iddialarla dolu bir yazı dərc etdirib (bax: Richard D. Kauzlarich. The Heydar Aliyev Era Ends in Azerbaijan Not with a Bang but a Whisper / Brookings, 13 yanvar 2015). Əslində, qeyri-ciddi məzmunu olan bu məqaləyə münasibət bildirməmək də olardı. Ancaq məsələyə geniş aspektdə baxdıqda, söhbətin rəsmi Vaşinqtonun son vaxtlar Azərbaycana qarşı tutduğu mövqedən getdiyi məlum olur. Məsələnin bu tərəfində isə təhlil edilməli çoxlu sayda məqamlar mövcuddur.

Əvvəlcə, onu vurğulayaq ki, R.Kozlariç Azərbaycanda Heydər Əliyev erasının sona çatdığı haqqında cəfəng bir fikir irəli sürür. Bu, mümkün olan şey deyil. Çünki Heydər Əliyev erası müstəqillikdir, azadlıqdır, milli kimlikdir, suverenlikdir. Keçən əsrin 90-cı illərinin başlanğıcında kənardan idarə olunan bir sıra siyasətçilər Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoymuşdular. Ölkə faktiki olaraq parçalanma prosesi ilə üz-üzə qalmışdı. Havadarlarının köməyi ilə Ermənistanın Azərbaycana təcavüzü getdikcə genişlənir və şiddətlənirdi.

Yeri gəlmişkən, indi tam aydın olur ki, o zaman ermənilərə Amerika da gizli dəstək verirdi. Məhz belə bir məqamda Heydər Əliyev hakimiyyətə gəldi və qısa müddətdə vəziyyəti tamamilə dəyişdi. Azərbaycan müstəqil ölkə kimi rahat nəfəs almağa başladı. Onun böyük dövlətlər, o cümlədən Amerika ilə münasibətləri normal məcraya yönəldi.

Görünür, özü tam dərk etməsə də, R.Kozlariç məhz bu məqamlara görə iki ölkə arasında əlaqələrin indiyə qədər yaxşı səviyyədə olduğunu vurğulayır. O, Heydər Əliyevin aşağıdakı fikirlərinə də müraciət edir: "…Azərbaycanda qurduğumuz hökumət və cəmiyyət Qərb dəyərlərinə əsaslanır, buraya demokratik plüralizm, azad bazar iqtisadiyyatı, universal insan haqlarına hörmət edən dünyəvi respublika daxildir" (bax: əvvəlki mənbəyə).

Lakin məsələ burasındadır ki, o, Ulu Öndərin bu ideyalarının mənasını ya tam anlaya bilmir, ya da qərəzli şəkildə şərh edir. Belə ki, o, keçən ilin dekabrından Heydər Əliyevin vurğuladığı həmin məqamlara son qoyulduğu iddiasını önə çəkir. Bu, necə ola bilər? Yəni Azərbaycan artıq dünyəvi ölkə deyil? Burada plüralizm və azad bazar iqtisadiyyatı yox olub? Hər bir ciddi düşünən insan bu dəyərlərin qəfil yaranmadığını və birdən-birə də yox ola bilməyəcəyini başa düşür.

Reallıqda isə, Azərbaycanda demokratik dəyərlərə xələl gətirə biləcək heç bir hadisə baş verməyib. Burada fakt ondan ibarətdir ki, konkret cinayət törətmiş insanlar qanun çərçivəsində məsuliyyətə cəlb olunublar. Dünyanın ən demokratik ölkələrində də bu, belədir. Hətta ABŞ-ın özündə qanundan kənara çıxaraq adamları həbs edirlər. Məsələn, 2014-cü ildə Pen American Center (PAC) – Amerika Qələm Mərkəzinin Fergüsonda baş verən məlum hadisələrlə bağlı yaydığı hesabatda göstərilir ki, qaradərili Maykl Braunun öldürülməsindən sonra etiraz aksiyalarını işıqlandırmağa çalışan 52 jurnalistə qarşı polis zorakılığı olub, onlardan 21-i həbs edilib. Bundan 4 il əvvəl isə Sent Pol şəhərində 42 jurnalist məhkum olunmuşdu. "Uoll Striti zəbt et" hərəkatı zamanı isə 90 jurnalist saxlanmışdı. Bütün bunlara rəsmi münasibət isə qısaca belə oldu: "ABŞ-ın daxili işidir"!

Öz adını başqasına qoyanda…

Olsun. Ancaq həmin qayda yalnız Amerikayamı şamil edilə bilər? Əgər beynəlxalq hüquq deyilən bir mexanizm varsa, onda onun qarşısında hamı bərabər olmalıdır. Məsələn, ABŞ insan haqlarını pozursa, "daxili işimdir" deyib, analoji hallarda başqalarını ittiham etməməlidir. Söhbət ondan getmir ki, hansısa ölkənin insan haqlarını pozmağa haqqı var. Əksinə, biz onu vurğulamaq istəyirik ki, əsas məsələ qəbul edilən normalara bütün dövlətlərin eyni dərəcədə əməl etməsindədir.

R.Kozlariç bilməlidir ki, Azərbaycanda heç kimin qanunu pozmağa haqqı yoxdur. Eyni zamanda, kənar dövlətlərin də burada özünə dəstə yaratmaq hüququ yoxdur. Azərbaycanda dəfələrlə vurğulanıb ki, "beşinci kolon" deyilən və açıqca Qərbin maraqlarına xidmət edən qurumlar formalaşdırılıb. Cənab Kozlariçin etirazlarından biri də məhz bu məqamla əlaqəlidir.

"Azadlıq" radiosunun ofisində axtarışlar aparılmasını "basqın" kimi qiymətləndirən cənab Kozlariç jurnalist Xədicə İsmayılovanın həbsinə siyasi don geydirməyə çalışır. Həqiqətdə isə, söhbət konkret cinayət əməllərinə görə vətəndaşın məsuliyyətə cəlb edilməsindən gedir. Bunu qəbul etməmək həm böyük ədalətsizlikdir, həm də demokratiyadan xəbərsiz olmaqdır.

Maraqlıdır ki, R.Kozlariç bir qədər də qabağa gedərək adi insan məntiqi üçün qeyri-ciddi görünən fikir söyləyir. O vurğulayır ki, indiki Prezident İlham Əliyev Qərblə əməkdaşlıq strategiyasından imtina edir, ABŞ, Avropa İttifaqı, NATO ilə əlaqələrini zəiflədir. Bu iddialara ən yaxşı cavab ABŞ və Avropanın rəsmi dairələrinin Azərbaycan rəhbərliyinin yeritdiyi siyasət haqqında dediklərində ifadə olunub.

"Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimində iştirak edən dövlət və hökumət başçılarının, digər xarici qonaqların hər biri Azərbaycanın Qərbin enerji təhlükəsizliyində çox mühüm rol oynadığını açıq dillə bildirmişdilər. Hətta Avropa Komissiyasının sədri Joze Manuel Barrozu strateji tərəfdaşlıqdan məmnunluqla danışmışdı. O, Azərbaycanı etibarlı tərəfdaş kimi təqdim etmişdi. ABŞ-ın dövlət katibi Con Kerri son 20 il ərzində Azərbaycan və ABŞ-ın enerji sahəsində bir yerdə böyük işlər gördüyünü xüsusi qeyd etmişdi. Bundan başqa, ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən olan Riçard Morninqstar dəfələrlə təhlükəsizlik və enerji sahəsində tərəflər arasında əlaqələrin gələcəyinə ümidlə baxdığını vurğulamışdı. Doğrudur, sonralar bu cənab da ədalət hissini itirərək əsassız ittihamlar irəli sürməyə başladı.

Başqa misallar da göstərmək olar. Lakin aydındır ki, R.Kozlariç və onun kimi düşünənlər reallığı deyil, müəyyən məqsədləri əsas götürürlər. Əks halda, onun Prezident İlham Əliyevi Ağ Evin Oval otağında şəkil çəkdirmədiyinə görə qınamağının mənasını anlamaq olmur. Azərbaycan Prezidentinin belə bir fotoya qətiyyən ehtiyacı yoxdur. Əslində, Ağ evdə foto çəkilişi siyasi məqsəd də deyil. İlham Əliyev məhz vətəninə, müstəqil dövlətçiliyə, Azərbaycan xalqının rifahına xidmət etdiyinə and içib və ona daim sadiq qalıb. Hər kəs yaxşı bilir ki, Prezident İlham Əliyevin bir şəxsiyyət kimi şan-şöhrətə ehtiyacı yoxdur. O, dəfələrlə bunu vurğulayıb və real fəaliyyətində də sübut edib. Görünür, R.Kozlariç ABŞ prezidentinin İlham Əliyevi Türkiyəyə dəvət etməsinə baxmayaraq, onunla görüşə getməməsindən pərişan olub. Xatırladaq ki, Barak Obama ilk dəfə prezident seçildikdən sonra Ankaraya səfəri zamanı Türkiyə-Ermənistan sərhədini açmaqla bağlı Azərbaycanın dövlət başçısı ilə müzakirələr aparmaq istəyirdi. O zaman İlham Əliyev müstəqil qərar qəbul edərək oraya getmədi. Sual olunur: "əsl həqiqətdə kim daha çox birlikdə foto çəkdirməkdə maraqlıdır?"

R.Kozlariçin Ukrayna məsələsi ilə Azərbaycanı əlaqələndirməyə çalışması da eyni dərəcədə süni və qondarmadır. Çünki Azərbaycan rəhbərliyi dövlətin müstəqilliyinə və xalqın rifahına xidmət edən siyasət yürüdür. Ukraynada vəziyyət tamamilə başqadır. Digər tərəfdən, Bakı özünün daxili işlərinə kimsənin qarışmasına imkan verməz. Belə olan halda, nəyə görə Amerika Ukraynada olduğu kimi, Azərbaycanda da qarışıqlıq salmalıdır?

Nəhayət, R.Kozlariçin hörmət qazanmaqla bağlı verdiyi "tövsiyələr"in heç bir dəyəri yoxdur. Çünki müstəqil dövlət quran xalq kiminsə yanında hörmətli olmaq strategiyasını, xoşa gəlmək üsulunu seçmir. O, öz yolunu gedir – bunun kiminsə xoşuna gəlib-gəlməməsi məsələsi isə tamamilə başqa mövzudur. Əgər cənab Kozlariç özünə qarşı kiçik də olsa hörmətin olmasını istəyirsə, belə məqamları nəzərə almalıdır.

Newtimes.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR