İsveç səfirliyinin nümayəndəsi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub

19:42 21 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 19:38 ]


Bakı – APA. İsveç səfirliyinin işlər üzrə müvəkkili Tomas Danestad bu gün Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, mərkəzin direktoru Afaq Məsud qonağa qurumun fəaliyyəti barədə məlumat verib, Mərkəzin bu vaxta qədər İsveç ədəbiyyatından tərcümə etdiyi nümunələrdən söz açıb.

 

“İsveç ədəbiyyatından biz Pyer Lagerkvistin, Nobel mükafatı laureatları Selma Lagerlöfün və Tomas Tranströrmerin, həmçinin Marqaret Ekströmün əsərlərini tərcümə və nəşr etmişik. Bu il məşhur İsveç nasiri Avqust Strindberqin və istedadlı rejissor İnqmar Berqmanın əsərlərini, Berqmanın rejissor peşəsinin incəliklərindən bəhs edən və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsi üçün əhəmiyyətli olacaq “Berqman Berqman haqqında” kitabını tərcümə və nəşr etməyi planlaşdırırıq”, - deyə o bildirib.

 

Mərkəzin direktoru həmçinin İsveç dilinin Azərbaycan universitetlərində tədrisi məsələsinə toxunub: “Biz İsveç dilinin ölkəmizdə tədris edilməsində maraqlıyıq. Bu, dövlət və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi ilə yanaşı, ədəbi-mədəni mübadilələrin qurulması üçün çox böyük əhəmiyyət daşıyır. Çox istərdik ki, İsveçin ədəbi mühiti Azərbaycanı və onun qiymətli söz xəzinəsini yaxından tanısın”.

 

T. Danestad isə bildirib ki, İsveçdə tərcümə sahəsi ciddi dövlət nəzarətindədir. Bu işlə Tərcümə Palatası adlanan xüsusi dövlət qurumunun məşğul olduğunu deyən qonaq qeyd edib ki, İsveçdə tərcümə işi ilə məşğul olmaq üçün Tərcümə Palatası tərəfindən xüsusi lisenziya verilir.

 

Sonra diplomat İsveç səfirliyinin dil, tərcümə və tədris məsələləri üzrə mərkəzlə əməkdaşlığından, bu sahədə birgə həyata keçirə biləcəkləri perspektiv layihələrdən danışıb. O deyib ki, İsveçin Tərcümə Palatası, Dil Şurası, eləcə də dil və tərcümə məsələləri üzrə digər əlaqədar qurumlar Azərbaycanda tərcümə işinin qurulmasında köməklik göstərə bilərlər: “ Düşünürəm, Mərkəzlə birgə əməkdaşlığımız hər iki ölkənin mədəni həyatına öz töhfəsini verəcək”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR