'Uğurlu karyeranın düsturu çalışqanlıq və gələcəyə inamdır'

'Uğurlu karyeranın düsturu çalışqanlıq və gələcəyə inamdır'
19:43 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“AtaHolding” ASC-nin Hüquq departamentinin rəhbəri, eyni zamanda “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin hüquq məsələləri üzrə müşaviri, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının və Azərbaycan Vəkillər Kollegiyasının üzvü Qorxmaz Ağayevin müsahibəsi.

Hər şeyin insanın öz əlində olduğunu düşünür. Ona görə, əgər insan istəyərsə, dağın zirvəsinə də qalxa, dibinə də enə bilər. Daim risk etmək tərəfdarıdır. O, risk etməmək ən böyük riskdir prinsipi ilə irəliləyir. Müsahibimiz Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra BDU-nun “mülkü və təsərrüfat hüququ” üzrə magistratura pilləsinə qəbul olub. Hazırda universitetdə İnzibati, maliyyə və informasiya hüququ üzrə doktorantura pilləsində təhsil alır. Q.Ağayev bizə əvvəlcə karyera yolundan danışdı...

- Peşəkar iş fəaliyyətimə 2004-cü ildə Azərbaycan Dövlət İdarəçilik Akademiyasında müəllim kimi başladım. Amma sonradan iş istiqamətimi dəyişdim və biznes sahəsinə yönəldim. “AtaKonsaltinq” şirkətinə hüquqşünas kimi dəvət olundum. Qısa müddət ərzində orada hüquq departamentinin rəhbəri oldum. AtaHoldinq Şirkətlər Qrupu yarandığı vaxt daxildə hüquq xidməti yox idi. Məhz bu şirkət bank, lizinq, sənaye, sığorta, turizm istiqamətlərində hüquq xidmətləri verən təşkilat idi. Mən də orada rəhbər kimi çalışırdım. Bir müddət burada çalışdıqdan sonra “Bank of Baku” və “Muğan Bank”a dəvət aldım. “Bank of Baku”da hüquqla bağlı şöbənin, daha sonra departamentin rəhbəri kimi çalışdım. Orada 5-6 il fəaliyyət göstərəndən sonra böyük uğurlarımız oldu. Azərbaycanın istehlak kreditləri bazarının hüquqi cəhətdən qurulması mən rəhbərlik etdiyim dövrdə baş tutdu. 5-6 il ərzində, demək olar, bütün sistem qurulduqdan sonra təsis etdiyim öz hüquq şirkətimə rəhbərlik etməyə başladım. İki il ərzində şirkəti inkişaf etdirməyə çalışdıq. Bu həm hüquq şirkəti, həm də problemli borcların yığılması ilə məşğul olan bir şirkətdir. Paralel olaraq 2013-cü ildə AtaHoldinq tərəfindən yenidən bu şirkətlər qrupuna dəvət aldım. Hazırda iş vaxtımın böyük bir hissəsini sevə-sevə çalışdığım AtaHolding ASC-yə həsr edirəm.

- İlk dəfə karyeranıza 24 yaşınızda universitetdə müəllim kimi başladığınızı dediniz. Çətin olmadı ki?

- Çətinlik hiss edirdim. Amma mən düşünürəm ki, hər şey insanın öz əlindədir. Əgər insan istəyərsə, dağın zirvəsinə də qalxa bilər, dibinə də enə bilər. Əslində həmişə arzulayırdım ki, pedaqoji fəaliyyətlə məşğul olum. Arzuma da çatdım. Amma sonradan müəyyən səbəblərə görə karyera istiqamətimi dəyişdim və biznes sahəsinə gəldim. Bununla belə hazırda kommersiya hüququ üzrə müxtəlif treyninqlər və seminarlar keçiririrəm.

- Adətən hüquq fakültəsini bitirmək istəyən gənclər hakim olmaq istəyirlər. Sizin elə bir arzunuz olubmu?

- Bu fakültədə təhsil aldığım ilk gündən tələbə yoldaşlarımla düşüncə tərzim fərqlənirdi. Tələbə yoldaşlarımın böyük əksəriyyəti məhz dövlət qulluğu sahəsində çalışmağa can atırdılar. Mən isə azad, sərbəst işə meylli olduğuma görə düşünürdüm ki, özəl sektorda çalışıb geniş imkanlar əldə edəcəm. O vaxt tələbə yoldaşlarım cinayət hüququ sahəsi üzrə ixtisaslaşmağa çalışırdılar. Mülki sahəni isə çox az adam seçirdi ki, onlardan biri də mən idim. 2003-cü ildə magistratura pilləsində təhsil alanda mövzu kimi “nağdsız hesablaşmalar”ı götürdüm. Onda bu barədə çox az adamın məlumatı var idi. İndi isə hər yerdə kartlar var, əməliyyatlar banklar üzərindən gedir. Bakalavr pilləsində də diplom işimin mövzusu işlənməmiş, heç kimin marağını çəkməyən Sığorta mövzu idi. Risk etdim və uğur qazandım. Düşünürəm ki, insan bu günlə yox, sabahla yaşamalıdır.

- Risk etməyə meyllisiniz. Amma seçdiyiniz sahələr bu gün inkişaf etməyə də bilərdi...

- İstənilən fəaliyyət risklərlə müşayiət olunur. Məşhurlardan birinin belə bir deyimi var ki, risk etməmək ən böyük riskdir. İnsan yaşa dolduqca riskləri öncədən görmə və onları idarəetmə keyfiyyətləri formalaşır. Bəli, mən başqa yolu seçib qısa müddətdə var-dövlət əldə edə bilərdim. Amma o yolu getmədim. Düşündüm ki, bu davamlı və düzgün yol deyil. Sabit və gələcəyə doğru investisiya qoyanda insan öz peşəsində zirvələri fəth edə bilər. Bu zirvələri fəth etdikdən sonra onun maddi tərəflərini düşünmək lazımdır. Amma maddiyyatın dalınca qaçdıqda, bu, bir qədər insanı kor edir və insan bir çox səhvlər buraxır. Risk edən insanlar həmişə öndə olur. Alova nə qədər yaxınlaşırsınızsa, insanın bir o qədər isinmək və yanmaq ehtimalı var. Uzaqlaşdıqda isə bir o qədər soyuq olur. Ona görə bu istiqamətdə düzgün, qızıl xətti tutanda daha tez uğura çatmaq olur.

- Karyera yolunda ətrafdakıların fikirləri sizin üçün nə qədər önəmlidir?

- Azərbaycanda belə bir fikir formalaşıb ki, insanın tanışı, qohumu olmasa, işə düzələ bilməz. Bu səhv fikirdir. Mən universitetə hazırlaşarkən 1997-ci il idi. İmtahan verdim və qəbul oldum. Mənə deyirdilər ki, bütün yerlər tutulub, sən qəbul ola bilməzsən. Mən o həddi aşdım. Başqalarının fikri mənə təsir etmədi. Universitetə daxil olduqda, insanlar dedilər ki, “nə olsun daxil oldun, bu çox məsrəflidir, oxuya bilməyəcəksən”. Mən onun da öhdəsindən gəldim. Sonra dedilər ki, “nə olsun universiteti bitirdin, bəs sonrakı taleyin necə olacaq”. Mən yenidən magistraturaya da daxil oldum və özümə iş tapdım. Bəli, həyatda neqativ hallar olur. İnsan bu neqativ halları öz zəhmətkeşliyi, çalışqanlığı ilə aradan qaldıra bilər. Mən ilk dəfə işə tələbə yoldaşımın müraciəti əsasında başladım. Düzünü desəm, indiyə qədər heç bir işə CV verməmişəm.

- Sizcə, karyera qurmaqda geyimə fikir vermək nə dərəcədə əsasdır?

- Məncə, təkcə geyim yox, insanın həyat tərzi o insan barədə məlumat verir. İş şəraitində klassik geyim olmalıdır. Bu, xüsusilə hüquqşünaslara aiddir. Təsəvvür edin ki, hüquqi problemlə bağlı hüquqşünasla görüşürsünüz. O sizinlə görüşə idman geyimində gəlib. Təbii ki, sizin ona etimadınız azalar. Düşünürəm ki, geyim, insanın idarə etdiyi avtomobil və yaşayış tərzi onun haqqında fikir formalaşmasında rol oynayır.

- Böyük şirkətlər qrupunda Hüquq Departamentinə rəhbərlik edirsiniz, bundan başqa, 3-4 vəzifəniz də var. Bu qədər işin içərisində istirahət etməyə vaxtınız olurmu? İstirahətinizi necə dəyərləndirirsiniz?

- Mən istirahətin dəyərini 30 yaşımdan sonra anladım. Hətta bu gün də istirahət edən kimi hesab edirəm ki, özümün iş prinsiplərimə qarşı çıxıram. İnsanın normal istirahət etməsi, ailəsinə diqqət ayırması çox vacibdir. Həmişə çalışıram ki, iş saatlarından sonra ailəyə, şəxsi həyata daha çox diqqət ayırım. Şəhərdə gəzintiyə çıxıram, məzuniyyət dövründə isə ya xarici ölkələrə gedir, ya da ailəm, dostlarımla vaxt keçirirəm.

- Hobbiniz nədir?

- Hobbim futboldur. Bəlkə də mən bugünkü Azərbaycanda doğulsaydım, futbolçu olardım. Futbolu çox sevirəm. Uşaqlıqda futbol oyunlarına baxmağı xoşlayırdım. İndi həm oynayır, həm də baxıram. Yığma komandaların oyunlarını izləyirəm. Hətta bizim futbol sahəsində uğurlarımız da olub. “Bank of Baku”da çalışarkən ilk futbol çempionatını biz yaratmışdıq. Həmin çempionatda biz birinci yeri tutduq. Futboldan başqa, son zamanlar məndə dünyanı gəzməklə bağlı hobbi də yaranıb.

- Uğursuzluğa düçar olanda özünüzə necə stimul verirsiniz?

- Təbii ki, insanın həyatında uğur da, uğursuzluq da olur. Uğursuzluqlar olanda çalışıram bu uğursuzluqda nə qədər payımın olduğunu ortaya çıxarım. Azərbaycanlılarda belə bir xüsusiyyət var ki, insan uğursuzluq görəndə emosional olur. Çalışıram, gözləyim və emosiyam itəndən sonra sağlam düşüncə ilə qərar verim. Daha sonra bu səhvdə öz günahımı axtarır və həmin səhvdən ibrət götürüb yoluma davam edirəm.

- Bəs işçiləriniz uğursuz iş görəndə necə qarşılayırsınız?

- Mən komanda formalaşdırmağı sevən, öz işçilərimə səlahiyyət verən, öz bacarıq, bilik keyfiyyətlərini öyrətməyə çalışan rəhbər olmağa çalışmışam. Əgər işçilərin səhvi olursa, mən o qüsuru görəndə birincisi gördüyü işə görə ona təşəkkürümü bildirirəm və izah edirəm ki, işi görmək bir bacarıq tələb edir, işi dəyərləndirmək başqa bir bacarıq tələb edir. Mənim düşüncəmə görə, insan səhv edibsə, onun səhvini ona o səhvdən özünün utana biləcəyi formada çatdırmaq lazımdır. Əgər qabiliyyətli insandırsa, səhvini anlayacaq. Elə rəhbərlər var ki, insanın bir səhvinə görə gördüyü işi kənara qoyur və işçisini məzəmmət edir. Bunu düzgün saymıram.

- Aktiv fəaliyyət göstərirsiniz. İşlərinizi necə çatdırırsınız?

- Vaxt qıtlığı olur. Zaman mənim üçün ən dəyərli nemətdir. Vaxtın idarəedilməsi çox mühüm məsələdir. Əvvəllər plansız şəkildə çalışırdım. İndi isə işlərimin əvvəlcədən siyahısını tuturam, onları icra edən şəxsləri təyin edirəm və həmin plana əsasən vaxtımı bölürəm. Hətta şəxsi həyatımda belə əvvəlcədən təyin etdiyim planlarla hərəkət edirəm. Çünki həyat sərhədli, arzular isə sərhədsizdir. Buna görə də vaxtı düzgün idarə etmək lazımdır ki, arzuların bir hissəsini heç olmasa gerçəkləşdirmək mümkün olsun.

- Sizcə, uğurlu karyeranın düsturu nədir?

- Uğurlu karyeranın düsturu çalışqanlıq və gələcəyə inamdır. İnsan əvvəl özünə inanmalı, sonra gələcəyə inanmalı və çalışmalıdır. Daha sonra Allahın verdiyi şüur, qabiliyyət rol oynayır. Hər kəsin ağlı, düşüncəsi olur. Amma bir nömrəli məqam insanın özünə inanması, iradəli və çalışqan olmasıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR