Birinci Avropa Oyunlarına hazırlıqla bağlı Çevik Polis Alayının qarşısında duran vəzifələr müzakirə olunub

19:43 21 Yanvar 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Yanvarın 21-də Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında 2014-cü il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, əməliyyat müşavirəsini açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ulu öndər Heydər Əliyevin müəllifi olduğu siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində xalqımızın rifah halının, ölkəmizin beynəlxalq imicinin daha da yüksəldiyini, insan hüquq və azadlıqlarının etibarlı qorunduğunu nəzərə çatdırıb.
Nazir bildirib ki, bütün bunlar dövlətimizin başçısının məqsədyönlü şəkildə və ardıcıllıqla həyata keçirdiyi, milli maraqlarımıza tam cavab verən və reallığa söykənən daxili və xarici siyasətin əyani təzahürü olmaqla daxili işlər orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərib. R.Usubov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Çevik Polis Alayının peşəkarlıq və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qarşıya qoyulmuş istənilən vəzifəni layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini, paytaxtda əmin-amanlığın, sabitliyin nümunəvi təminində böyük rol oynadığını qeyd edib.
Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, əsas diqqət vətəndaşların üzləşdikləri problemlərin operativ həllinə, xidmətin əməliyyat şəraitinin təhlili əsasında qurulmasına, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, nizam-intizamının gücləndirilməsinə yönəldilib. Həvalə olunmuş vəzifələrin effektli yerinə yetirilməsi üçün paytaxtın küçələrində və digər ictimai yerlərdə cinayət və hadisələrin dinamikası mütəmadi izlənilib, Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə vahid dislokasiya planları tərtib olunaraq icra edilib. Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı da asayiş nümunəvi qorunub, DİN rəhbərliyinin tapşırığına əsasən, bu sahəyə cəlb edilən qadın əməkdaşlar xidməti vəzifələrini layiqincə yerinə yetiriblər.
Qeyd olunub ki, 2014-cü ildə inzibati hüquqpozmalarla bağlı patrul bölükləri tərəfindən 25 min 816 nəfər saxlanılaraq qanunauyğun tədbirlərin görülməsi üçün ərazi polis orqanlarına təhvil verilib. Onlardan 633-ü müxtəlif cinayət, o cümlədən 170-i xuliqanlıq, 18-i dələduzluq, 143-ü narkotik vasitələri qanunsuz saxlayan və satan, 183-ü oğurluq, 18-i soyğunçuluq törədən, 78-i axtarılan şəxslər olub. 2013-cü illə müqayisədə aşkarlanmış cinayətlərin sayı 17 faiz artıb. Rəhbərliyin tapşırığına əsasən, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması üzrə keçirilən tədbirlərlə inzibati xətalar törətmiş 2618 nəfər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi təmin edilib.
Bildirilib ki, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində 500 əməkdaş intensiv ingilis dili kurslarına cəlb olunub və yekun imtahanlarının nəticələri mütəxəssislər tərəfindən qənaətbəxş qiymətləndirilib. Bütövlükdə şəxsi heyətin xidməti hazırlığının artırılması, ekstremal şəraitdə adekvat qərar qəbul etmək bacarığına malik olması, fiziki qüvvənin, xüsusi vasitələrin qanunla müəyyən edilmiş hallarda tətbiqini mükəmməl bilməsi üçün lazımı işlər aparılıb.
Müşavirəyə yekun vuran daxili işlər naziri Çevik Polis Alayının
şəxsi heyətinin ötən hesabat ilindəki fəaliyyətinin yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.
General-polkovnik R.Usubov paytaxtın ictimai yerlərində baş verən cinayətlərin sayının az da olsa artması nəzərə alınaraq, qüvvə və vasitələrin səmərəli idarə olunmasının, qeydə alınmış cinayətlərin təhlilinin, hər bir əməkdaşın ona təhkim olunmuş xidməti ərazinin əməliyyat şəraitini dərindən bilməsinin vacibliyini qeyd edib.
Nazir Alay rəhbərliyindən əməkdaşların fiziki və döyüş hazırlığının yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmət qabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini tələb edib. Həmçinin xidmətdə yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərilməsi, bu ilin yayında keçiriləcək birinci Avropa Oyunları ilə bağlı qarşıya qoyulmuş tapşırıqların, o cümlədən təhlükəsizliyin təmin edilməsi, obyektlərin mühafizəsi, nəzarət-buraxılış işinin həyata keçirilməsi funksiyalarının yüksək səviyyədə yerinə yetirilməsi, əməkdaşların xarici dil kurslarına göndərilməsi üzrə işlərin davam etdirilməsinə nəzarətin daha da artırılması mühüm vəzifə kimi qarşıya qoyulub.
Qeyd olunub ki, əməkdaşlar qanunla təsbit olunmuş vəzifə, funksiya və hüquqlarını dərindən bilməli, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət etməlidirlər. Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığı, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu vurğulanıb.
Daxili işlər naziri Azərbaycan Prezidenti İlham Əliyevi əmin edib ki, Çevik Polis Alayının əməkdaşları üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, əldə edilmiş uğurlarla kifayətlənməyərək xalqa, dövlətə daim ləyaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı mübarizədə daha qətiyyətli və prinsipial olacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_Avropa_Oyunlarina_hazirliqla_bagli_CHevik_Polis_Alayinin_qarsisinda_duran_vezifeler_muzakire_olunub-826493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR