20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar Helsinkidə anma mərasimi

19:48 21 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+


Helsinki, 21 yanvar, AzərTAc
20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Finlandiyadakı səfirliyinin dəstəyi, Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) və AzərTürk gənclər təşkilatının təşkilatçılığı ilə Helsinkidə “Müstəqilliyimizin qanlı və şanlı tarixi 20 Yanvar” adlı anma mərasimi keçirilib.
FAA-nın sədr müavini, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay mərasimdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistana havadarlıq edən sovet ordusunun dinc Azərbaycan xalqına qarşı törətdiyi qırğın, erməni terrorçularının ölkəmizə hərbi təcavüzü barədə məlumat verib.
Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov 20 Yanvar hadisələrinin tarixindən söhbət açıb. Səfir bildirib ki, xalqımızın firavanlığını, azadlığını, ölkəmizin ərazi bütövlüyünü hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə doğma Vətən uğrunda şəhid olaraq əsl qəhrəmanlıq nümunəsini göstəriblər.
Səfir həmin vaxt xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 Yanvar hadisələrini kəskin şəkildə tənqid edən sərt bəyanatla çıxış etdiyini xatırladıb. A.Məmmədov qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra o qanlı hadisələrə lazımi siyasi, hüquqi qiymət verilib və xalqımıza müsibət yaşadanların adları ictimaiyyətə acıqlanıb.
Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağ deyib ki, qardaş Azərbaycan xalqının kədəri kədərimiz, sevinci sevincimizdir. Tarix boyu iki qardaş ölkəni ayırmağa və zəiflətməyə çalışıblar. Lakin hər bir çətin anda qardaş ölkələrimiz bir-birinə dayaq olub, bir-birinə yardım edib. A.Başağ bildirib ki, sovetlər birliyinin əsarətindən qurtulmaq istəyən Azərbaycan xalqının oğul və qızları azadlıq uğrunda canlarını verərək şəhidlik zirvəsinə ucalıblar.
Sonda 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş olunub, AzərTürk qrupunun üzviləri şəhidlərimizə həsr olunan şeirlər və mahnılar ifa ediblər.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Helsinki

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_hadiselerinin_25_ci_ildonumu_ile_elaqedar_Helsinkide_anma_merasimi-826496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR