Gürcüstanda ARDNŞ-in yeni loqosunun təqdimatı keçirilib

01:02 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 00:45 ]

Tiflis. Nizami Məmmədzadə-APA. Dekabrın 25-də Gürcüstanın paytaxtında ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin iştirakı ilə “SOCAR Energy Georgia" şirkətinin Gürcüstanda fəaliyyətə başlamasının 5 illiyi ilə bağlı mərasim keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın dövlət və hökumət nümayəndələri, o çümlədən Gürcüstanın baş nazirinin birinci müavini, energetika  naziri Kaxa Kaladze, iqtisadiyyat naziri, həmçinin baş nazirinin müavini Georgi Kvirikaşvili,  Gürcüstanın daxili işlər naziri Aleksandr Çikvaidze, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Tiflis şəhər meri David Narmania,  ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Marneuli rayon rəhbərliyi, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Gürcüstan şirkətlərinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə SOCAR-ın yeni loqosunun təqdimatı keçirilib.  ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxışında əvvəlki loqosunun ARDNŞ üçün çox isti və əziz bir loqo olduğunu və həmişə Azərbaycana uğur gətirdiyini bildirib: "Biz bu gün yeni brendə imza atırıq.  Dünya, Azərbaycan və SOCAR müsbət istiqamətə doğru dəyişir və düşünürəm ki, gələn ildə və daha sonrakı illərdə biz yeni loqomuzla böyük uğurlar əldə edəcəyik".

 

M. Məmmədov  jurnalistlərə açıqlamasında Gürcüstanın tərəfdaş bir ölkə olduğunu, gələcəkdə də bu ölkə ilə dostluq və ikitərəfli münasibətlərin daha da inkişaf etdiriləcəyini və birgə yeni-yeni layihələr həyata keçirəcəklərini bildirib.

 

Mərasimdə  Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və digər rəsmi şəxslər çıxış edərək SOCAR-ın uğurlarını yüksək qiymətləndirərək məsuliyyətli işdə ARDNŞ rəhbərliyinə uğurlar arzulayıblar. Tədbirdə səfir Azər Hüseyn yanacaqdoldurma məntəqəsinin meneceri Qara Qarayevə əldə etdiyi uğurlara görə diplom təqdim edib.

 

Tədbirdə gürcü və Azərbaycan mahnıları, rəqsləri nümayiş etdirilib.

 

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev azərbaycanlı jurnalistlərə açıqlamasında şirkətin həyata keçirdiyi işlərdən razı qaldığını bildirib: "Biz SOCAR-ın gördüyü işlərdən razıyıq. Həm Azərbaycanda, həm də xaricdə onun gördüyü işlərdə irəliləyiş var. Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi dünyada ən böyük layihədir və uğurla davam etdirilir. Sentyabrın 26-da cənab prezident İlham Əliyevin iştirakı ilə bu dəhlizin təməlqoyma tədbiri keçirilib. İndi paralel olaraq Azərbaycanda olduğu kimi, Gürcüstan və Türkiyədə də işlər gedir. Avropada da TAP layihəsinin tikintisi də normal gedir və biz inanırıq ki,  bizim daha böyük naliyyətlərimiz olacaq. Bütün dünyada SOCAR təşkilatının 100 min işçisi var. Yalnız Gürcüstanda bu təşkilatın 6 500 nəfər işçisi çalışır", deyə  R. Abdullayev vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR