Bu doğrudanmı belədir? (FOTO)

Bu doğrudanmı belədir? (FOTO)
20:16 21 Yanvar 2015
221 Sosial
Ölkə mətbuatı
A- A+

Bu ay baş vermiş "Charlie Hebdo" qətliamı kimi hay-küylü hadisələrə görə, dünya terrorçuların törətdikləri qətllərdən yaxşı xəbərdardır. Lakin Paris qətllərindən dərhal sonra bir Paris imamı BBC-yə demişdi ki, dünya boyu törədilən terror hadisələrində qurbanların 95 faizi müsəlmanlardır. Bu doğrudanmı belədir? BBC-nin "More or Less" (Az ya çox) proqramı rəqəmlərə nəzər salıb.

Bu iddia qərblilərə təəccüblü görünə bilər, çünki terror deyəndə, onlar dərhal "Charlie Hebdo"nu, 2007-ci ilin iyulunda Londonda baş vermiş abtobus partlayışlarını, Madriddə qatar partlayışlarını və əlbəttə 11 sentyabr terror aktlarını yada salırlar. Bu hücumlardan məqsəd diqqəti cəlb etmək idi və buna nail olunmuşdu. Bu hücumların nəticəsində müsəlmanların da həlak olmasına baxmayaraq, qurbanların əksəriyyəti müsəlmanlar deyildi. Elə isə 95 faiz statistikası nə dərəcədə doğrudur?



ANS PRESS-in məlumatına görə, BBC-nin “More or Less” proqramı rəqəmlərə nəzər salıb. Proqram aşkar edib ki, 95 faiz rəqəmi ABŞ hökumətinə aid sənəddən, Milli Anti-Terrorizm Mərkəzinin 2011-ci ildə dərc olunmuş hesabatından gəlir. Orada deyilir: “Terror tələfatının dini mənsubiyyətinin müəyyən olunduğu hallardan bəlli olur ki, son beş ildə terrorla bağlı ölüm hadisələrində zərər çəkmiş müsəlmanların sayı 82 faizlə 97 faiz arasında təxmin edilə bilər”. Elə isə bu statistika Paris imamının dediklərini geniş təsdiq edir. Lakin burada işlədilmiş “terror tələfatının dini mənsubiyyətinin müəyyən olunduğu hallarda” cümləsinin izahata ehtiyacı varmı? Qlobal terrorun qurbanları haqqında konkret bir rəqəm demək üçün, biz dini mənsubiyyətin əksər, yoxsa bəzi hallarda müəyyən edildiyini bilməliyik.



Merilend Universitetində bir qrup kriminalist və statistin yaratmış olduğu Qlobal Terrorizm Məlumat Bazası (The Global Terrorism Database) artıq 40 ildir ki, mövcuddur və hazırda ABŞ hökumətinin istinad etdiyi rəsmi mənbə sayılır. Bu məlumat bazası hücumların baş verdiyi yerlərdən alınmış minlərlə media xəbərlərindən tərtib edilir. Məlumat bazası terrorizmin təfsiri üçün xüsusi metodologiyaya malikdir. Bu məlumat bazasına daxil edilməsi üçün hər hansı hücum qəsdən törədilmiş, zorakı və ya təhdidedeci olmalıdır. Bu hücumları törədənlər hökumətə bağlı şəxslər ola bilməz. Əlavə əlamətlər siyasi, iqtisadi və ya dini məqsədlərin, təkcə qurbanlara deyil, daha geniş ictimaiyyətə mesaj cəhdinin olmasıdır. Qanuni müharibə kontekstindən kənarda baş verən hər hansı zorakı aktlar da bura daxildir. Lakin Merilend Universitetindəki qrup media xəbərlərinə istinad edir, bu xəbərlərdə isə çox hallarda qurbanların dini mənsubiyyəti barədə məlumat verilmir.



Lakin daha çox dinə aid deyil, çoğrafiyaya aid faydalı informasiya hər halda mövcuddur. 2004-2013-cü illər arasında olmaqla son onillikdə bütün terror hücumlarının 50 faizi və bu hücumların törətdiyi ölüm hadisələrinin 60 faizi cəmi üç ölkədə - İraq, Əfqanıstan və Pakistanda baş verib. “Bunlar əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdir və biz bilirik ki, hücumların 80-90 faizi beynəlxalq yox, yerli hədəflərə malik olub” – deyir Merilend Universitetindəki qrupun rəhbəri Erin Miller. Buna görə də tələfat mülki əhalini əks etdirir və terror hücumlarının ən qızmar nöqtələrinin əksəriyyəti müsəlmanlar olan ölkələrdə yerləşdiyindən, həm hücum edənlərin, həm də mümkün qurbanların əksəriyyəti müsəlmanlardır. Əldə olan ən son məlumatlara görə 2004-cü ildən başlayan son onillikdə Birləşmiş Krallıq 400 terrorçu hücuma məruz qalıb. Bunların əksəriyyəti Şimlai İrlandiyada baş verib və heç biri tələfatla nəticələnməyib. ABŞ 131 hücuma məruz qalıb. Bu hücumların 20-dən azında ölüm hadisəsi qeydə alınıb. Fransaya 47 dəfə hücum edilib.

Lakin İraqda bu müddətdə 12 min hücum baş verib və onlardan 8 mini ölümlə nəticələnib. Erin Millerin bu informasiyaya söykənən hesablaması göstərir ki, 95 faiz rəqəmi bir az yüksək görünə bilər, lakin təxminən həqiqətə uyğundur.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR