Həzrət Nuh haqqında

Həzrət Nuh haqqında
22:27 21 Yanvar 2015
385 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən Nuh barədə yazını təqdim edir 
Siz yəqin ki, “Nuhun tufanı”, “Nuh dövrü” ifadələrini tez-tez böyüklərdən eşitmisiniz. Elədirsə, Həzrət Nuhun kim olduğunu və başına nələr gəldiyini bilmək sizə maraqlı olar.
 
Hər peyğəmbər vəfat etdikdən sonra o biri peyğəmbər onun işini davam etdirirdi. Peyğəmbərlərin çoxusu özündən əvvəlki dini qayda-qanunları izləyir, bunlara heç nə əlavə etmirdi. Amma cəmi beş nəfər peyğəmbərə Allah əmr etmişdi ki, camaata yeni dini qanunları başa salsınlar. Bu beş nəfərin hər biri özündən əvvəlki peyğəmbərin şəri¬ətini təzələdi. Bunlara “ülul-əzm pey-ğəmbərlər” deyilir. Onlar peyğəmbərlərin böyükləri sayılır.
 
Əsil müsəlman bütün peyğəmbərləri sevməli, onların hər biri haqqında hörmətlə danışmalı, həyatlarından ibrət almalıdr. Amma ülul-əzm peyğəmbərlərin həyatını xüsusi diqqətlə öyrənməliyik.
 
Ülul-əzm peyğəmbərlərin birincisi olan Həzrət Nuh İdris peyğəmbərin nəslindən idi. O, indiki İraq ərazisində yaşayırdı. Nuhun qəbiləsi bütpərəst idi. Onlar insan və heyvan şəklində olan bütlərə sitayiş edirdilər. Həzrət Nuh uzun müddət camaatı Allaha ibadət etməyə çağırdı. Ona az adam qulaq asdı. Camaatın çox hissəsi Nuhu ələ salıb təhqir edir, məsxərəyə qoyurdu.
 
Nuh peyğəmbər öz qəbiləsinə nə qədər öyüd-nəsihət verirdisə, faydası olmurdu. Nəhayət, Allah onu xəbərdar etdi ki, kafirləri dəhşətli tufanla məhv edəcək. Allahın əmri ilə Nuh böyük bir gəmi düzəltməyə başladı. Camaat ondan soruşdu ki, nə etmək fikrindədir? Nuh onlara cavab verdi: “Allah-təala yer üzündə tufan yaradıb bütün canlıları qıracaq. Allaha inananlar xilas olaca-qlar. Məhv olmaq istəmirsinizsə, Allaha iman gətirin, bütlərdən əl çəkin!”
 
Bütpərəst insanlar Nuhun dediklərini yalan sayıb güldülər.
 
Gəmi hazır olandan sonra Allah Nuha əmr etdi ki, yer üzündəki hər heyvan cinsindən bir dişi və bir erkəyi gəmiyə yığsın. Nuh bu işi yerinə yetirdi. O, bütün heyvanlardan, quşlardan bir cüt tutub gəmidəki qəfəslərdə yerləşdirdi. Heyvanlar üçün çoxlu yem götürməyi də unutmadı. Sonra Nuh özü də tərəfdarları ilə birlikdə gəmiyə mindi. Nuhun dörd oğlu var idi. Onların üçü Allaha iman gətirmiş, biri isə kafir qalmışdı. Nuh üç oğlu və daha bir neçə nəfər mömin şəxs öz həyat yoldaşları ilə birlikdə gəmiyə qalxdı.
 
Tezliklə yer üzünü su basmağa başladı. Su həm yerdən çıxır, həm də göydən yağış şəklində yağırdı.
 
Su elə yüksəyə qalxdı ki, uca dağlar belə, görünməz oldu. Gəmidəkilərdən başqa bütün insanlar və heyvanlar suda boğulub məhv oldular. Hətta Nuhun dördüncü oğlu da boğulub öldü.
 
Altı aydan sonra tufan qurtardı və su çəkilməyə başladı. Nuhun gəmisi uca bir dağın başında oturdu. Bir müddətdən sonra su tufandan əvvəlki səviyyəyə qayıtdı. Nuh və tərəfdarları gəmidən endilər, qəfəsləri açıb heyvanları buraxdılar. Heyvanlar yer üzünə yayılıb, özləri üçün əlverişli yerlərdə yuva saldılar.
 
Beləliklə, tufandan sonra həyat yenidən canlandı. Hər dişi və erkək heyvandan balalar törəyib çoxaldı. İnsanlar da Nuhun üç oğlunun nəslindən artıb-törədilər. Buna görə də Adəmdən sonra insan¬ların ikinci ulu əcdadı Nuh peyğəmbər sayılır.
 
Həzrət Nuh peyğəmbərlər arasında ən çox yaşayanlardan olub. Quranda deyilir ki, o, 950 il ömür sürmüşdür.
 
Əziz uşaqlar!
 
Nuh peyğəmbərin yorulmazlığı və mətinliyi bizim üçün nümunədir. O, uzun illər boyu peyğəmbərlik etdi. Üç oğlundan və bir ovuc adamdan başqa heç kəs ona qoşulmadı. Həzrət Nuhu incitdilər, ələ saldılar, amma iradəsini sarsıda bilmədilər. O, ömrünün sonunadək öz yolundan əl çəkmədi, Allaha imanlı qaldı.
 
Biz də çətinliklərdən qorxmamalı, Həzrət Nuh kimi mətin olmalıyıq. Allaha inam bizə qüvvət və dözüm verməlidir. Vətənimizin çiçəklənməsi, xalqımızın xoşbəxtliyi, dinimizin yaşaması yolunda qarşımıza çətinliklər çıxa bilər. Biz bu yoldan dönməməli, mübarizə aparmalıyıq.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR