AMEA-da Fransanın Montpelier Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

AMEA-da Fransanın Montpelier Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
22:52 21 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 22:44 ]

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Fransanın Montpelier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Fransua Hennin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən xəbərə görə, tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov da iştirak edib. Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyada həyata keçirilən təhsil proqramlarından, o cümlədən Erasmus proqramının icraçıları ilə görüşün əhəmiyyət söz açıb. 2015-ci ildə ilk dəfə olaraq AMEA-da magistraturaya qəbulun elan olunacağını bildirən akademik bu yolla elmlə təhsilin inteqrasiyasını təmin etmək niyyətində olduqlarını diqqətə çatdırıb.

 

Sonra qonaq Fransua Henn çıxış edərək təmsil etdiyi universitetin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, “Erasmus+” Avropada prioritet layihələrdəndir. Onun sözlərinə görə, Azərbaycan və Fransa prezidentləri də görüş zamanı bu kimi layihələrin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin qurulması baxımından önəmliyini irəli sürüb. F.Henn həm elm, həm də təhsil sahəsində böyük təcrübəyə malik universitetin Fransanın nüfuzlu ali məktəblərindən olduğunu, burada müxtəlif elm sahələrinə dair intensiv tədqiqatların aparıldığını qeyd edib.

 

Görüşdə P.Bağırov Avropa İttifaqının “TEMPUS” və “Erasmus Mundus” proqramlarının 2014-2020-ci illər üçün “Erasmus+” ilə əvəz edildiyini bildirib. Bu proqram çərçivəsində ali təhsil sahəsində birgə magistratura proqramları, kredit mobilliyi, Jan Mone Proqramı, bilik alyansları və strateji tərəfdaşlıq kimi imkanlardan istifadənin mümkün olacağını diqqətə çatdırıb. Ofis rəhbəri “Erasmus+” proqramının Azərbaycan üçün prioritet sahələri, kurikulum quruculuğu, təhsil və tədrisin keyfiyyətinin artırılması, ali təhsil müəssisələrinin idarəedilməsi və fəaliyyətinin təkmilləşdirilməsi zərurətini vurğulayıb. Onun sözlərinə görə, “Erasmus+” proqramı əməkdaşlıq üçün xeyli imkanlar təklif edir ki, bunlar da Avropa standartları çərçivəsində təhsil sahəsində təcrübə mübadiləsi, təhsil sistemlərinin təkmilləşdirilməsi, peşəkarlıq treninqləri, xaricdə təhsil və digər mühüm islahatları əhatə edir.

 

Görüşdə, həmçinin ali təhsil sahəsində birgə əməkdaşlıq və “Erasmus+”un əsas məqsədləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR