Bakı Berlin divarını aşdı

Bakı Berlin divarını aşdı
23:03 21 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xəbərlər xidməti
Məftun Salmanov - Trend:


Avropa İttifaqında (Aİ) söz sahibi olan iki dövlətdən biri Almaniya Azərbaycanın yanındadır. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Angela Merkel ilə keçirdiyi görüşün qısa xülasəsini belə xarakterizə etmək olar.

Görüşdən əvvəl tərəflər arasında soyuq münasibətlərin olması barədə fikirlər mövcud idi. Lakin iki liderin çıxışı onu göstərdi ki, Berlin-Bakı əməkdaşlığı artıq yeni mərhələyə qədəm qoyub. Tərəflər ikitərəfli, eləcə də Azərbaycan-Avropa əlaqələrinin inkişafı naminə problemləri aşa biliblər.

Berlin Azərbaycanın təkcə Avropanın deyil, həm də Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynadığını başa düşür və bunu açıq şəkildə bildirir. Buna görədir ki, Merkelin də dediyi kimi, Almaniya "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləyir.

Bu layihə Avropanın karbohidrogen tədarükləri mənbəyini şaxələndirəcək, Bakının isə yeni bazarlara çıxmasına imkan yaradacaq. Berlin Azərbaycandakı infrastruktur layihələrində iştiraka da maraq göstərir. Bir sözlə, Almaniya Azərbaycanı Avropanın bir parçası kimi görür və bu çərçivədə ölkənin Aİ ilə əməkdaşlığında maraqlıdır.

Azərbaycan Avropada özünü etibarlı tərəfdaş kimi artıq tanıdıb. Avropa Şurasında və iqtisadi layihələrdə üzərinə düşən bütün öhdəlikləri vaxtında yerinə yetirir. Bunu Prezident İlham Əliyev Berlində bir daha bəyan etdi. Məhz bu səbəbdən Almaniya başda olmaqla Avropanın qabaqcıl ölkələri Bakı ilə münasibətləri inkişaf etdirməyə can atır.

Lakin təəssüf ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropadan heç də hər zaman istədiyini ala bilmir. Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa yetərsiz fəaliyyət göstərir. Merkel kimi bir çox Avropa liderləri problemin yalnız sülh yolu ilə həll olunduğunu deməklə kifayətlənirlər.

Digər tərəfdən, Almaniya da daxil olmaqla Avropanın bır sıra ölkələrindəki bəzi qüvvələr vaxtaşırı Azərbaycana qarşı qarayaxma kampaniyası keçirirlər. Buna bəzən hökumət dairələri tərəfindən də dəstək verilir.

Azərbaycan bu qarayaxmalara və haqsızlıqlara rəğmən, əməkdaşlıqda sadiqliyini qoruyur və Avropadan da eyni münasibət gözləyir. Azərbaycanın apardığı siyasət gec-tez Avropanı Bakı ilə bərabərhüquqlu əlaqələr qurmağa vadar edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2355778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR