Qadınlar öz həyatını yazır: "sən atdın", "ayrıldım", "öldüm"...

Qadınlar öz həyatını yazır: "sən atdın", "ayrıldım", "öldüm"...
00:37 22 Yanvar 2015
290 Sosial
Ölkə mətbuatı
A- A+

Mahnılarımızın məna yükü varmı?
Söz zərgərləri mahnını yazılı ədəbiyyatın hekayə janrı ilə müqayisə edirlər. Onların fikrincə, hər ikisi yığcam, bütöv və populyardır. Hekayədə konkret bir əhvalat qısa şəkildə nəql edildiyi kimi, mahnı da üç-beş dəqiqə ərzində dinləyicilərə bir hekayəti çatdırmalıdır. Bu mənada, yük daha çox sözün üzərinə düşür. Bir şərtlə ki, sözlə musiqinin uyğunluğu olsun, mahnının mətni düzgün seçilsin, forma və məzmun bir-birini tamamlasın.

Bəs bu gün dinlənilən mahnılarda sözə nə dərəcədə önəm verilir, onun məna yükü nəzərə alınırmı?

Biz hələ Üzeyir Mehdizadənin “Ay mənim dəli balam”, Samir İlqarlı “Heç mənə lazım da deyil” və bu kimi digər “mahnılar”dan danışmırıq. Əsasən, avtobus və taksilərdən, dayanacaqlardan eşidilən bu “mahnı”ların müəllifləri də, dinləyiciləri də bizə yaxşı məlumdur. Ancaq məsələ burasındadır ki, xalq artistlərinin, əməkdar artistlərin, ümumiyyətlə, peşəkar hesab edilən müğənnilərin ifasında səslənən mahnılar çox vaxt nəinki bizə hekayə danışır, ümumiyyətlə, heç bir məna ifadə etmir.

Peşəkarların fikrincə, şeirin gözəl olması hələ onun mahnı mətni ola biləcəyi demək deyil. Hər hansı bir mətnin musiqi üçün uyğun olub-olmamasını anlamaq üçün bəstəkarın poeziyadan anlayışı, ədəbi duyumu olmalıdır. Sözlərin vurğusu və notların üst-üstə düşməsini isə bəstəkarın musiqi savadı həll edir.

Şair Baba Vəziroğlu deyir ki, bəstəkar, ilk növbədə, mahnı mətnində nədən bəhs edildiyini qavramalıdır. Bunun üçün Azərbaycan dilinin hər incəliyinə bələd olmaq lazımdır: “Mətn musiqiyə elə pərçimlənməlidir ki, onları ayırmaq olmasın. Sözü musiqidən ayıranda heç nə dəyişmirsə, deməli, o sözlər o mahnılıq deyil. Belə məqamlar musiqiçidən ustalıq tələb edir.

Bir də musiqinin mövzusu ilə şeirin mövzusu uyğun olmalıdır. Vurğular yerinə düşməli, ahəng yerində olmalı, saitlərin uzadılması, samitlərin düzgün səslənməsi qaydası pozulmamalıdır. Mətni və musiqini yazanların üzərinə böyük yük düşdüyü qədər, ifaçı da mühüm rola sahibdir. O, ifa zamanı intonasiya və vurğuya xüsusi fikir verməlidir”.

Şairin fikrincə, şeir yaxşı deyilsə, ona yaxşı musiqi də bəstələnə bilməz: “Mahnı üçlüyün - şair, bəstəkar və ifaçının birgə yaradıcılığıdır. Bu yaradıcılıqda biri axsasa, yaxşı mahnı alına bilməz. Yaxşı musiqi bəsit şeirə yazılırsa, günah bəstəkardadır. Belə ki, bəstəkarın musiqiyə uyğun şeir tapması üçün poetik zövqü olmur. Mahnını kimin daha yaxşı ifa etməsi də zövq məsələsidir və bəstəkar bu yerdə münəccimlik etməlidir. O musiqiyə yaxşı şairi və yaxşı müğənnini cəlb edən insan yenə də bəstəkardır”.

Səslənən fikirlərdən belə çıxır ki, mahnı yaradıcılığında ən böyük məsuliyyəti bəstəkar daşıyır. Bəs bəstəkarlar özləri bu barədə nə deyirlər?

Gövhər Həsənzadə
mahnı mətnində məntiqə xüsusi fikir verir. Şeirin sözlərinin təsirli və aktual olub-olmaması onun üçün önəm kəsb edir: “Sözlərdə təbiiliyə üstünlük verirəm. Şablon, mənasız qafiyələri sevmirəm. Şeirdə bir obraz yaşamalı, bir obraz hiss olunmalıdır. Müğənni Xatirə İslamın ifasında səslənən, sözləri və musiqisi mənə aid olan “Deyirlər ki” mahnısı ballada tiplidir, orda ssenari var və daha çox hekayəyə bənzəyir.

Mahnının sözləri nə qədər gözəl olsa da, musiqi ilə ahəng təşkil etmirsə, öz təsirini itirəcək. Çünki musiqi öndədir, sözlər musiqiyə uyğun yazılmalı və tələffüz edilməlidir”.

Gövhər Həsənzadə hansı şeirlərə musiqi bəstələmir?

O, pafoslu şeirlərə qətiyyən mahnı yazmadığını deyir: “Hissləri oxşamayan şeir şeir deyil. Şeirin bir mənası, musiqililiyi olmalı, ruhu oxşamalıdır. Musiqi qədər poetik olmalıdır. O şeir ki, musiqi tələb etmir, musiqiyə yatmır, ona mahnı yazmaq olmaz”.

Bəstəkarın sözlərinə görə, hər hansı bir motiv mahnı yazmaq üçün ona kifayət edir: “Bir cümlə bəsdir ki, onun ətrafında mahnı qurum. Həmin cümlə o fikri, o obrazı mahnı boyu yaşatmağıma kömək edir. Əslində, mahnının xarakteri elə bir cümləylə bəlli olur. Həmin cümləni də, əsasən, nəqarətdə istifadə edirlər ki, dəfələrlə təkrar olunsun. Yəni mahnının mənası məhz nəqarətin üstündə qurulur”.

Maraqlıdır, bu prosesdə mahnının ifaçısının rolu nə qədərdir? Müğənninin obrazının mahnıya uyğunluğu nəzərə alınırmı?

Gövhər Həsənzadə mahnının əsas cavabdehinin bəstəkar olduğunu düşünür: “Müğənniylə hər hansı mahnı üzərində işləyəndə hər şeyi özüm düşünür, hazırlayır və müğənniyə təqdim edirəm. Bəlkə də, bəstəkarlar mahnının ancaq musiqisinə cavabdeh olduqlarını düşünürlər və digər məqamlar onları o qədər də maraqlandırmır. Fikirləşirlər ki, musiqi mənimdir, sözlər yox. Ancaq əslində, mahnının hər məqamına görə məsuliyyət daşıyırıq. Gərək bəstəkar yazdığı mahnının bayağı və ya mənasız sözlərinin olmasına icazə verməsin. Ən önəmlisi, müğənni özü məsələyə zövq və dərrakə ilə yanaşmalıdır ki, mənasız sözlərə yazılmış mahnını ifa etməsin.

Peşəkar ifaçılar öz obrazlarına uyğun mahnı oxuyurlar. Məsələn, xalq artisti Mübariz Tağıyevlə iş birliyində o, həmişə musiqidən çox mətnə fikir verir, sözlərə çox peşəkarcasına yanaşır. Yaşlı və peşəkar nəslin mahnılarının heç birində bayağı, mənasız söz yoxdur. Çünki onlar peşəkar ifaçılıq məktəbi keçiblər. Peşəkar müğənni hər şeyi klassik formada, savadlı şəkildə həyata keçirməlidir. Ara sözlərə yazılan, loru dildə, ləhcəylə mahnı ifa etmək tamaşa və ya filmdə ola bilər”.

Xalq artisti Eldar Mansurovun fikrincə, bəstəkar sözdən necə istifadə etməli olduğunu bilməlidir: “Bəstəkar sözü hiss etmirsə, obrazı aça bilməz. Hər hansı mətnə mahnı yazanda mənim üçün vacib olan sözlərin mənə yaxın olub-olmamasıdır. Ancaq duya, hiss edə bildiyim sözlərə musiqi bəstələyə bilərəm. Bəzən mahnı yazmaq üçün elə şeir təklif edirlər ki, ya poeziya baxımdan zəif olur, ya da mənim ruhuma yaxın olmur.

Şeirlərinə mahnı yazmağım üçün ən çox müraciət edən qadınlardır. Yazdıqlarına baxanda görürsən ki, öz həyatını yazıb - “yıxıldım”, “öldüm”, “ayrıldım”, “sən atdın”, “mən getdim”... Belə mətnlərə mahnı yaza bilmərəm. Əgər bir mahnı məni tutmursa, mənə təsir etmirsə, dinləyiciyə necə təsir edəcək? Təsiri yoxdursa, o mahnını yazmağa dəyməz”.

Ancaq bəstəkarın sözlərindən narazı olduğu mahnıları da var: “Hərdən tanış adamlar xahiş edirlər, bəyənməsən də, onların şeirlərinə mahnı yazmalı olursan. Vaxt var idi, şeiri şairlər yazırdı, indi hamı yazır”.

Söz və musiqi yazarları bayağı mahnıların yayılmasında müğənniləri günahlandırırlar. Onların sözlərinə görə, ifaçılar özləri belə mahnılar sifariş verirlər. Bunun səbəbi isə müğənnilərin toy şənliklərində iştirakı və həmin mahnılara ehtiyac duyulmasıdır.

Sevinc Fədai
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR