Ukraynada nə baş verir? (VİDEO, FOTO)

Ukraynada nə baş verir? (VİDEO, FOTO)
08:06 22 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Con Kerri Rusiya yönlü separatçıları aşıq-aşkar torpaq qəsbkarlığında ittham edib.

ANS PRESS-in məlumatına görə, Kerri deyib ki, döyüşlərin qızışması həyəcanlandırıcı vəziyyətdən xəbər verir.

Dövlət katibinin sözlərinə görə, ABŞ xüsusilə də separatçıların öz nəzarətlərində olan əraziləri genişləndirməsi cəhdlərindən narahatdır. Con Kerri separatçıların xüsusilə də mühüm dəmir yolu qovşağını ələ keçirmək cəhdlərinin ciddi narahatlıq doğurduğunu deyib. Dövlət katibi vurğulayıb ki, separatçılar artıq indinin özündə nəzarətlərində olan əraziləri genişləndirirlər.

“Bu açıq-aşkar torpaq qəsbkarlığıdır və onların imzaladıqları Minsk atəşkəs razılaşması ilə ziddiyyət təşkil edir”- deyə Kerri bildirib.



Bu arada Ukrayna, Rusiya, Fransa və Almaniya xarici işlər nazirləri Berlində keçirilən gizli danışıqların ardınca döyüş əməliyyatlarının dayandırılmasına çağıran birgə bəyanat veriblər.

Görüşdən sonra çıxış edən Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib ki, danışıqlar dalandan çıxmasa da, nəzərə çarpacaq tərəqqi əldə olunub.

O deyib ki, ağır silahları ötən il əldə olunmuş Minsk razılaşmasına əsasən müəyyən edilmiş demarkasiya xəttindən 15 kilometrlik məsafəyə çəkmək baradə razılıq əldə olunub.

Bu arada ABŞ-ın BMT-dəki səfirti Samanta Pover Rusiyanı Ukraynadakı vəziyyəti gərginləşdirməkdə ittiham edib. O deyib ki, Putinin yeni sülh planı hərbi işğala cəhddən başqa bir şey deyil.

“Bu plan separatçıların sentyabr ayında ələ keçirdikləri ərazilərin zəbtini və Rusiya hərbçilərinin və silahlarının Ukrayna ərazisində olmasını legitimləşdirməyə çalışır” – deyə ABŞ səfiri BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Gəlin Putinin sülh planı üzərindən pərdəni qaldıraq və bunu öz adı ilə adlandıraq: Rusiyanın işğal planı!”.

Çərşənbə günü Davosda çıxış edən prezident Petro Poroşenko bəyan edib ki, hazırda Ukrayna ərazisində Rusiya ordusunun 9 min əsgəri var.

“Əgər bu təcavüz deyilsə, onda nədir?” – deyə Ukrayna prezidenti sual edib.

“Həll yolu çox sadədir. Silahla təchizatı dayandırın, qoşunlarınızı çəkin və sərhədi bağlayın. Çox sadə sülh planıdır bu. Lakin əgər siz başqa bir şeyi müzakirə etmək istəyirsinizsə, bu o deməkdir ki, siz sülh yox, müharibə istəyirsiniz”- deyə Poroşenko sərt çıxış edib.



NATO-nun baş katibi Cens Stoltenberq də Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.

Brüsseldə jurnalistlər qarşısında çıxış edən NATO baş katibi deyib ki, alyans artıq bir neçə aydır ki, Rusiya qoşunlarının Ukrayna ərazisindəki hərəkətlərini izləyir.

Stoltenberq bildirib ki, son vaxtlar Ukraynadakı Rusiya qoşunlarının sayı xeyli artıb.

NATO ekspertləri Ukraynanın şərqinə Rusiyadan çox sayda tank, artilleriya qurğuları və başqa zirehli texnika gətirildiyini bildirirlər.

Bununla belə, Cens Stoltenberg Ukraynada 9 min Rusiya əsgərinin olmasına dair prezident Poroshenkonun bəyanatını şərh etməkdən boyun qaçırıb.



Rusiyanın BMT-dəki səfiri isə Ukrayna tərəfinin 9 min əsgər barədə yaydığı məlumatı “hərbi isteriya” adlandırıb.



Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Minsk sazişinə görə Donetsk hava limanı separartçıların nəzarətində olmalıdır. Buna cavab olraq isə Ukraynanın Müdafyiə Nazirliyi bildirib ki, Ukrayna ərazisinin hansı hissəsinin kimin nəzarətində olması məsələsini Lavrov həll etmir.

Poroşenko Ukraynanın şərqində yaranmış vəziyyətlə əlaqədar Davos səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdıb.

Ukraynadan alınan başqa xəbərlərdə deyilir ki, baş nazir Arseniy Yatsenyuk ölkə ordusunun 250 min əsgərə çatdırılması barədə qanun layihəsinin parlamentə təqdim olunduğunu bildirib Hökumətin rəqəmlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrindəki hərbçilərin daha 68 min nəfər artması deməkdir.

Qeyd edək ki, Rusiya Ukrayna ərazisində ona aid qoşunların olmasını inkar edir. Moskva separatçıların tərəfində yalnız Rusiyadan olan “könüllülər”in döyüşdüyünü etiraf edir. Lakin bu könüllülərin son 3 gündə nizami ordunun 500 əsgərini necə öldürdüyü, 1500 əsgərini yaraladığı, Donetsk aeraportunun böyük hissəsini necə ələ keçirdiyi sual altındadır.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR