Həsir deyib keçmə: min çeşnisi, saysız sirri var onun - FOTO

Həsir deyib keçmə: min çeşnisi, saysız sirri var onun - FOTO
09:22 22 Yanvar 2015
768 Sosial
Ölkə mətbuatı
A- A+

Həsir dünyanın müxtəlif ölkələrində, fərqli xalqlarında populyar nəsnələrdən, xalq sənəti növlərindən biridir.
 
Yaponiyada həsirçilik sənət növləri arasında kulta döndərilmiş məqamla yanaşı, az qala hər yaponun evində olmasına çalışdığı nəsnədir.
Çində, Malayziyada, Hindistandan tutmuş Mərakeşə və Tunisə, İspaniyadan tutmuş Afrikanın cənubunadək bir çox ölkələrdə həsir məişətin bir parçasıdır. Bəzi xalqların gündəlik yaşamında isə həsir məmulatlar ən zəruri əşyalar arasında yer alır.


 
Hz.Məhəmməd peyğəmbərin (s.ə.s.) yaşadığı sadə evin döşəməsində, İspaniya kralı 5-ci Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında həsir vardı. Yaponiyada samurayların evləri, söqunların sarayları ilə yanaşı, yoxsulların daxmalarında həsirin olmaması mümkün deyildi.
İndi Avropanın ən bahalı villalarında, ekoloji dizayn əsasında hazırlanmış layihələr əsasında tikilən malikanələrdə döşəmələrə həsir döşənir. Çünki həsirdə onu toxuyanın barmaqlarının həniri, arzusunun naxışları, bacarığının izləri var və həsir sanki canlıdır, "nəfəs" alır.
 
Azərbaycanda da həsir minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növüdür.
 
Qədimlərdən indiyədək...
 
Toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası vardı. Müxtəlif bitki liflərindən toxunma məmulatların hazırlanmasının bütün texnoloji prosesləri tədqiqatçılar tərəfindən ətraflı öyrənilib.

Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkarlanıb. Onlar bitki liflərindən hazırlanmış məmulatlar olmaqla yanaşı, dünyaca məşhur xalçaçılıq sənətimizin "əcdadı" da sayıla bilər.
 
Həsir toxumanın incə sirləri
 
Hörmə texnikasının təkmilləşməsi, xüsusilə burub-eşmə vərdişlərinin yaranması əyiriciliyin meydana gəlməsinə zəmin hazırladı.
Suçcar sahələrdə yetişən lifli bitkilər (lığ, ziyəlığ, cil) elastik ağac çubuqları və siyrımı, dənli bitkilərin küləşi hörmə işinin qədim xammal növü olmaq etibarilə yaxın keçmişədək əhəmiyyətini itirməmişdi. Lığ və ziyəlığdan burub dolama üsulu ilə ciyə hazırlanması Lənkəran zonasında indi də qalmaqdadır. Həsir toxuculuğunda əriş üçün işlənən lığeşmə, ev məişətində geniş yayılmış ciyəbənd, zənbil, kövsərə, süfrə və s. üçün yastı ciyə məhz bu üsulla hazırlanırdı. Çubuqdan hörulən səbət, tərəcə salğar, çilovsüzən və s. özünün təsərrüfat və məişət əhəmiyyətini əsrlər boyu saxlayıb.


 
Eşmə və burma yolu ilə lifli bitkilərdən tələb olunan ölçüdə ciyə hazırlamaqla bağlama, hörmə, tikmə və toxuma üçün zəruri texniki keyfiyyətlərə malik istehsal materialı əldə edilirdi.
 
Eşmə ciyənin icad olunması texniki cəhətdən əriş düzümünə malik bəsit toxuma əməliyyatına keçməyə imkan verib. Bu isə öz növbəsində toxuma prosesi üçün zəruri əmək alətlərinin, xüsusilə də sadə toxuma dəzgahlarının yaradılmasını labüd etmişdi.
Həsir dəzgahlarının zəmanəmizədək şaquli və üfqi olmaqla iki əsas tipi gəlib çatıb.
 
Saya həsir toxuculuğunda tətbiq olunan şaquli dəzgah – “dasko" 3,5-4 metr uzunluğunda bir cüt qoldan, onları birləşdirən və 1,5 uzunluqda alt və üst oxdan, "si" adlanan döyəc taxtasından ibarət bəsit quruluşa malik idi. Oxların sabit qalması üçün dəzgah qollarının üzərində kərtmə üsulu ilə yarıqlar açılırdı.
Sabit dayanan alt oxdan fərqli olaraq üst oxun mövqeyini dəyişdirməklə qolların yuxarı başında biri digərindən 20-25 sm aralı olmaqla 5 kərt yarığı açılırdı. Həsirin ölçüsünə müvafiq olaraq hər dəfə üst oxun yeri həmin kərtlər üzrə dəyişdirilirdi.


 
Dəzgahın yeganə mütəhərrik hissəsi olan döyəc taxtası ("si") ciyə vasitəsilə üst oxun ucundan asılırdı. Əriş telləri dəzgahın oxları üzərinə düzülən zaman onların qabaq tayları həmçinin döyəc taxtasının deşiklərindən keçirilirdi. Əriş taylarının çarpazları arasına salınmış pizə və ya daladan ibarət arğac keçirmələri məhz döyəc taxtasının köməyi ilə bir-birinə sıxışdırılırdı.
 
Saya həsirdən fərqli olaraq, güllü həsir yer hanasını xatırladan üfqi dəzgahda toxunurdu.
Üfqi həsir dəzgahı 4 ədəd mıxçadan, onları baş kərtinə köndələn bağlanmış bir cüt dolağacdan və "paral" adlanan zərbə alətindən ibarət bəsit quruluşa malik idi. Güllü həsirin çoxsaylı əriş düzümünə müvafiq olaraq paralın üzərində 45-ə qədər deşik olurdu.
 
Güllü həsir mürəkəb toxunma texnikası əsasında, pizənin zərif növü olan "xuqə-pihə"dən toxunurdu. Onun əriş tayları dolağac üzərinə düzülərkən eyni zamanda paral deşiklərinin hər birindən keçirilirdi. Pizə gah sağdan, gah da soldan olmaqla müəyyən qaydada əriş taylarının arasından keçirildikcə paral vasitəsilə döyəclənib bərkidilirdi.
 
Adətən, güllü həsirin ayaq və baş hissəsi kətansayağı sadə toxuma texnikası ilə, yan haşiyəsi isə "nəfsə" adlanan kənar ərişlər üzrə "döndərmə" üsulu ilə toxunurdu.
 
Gül, bir qayda olaraq, ərişin alt və üst tayları üzrə pizə dəstəsinin çarpaz mövqeyini müəyyən qaydada dəyişdirmə üsulu ilə salınırdı. Bunun üçün naxış növünün tələbinə uyğun olaraq pizə dəstəsi əriş taylarının gah birindən, gah ikisindən, gah da üçündən keçirilirdi. Beləliklə, toxumanı əmələ gətirən çarpazların məsafəsi dəyişdikcə müvafiq bəzək ünsürü lazımi görkəm alırdı. Növbəti pizə dəstəsi əks tərəfdən əriş taylarının arasından keçirilərkən naxışın tələbinə uyğun olaraq yenə də alt və üst tayların sayı və beləliklə də, çarpazların yeri dəyişdirilirdi. Hər dəfə pizə çarpazlarının adda-budda vəziyyətini dəyişdirməklə həsir üzərində müxtəlif həndəsi görkəmə malik naxışlar əmələ gətirilirdi. Eyni naxış ünsürü bütün həsir boyu ardıcıl surətdə təkrarlanmaqla həsirin bu və digər çeşnisi əldə olunurdu.
 
Çeşnilər, növlər, naxışlar
 
Astara-Lənkəran zonasında vaxtilə həsirin hərəmi (baş hərəmi, qoşa hərəmi), nəlbəki gülü, zərəni gülü, doğanaq (əyri doğanaq, girdə doğanaq), şanagül, girdəgül, nevincanə, cınağı, məcmeyi, teşti, dəvəboynu, pişkəçanq, kitbəsəgit (saya), kəşli, ənzəli, ağnaxış və s. olmaqla müxtəlif çeşniləri dəbdə olmuşdu.
 
Çətən, salqar, buriya...
 
Azərbaycanda artıq qədim dövrlərdə həsirlər toxunurdu və bunun üçün ən sadə üfqi, habelə şaquli dəzgahlar quraşdırılırdı.
Həsirlərin ən sadə növü "çətən"dir. Onu eyni uzunluqda qamışlardan hər hansı bir qamış, əriş rolunu oynayan bir cüt iplə üç yerdən (uclardan və ortadan) birləşdirmə metodu ilə hazırlayırdılar.
 
Azərbaycanın düzən rayonlarında yayılmış "salqar" adlı həsirlərin hazırlanma texnikası da çətənin toxunma texnikasına yaxın idi. "Salqar"ı və "çətən"i dəzgah, yaxud hər hansı anoloji tərtibat olmadan yerdə hörürdülər.


 
"Həsir" adlanan adi universal həsir növü daha geniş yayılmışdı. Çətənlə müqayisədə daha mürəkkəb olan bu həsir növü dəzgahlarda hazırlanırdı.
Naxışlı həsirlər hörərkən hər iki başda gələcək xalça haşiyələrinin prototipi olan naxışsız haşiyə saxlayırdılar. Həsirlərin ornamentasiyası ərişin müəyyən sayda alt və üst iplərin arasından naxışyaradan qamış çubuğunun keçirilməsi prinsipinə əsaslanırdı. İplərin bir cür variantlarda əvəzlənməsi ilə istənilən naxış-çeşni alınırdı. Gələcək xalça ornamentləri və kompozisiyaları əsrlər ərzində bu cür formalaşırdı.
 
Həsirlərin maraqlı növlərindən biri də "buriya"dır. Bu qalın həsirlərdən döşənək kimi istifadə edilir və bu günədək Azərbaycanın bir sıra regionlarının əhalisinin məişətində təsadüf olunur.
Tədqiqatçılar buriyanın iki növünü - sadə və mürəkkəb buriyaları fərqləndirirlər. Sadə buriyaların naxışları eyni şaquli zolaqlardan, mürəkkəb buriyaların naxışları isə fiqurlardan ibarət olur. Buriyanı sadə şaquli dəzgahda hazırlayırlar.
 
Azərbaycanda həsirlərin əsas istehsal mərkəzləri Astara-Lənkəran zonası və Kür, Araz çaylarının qovuşuq rayonlarıdır.
 
Astaranın Kakalosu
 
Astara rayonundakı Kakalos kəndi həsirləri ilə məşhurdur. Məhsulu əldə etmək üçün yaz-yay aylarında qamışlıqlara yollanan kəndlilər "pizə" adlanan xüsusi xammalı toplayırlar.
 
Həsiri də qurudulmuş pizə çubuğundan şaquli və ya üfqi dəzgahda toxuyurlar.
Bir həsir naxışından, çeşnisindən, uzunluq və enindən asılı olaraq 3-5 günə ərsəyə gətirilir. Kakaloslular həsir toxuyarkən həndəsi fiqurlardan daha çox istifadə edirlər.
 
Kakalosun tanınmış həsir ustalarından olan Fərbiyə Sultanova deyir: "Yaşadığımız bölgənin iqlimi rütubətlidir. Həsir isə binayi-qədimdən bəri rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri olub. Həsiri döşəməyə sərilən evdə rütubət olmaz. Üstəlik, dədə-babalarımız həsirdən sərinkeş, soyuducu kimi, çəltik qurutmaq üçün də istifadə ediblər".
 
Mütəxəssislərin dediklərinə görə, qədimlərdə məhsulu saxlamaq üçün həsir "biyo"lar toxunardı. 1 ton məhsul saxlaya bilən biyonun üstünü örtərək suvaq çəkərdilər və bu minvalla, məhsul uzun müddət saxlanardı.
Hazırda Astara bazarında həsirlər çeşnisindən, ölçüsündən asılı olaraq 10-20 manat arasında satılır.
 
... Həsir Azərbaycanın qədim xalq sənəti növlərindən biri, milli tariximizin və mədəniyyətimizin bir parçasıdır. Həsir hələ də bölgələrdə məişət atributu olmaqla yanaşı, mədəni irsimizin nümunələri arasında yer alır.

Fəxriyyə Yusubova
Azərbaycan Dövlət Xalça Muzeyinin əməkdaşı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR