Tokioda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Tokioda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
09:28 22 Yanvar 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+


Tokio, 22 yanvar, AzərTAc 
Azərbaycanın Yaponiyadakı səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi təşkil edib.
Tədbirdə Yaponiya ictimai-siyasi dairələrinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan həmvətənlərimiz, media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olublar. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Gürsel İsmayılzadə qanlı faciə haqqında məlumat verib, 20 Yanvarın Azərbaycanda hər il ümumxalq hüzn günü kimi qeyd edildiyini bildirib. O, 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi bu qəddar aksiya barədə söhbət açıb, öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırıb. G.İsmayılzadə 20 Yanvar qətliamının Azərbaycan tarixinin həm də qəhrəmanlıq səhifəsi olduğunu, xalqımızın azadlıq uğrunda mübarizə əzminin və yenilməz iradəsinin rəmzinə çevrildiyini qeyd edib.
Diplomat 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayıb. Səfir ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini diqqətə çatdırıb.
G.İsmayılzadə Azərbaycanda törədilən dəhşətli qırğından 25 il keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını, həmin faciənin ağrısı ilə yaşadığını bildirib. Azərbaycanda azadlıq hərəkatının qarşısını almaq məqsədilə sovet ordusunun xüsusi bölmələrinin Bakıya yeridildiyi, avtomat silahlar və zirehli texnikadan istifadə edilməklə 147 nəfərin qətlə yetirildiyi, 700-dən artıq insanın yaralandığı diqqətə çatdırılıb. Bakıda 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanının hər il yüz minlərlə insan tərəfindən ziyarət olunduğu barədə məlumat verilib.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış, faciədən bəhs edən “Dua” filmi nümayiş etdirilib. Tədbir iştirakçılarına 20 Yanvar qətliamı ilə bağlı məqalənin yer aldığı “İRS” jurnalının yapon dilindəki nəşri, digər çap materialları təqdim edilib.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tokioda_20_Yanvar_sehidlerinin_xatiresi_yad_edilib-826566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR