Azərbaycanda biotexnologiya sahəsində yenilik edilib

Azərbaycanda biotexnologiya sahəsində yenilik edilib
09:36 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ilk dəfə olaraq, bitki sistemləri də daxil olmaqla, bütün eukariot tip ekspressiya sistemlərində şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiya işlənilib hazırlanıb.

Bu texnologiya çox mühüm və çətin ekspressiya olunan mürəkkəb zülalların, vaksin antigenlərin və terapevtik zülalların yüksək fəal şəkildə sintezinə imkan yaradıb. Yeni texnologiyaya dair nəticələr bir neçə beynəlxalq konfransda plenar məruzə kimi təqdim olunub və yüksək impakt-faktorlu jurnallarda çap edilib.
 
Bu barədə AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin sabiq əməkdaşı, Türkiyənin Ağdəniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov məlumat verib. Onun sözlərinə görə, DNT əsaslı texnologiyalar (DNA-based technologies) vasitəsilə istehsal olunan zülal təbiətli dərmanların, o cümlədən, rekombinant anticisimlərin, vaksinlərin, immun modulyatorların növbəti iki ildə 100 milyard dolları ötəcəyi gözlənilir:
 
“Bitki əsaslı transient ekspressiya sistemlərindən istifadə etməklə, insan və heyvanlar üçün lazımi dərman preparatlarını istehsal etməklə, ölkə daxilində əczaçılığın inkişafını təmin etmək olacaq ki, bu da öz növbəsində Azərbaycana bu məhsulların digər ölkələrdən idxalının azalmasına imkan verəcək”.
 
 
AMEA-dan bildirilib ki, Rəyasət Heyətinin qərarına əsasən, AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutuna məruzədə qeyd olunan tədqiqatları genişləndirmək məqsədilə institutun elmi strukturunda müvafiq laboratoriyanın yaradılması və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması həvalə edilib.
 
 
 
Həqiqət İSABALAYEVA

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR