“Nəzarətçilərin elektron qeydiyyatı”nda yer alan müəllimlərə treninqlər keçiriləcək

“Nəzarətçilərin elektron qeydiyyatı”nda yer alan müəllimlərə treninqlər keçiriləcək
09:41 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün treninqlər keçirəcək. Treninqlərə respublikanın 80 şəhər və rayonundan 15000-ə yaxın müəllim cəlb olunacaq. Yanvarın 26-dan martın 5-dək aparılacaq treninqlərdə məqsəd nəzarətçi-müəllimləri test imtahanlarının texnologiyası ilə tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.
 
Treninqlər Bakı və Sumqayıt şəhərlərində TQDK mərkəzi aparatının, digər şəhər və rayonlarda isə komissiyanın regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılacaq. Komissiyadan bildirilib ki, imtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün treninqlərin 25-30 nəfərlik qruplarla aparılması nəzərdə tutulub. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə olunacaq, komissiya tərəfindən hazırlanmış imtahan texnologiyasına aid film nümayiş etdiriləcək.
 
 
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi 25 noyabr 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Sistemdə nəzərdə tutulduğu kimi, zal nəzarətçilərinin qeydiyyatı müvafiq təhsil müəssisəsi tərəfindən internet vasitəsi ilə aparılıb.
 
Belə ki, ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud zal nəzarətçiləri bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri (sosial sığorta kartının nömrəsi, əməkhaqqının ödənilməsi üçün bank rekvizitləri və s.) məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır, əmək müqavilələrini bağlayır.  
 
Eyni zamanda TQDK tərəfindən “Elektron qeydiyyat sistemindən istifadə qaydaları”nın öyrənilməsi, növbəti tədris ili üçün görüləcək hazırlıq işlərinin qrafiki və qarşıya qoyulan vəzifələr mövzusunda rayon əlaqələndiriciləri üçün treninqlər də keçirilib. Treninqlərdə izahat işi Bakı, Sumqayıt və Abşeron rayonları üzrə Təşkilati-metodik təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov, digər rayonlar üzrə isə TQDK-nın regional bölmələrinin müdirləri tərəfindən aparılıb.
 
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34884-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR