Azərbaycanda borclu vergi ödəyicilərinin sayı azalıb

10:17 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 10:14 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilmiş qanunamüvafiq tədbirlər nəticəsində bu ilin yanvarın 1-nə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği  2014-cü ilin 1 yanvar tarixi ilə müqayisədə 9,6% azalıb.

 

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində ümumilikdə 257 752 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib, bu ilin yanvarın 1-nə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 4,1% təşkil edib.

 

Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 84 465 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 80,4%-i borclar ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 mln. 612,3 min manat borc məbləğini əhatə edən 955 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 68,9 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

 

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 13 311 vergi ödəyicisinin 13,2 mln. manatdan çox borcu dövlət büdcəsinə ödətdirilib, 543 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi barədə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.

 

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş ədbirlər nəticəsində 1 640 fiziki şəxs üzrə 1 229,2 min manat məbləğində borc dövlət büdcəsinə ödətdirilib.

 

Vergi orqanları tərəfindən 813 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 3 470 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.

 

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 892 vergi ödəyicisi üzrə 33,2 mln. manat borc məbləğini əhatə edən  materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR