Nyu-York sakini ABŞ hakimiyyətindən 134 min dollar kompensasiya alacaq

Nyu-York sakini ABŞ hakimiyyətindən 134 min dollar kompensasiya alacaq
10:56 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Sondra Arkett adlı Nyu-York sakini ABŞ hakimiyyətindən adının və fotoşəkilinin "Facebook" sosial şəbəkəsində saxta səhifənin yaradılması üçün istifadəyə görə 134 min dollar məbləğində kompensasiya alacaq.
 
Bildirilir ki, zərərçəkmiş sosial şəbəkədə saxta profili 2013-cü ildə aşkar edib və şəxsi həyata müdaxilə iddiası ilə məhkəməyə müraciət edib. 
 
Müəyyən olunub ki, səhifə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) əməkdaşları tərəfindən yaradılıb və müxtəlif təhqiqatların aparılması üçün istifadə olunub. S.Arkettin səhifəyə yüklənən fotoşəkilləri "DEA" əməkdaşlarının əlinə 2010-cu ildə keçib. Belə ki, o zaman qadın həbs olunub və ona qarşı narkotik saxlama ittihamı irəli sürülüb. 2011-ci ildə S.Arkett təqsirli bilinərək beşillik şərti cəzaya məhkum olunub.
 
Ötən ilin payızında hadisə KİV-in diqqətini cəlb edib və nəticədə "Facebook" nümayəndələri "DEA"-dan saxta profillər yaratmaq praktikasından imtina etməyi tələb ediblər. Onlar bunu sosial şəbəkənin qüvvədə olan qaydalarına zidd olması ilə əlaqələndiriblər.
 
Məhkəmənin kompensasiyanın verilməsi ilə bağlı qərarını şərh edən qadının vəkili qeyd edib ki, prosesin nəticələrindən razıdır və ABŞ hakimiyyət nümayəndələrinin sosial şəbəkədə saxta profilin yaradılmasının nə dərəcədə ziyan vurmasını başa düşmələrinə şaddır, - "NEWSru" yazır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR