Bakı sözünü dedi, Merkel etiraf etdi: növbə Avropa Birliyinindir

Bakı sözünü dedi, Merkel etiraf etdi: növbə Avropa Birliyinindir
11:22 22 Yanvar 2015
187 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan prezidentinin Berlində ən yüksək səviyyədə qəbul olunması, onunla intensiv danışıqların aparılmasının əsas səbəbi Avropanın enerji təhlükəsizliyinin təminatı problemidir. Təbii qaz təminatı məsələsində Rusiyadan asılılıqdan qurtulmaq istəyən Avropa Birliyinin cəhdlərinin mövcudluğu sirr deyil. Almaniya da "Qazprom"la təmasları minimuma endirmək üçün alternativ təminat yolları arayır. Azərbaycan qazı bu yollardan biridir.

Bundan başqa, Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü işğalçı siyasət Moskvanın bütün postsovet məkanını nəzarət altına almaq planlarından xəbər verir və Almaniya da buna yol vermək niyyətində deyil. İlham Əliyevin Berlində çox yüksək səviyyədə qarşılanmasının səbəbləri də budur".
 
Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri ilə bağlı dünən bir sıra media orqanlarında, habelə Almaniyanın özünün sayt, qəzet və telekanallarında səslənən bu fikir ilk baxışdan pis görünmür.
 
Mümkündür.
 
Ukraynaya faktiki olaraq müharibə elan etmiş Rusiya Krım yarımadasını ilhaq və işğal edərək "yerli sakinlərin referendumu" adı ilə özünə birləşdirəndən sonra sakitləşmədi.
 
Ukraynanın şərqindəki Luqansk və Donbas bölgələrində separatçılara tam dəstək verən, onları silah və hərbi texnika, təlimatçılar və pullarla təmin edən Rusiya həmin bölgədə terrorçu, ekstremist rejimlər quraraq bu qondarma, marionetka "hakimiyyət"ləri "yerli sakinlərin seçimi" kimi təqdim edir.
 
Bütün bunlarla yanaşı, Rusiyanın "Qazprom" korporasiyası Ukrayna ərazisindən keçən qaz boru kəmərləri ilə "mavi yanacağ"ın nəqlini minimuma endirmək və Kiyevi tranzit ödənişlərindən də məhrum etmək üçün Türkiyəni oyuna qatır, Ankara vasitəsilə Avropa Birliyi ölkələrinin rus təbii qazından asılılıqdan qurtulmasına imkan verməməyə çalışır.
 
Avropada siyasətçilər Rusiyanın hakimiyyət dairələrinə nifrət edə bilərlər.
 
Avropalı siyasətçilər Rusiya prezidenti Vladimir Putini despot, diktator, müstəbid, insan haqlarını kobud şəkildə pozan, xalqının maraqlarını öz mənafelərinə qurban verən adam saya bilərlər və Osvensimin azad edilməsinə həsr olunmuş mərasimə də dəvət etməyərək belə jest edə bilərlər.
 
Avropalı siyasətçilər ölkələrinin təbii qazla təminatında "Qazprom"dan əhəmiyyətli dərəcədə asılı olduqlarını da dərk edirlər və təbii ki, siyasətlərinin primatının məhz vətəndaşların mənafeyi olduqlarını bildiklərindən rasionallığı emosiyalara qurban verən deyillər.
 
Avropada islam əleyhinə yürüşlər ola bilər, "Mən Şarliyəm" deyənlər hayqırar, müsəlmanların terrorçu olduqlarını söyləyənlər televiziyalarda boy göstərib homoseksuallarla və ya müharibə veteranları ilə qucaqlaşıb bu minvalla şübhəli siyasi kapital toplamağa can ata bilərlər.
 
Hər şey ola bilər bu fani dünyada.
 
Amma Avropa Birliyinə daxil olan ölkələrin siyasi rəhbərliklərinin ani emosiyaları dövlətlərinin təməl maraqlarından və ən başlıcası, perspektivlərindən üstün tutması mümkün deyil.
 
Azərbaycan prezidenti İlham Əliyevin Berlinə səfərinin mahiyyətində də rəsmi Bakının istəkləri ilə Almaniyanın maraqlarının tam uyğunlaşması durur.
 
Almaniya Azərbaycana qaz yatağı, neft çəlləyi, Rusiyanın neoimper ambisiyalarının qarşısını almaq üçün Cənubi Qafqazda forpost kimi də baxmaq niyyətindən çox uzaqdır.
 
Rəsmi Berlin praqmat siyasət yürütdüyündən Bakı ilə əlaqələrin formatında bitkinləşmiş məramlarla kompleks istəklərin məcmusunu ehtiva edən davranışa üstünlük verir.
Azərbaycan prezidenti İlham Əliyevin Berlində keçirdiyi görüşlər, həmin görüşlərdə müzakirə mövzusu olan məsələlər və ən sonra birgə bəyanatlar da bunu göstərir.
 
Berlindəki ilk görüşlərin Almaniya-Azərbaycan forumunun üzvləri və bundestaqın deputatları ilə keçirilməsi təsadüf deyil.
 
Rəsmi Bakı Berlinlə təmaslarının müstəvisini genişləndirmək və əlaqələrin üstqurumunu ön plana çəkərək bazisini ikinci planda möhkəmləndirmək niyyətində olmadığından münasibətlərin qarşılıqlı inkişafını, reversiv perspektivlərini daha önəmli bildiyini vurğulayıb.
 
Berlin də bu taktika ilə tam razıdır.
 
Daha sonra Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşdə də əlaqələrin məhz bu səpkidə inkişafı müzakirə mövzusu idi.
 
Və sonda İlham Əliyevlə Almaniyanın federal kansleri Angela Merkelin danışıqları Berlindəki təmasların məntiqi nəticəsi oldu.
 
Almaniyanın siyasi gündəmi indi ölkədəki anti-islam isteriyası, Ukraynanın şərqində Rusiyanın rəhbərliyi ilə separatçıların genişmiqyaslı hərbi əməliyyatları aktivləşdirməsi, Avropa Birliyinin maliyyə-iqtisadi problemlərinin ağırlaşması və ən başlıcası, dünya bazarlarında xam neftin ucuzlaşması olsa da, nüfuzlu media strukturları Berlin-Bakı danışıqlarını diqqətsiz qoymadılar.
 
Bakı almanlar üçün əsrlər boyu böyük əhəmiyyət kəsb edibsə, indi ölkəmizin önəmi daha da artıb.
 
İran, Rusiya və Türkiyə ilə həmsərhəd olan Azərbaycan bu üç "ağırçəkili" geosiyasi oyunçunun taktiki planlarında nəzərdə tutulmuş yeni regional siyasət konstruksiyasında öz yerini möhkəmlətmək niyyətindədir.
 
Bakı nə Tehrana baxıb xarici siyasət yürüdür, nə Rusiyanın tələblərini nəzərə alaraq qərarlarını Moskvanın şərtlərinə uyğun formalaşdırır, nə də Türkiyənin maraqlarını öz mənafelərindən tam üstün tutur. Xarici siyasətin komplimentarlıq məcrasından uzaqda olmasına çalışmaqla yanaşı, qonşuları ilə normal münasibətlər qurmağa çalışan Azərbaycan eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesində Minsk Qrupunun həmsədr ölkələrindən aktivlik, daha doğrusu, gəvəzəlik əvəzinə real iş və məntiqli fəaliyyət gözləyir.
 
Əks təqdirdə Dağlıq Qarabağdakı erməni terrorçularına və qondarma, ekstremist rejimə qarşı antiterror əməliyyatı əsla istisna deyil.
 
Prezident İlham Əliyevin Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə obyekti olduğuna şübhələnməyə dəyərmi? Uuntmayaq ki, cənab İşinger ötən ilin mayından bəri Ukrayna münaqişəsinin nizamlanmasında ATƏT-in vasitəçisidir və o, Kiyevdəki mərkəzi hakimiyyətlə regionlar arasındakı danışıqların fəal iştirakçısıdır.
 
Belə şəraitdə Almaniya regiondakı mövqelərini daha da möhkəmləndirmək üçün danışıqlar prosesinə qoşular və proseslər indiki məcrada davam edərsə, Avropa Birliyinin iqtisadi-siyasi baxımdan lider ölkəsi yaranmış imkanlardan maksimum bəhrələnərək şansını dəyərləndirəcək.
 
Bakı bunu bilir, daha doğrusu, Berlinin durumu anladığını anlayır.
 
Rusiya prezidenti Vladimir Putini "Böyük Səkkizlik" forumuna dəvət etməyərək son 17 ildə fəaliyyətinin bu tipini seçmiş qurumu "Böyük Yeddilik" formatına qaytaran və Avropa Birliyi ölkələri arasında Rusiyadan enerji asılılığında olan dövlətlərin liderlərinin etirazlarına rəğmən, mövqeyindən zərrə qədər geri çəkilməyən, hətta son günlərdə daha da sərtləşən Angela Merkel Azərbaycanla bağlı siyasətində emosional əlavələrə yol vermək niyyətində deyil.
 
Üstəlik, Angela Merkel bir daha nümayiş etdirdi ki, Cənubi Qafqazla yanaşı, bütün postsovet məkanında ümumi təhlükəsizliyin təminatında Azərbaycana böyük önəm verir.
Əks təqdirdə Berlində danışıqlar və müzakirələr sadəcə, diplomatik prosedurlar olacaqdı.
 
Rusiyanın "inteqrasiya layihələri" adı ilə təqdim etdiyi, əslində isə postsovet məkanında Moskvanın təsir imkanlarının maksimuma çatdırılmasına yönəlmiş cəhdlərin dezavuasiya olunmasında Azərbaycanın rolu, çəkisi və önəmi artır.
 
Almaniyanın rəhbərliyi bunu etiraf etdi.
 
İndi növbə Avropa Birliyinindir.
 
Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR