"Azərbaycanı məmnunluqla tərk edəcəm"

"Azərbaycanı məmnunluqla tərk edəcəm"
12:22 22 Yanvar 2015
161 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki hazırlıq çərçivəsində baş tutan “Qarabağ” – “Sürix” matçını “İnter”in baş məşqçisi Kaxaber Sxadadze də izləyib. Topaz Premyer Liqasındakı əsas rəqiblərindən birinin hazırlıq prosesini diqqətdə saxlayan gürcüstanlı mütəxəssis apasport.az saytının suallarını da cavablandırıb.
  
- “İnter”in təim-məşq toplanışı barədə qısa məlumat verərdiniz..

- Hazırlığımız normal davam edir. Gündəlik məşqlərlə yanaşı, yoxlama oyunları da keçiririk. Yeganə ciddi problemimiz Aleksandr Amisuaşvilinin zədə almasıdır. O, yəqin ki, bir ay bizə kömək edə bilməyəcək. Onun yoxluğu ciddi itkidir.
 
- Məlumdur ki, mövsümün sonunda 6 il baş məşqçisi olduğunuz “İnter”lə vidalaşacaqsınız. Bu müddət ərzində həm kluba, həm də Azərbaycan futboluna nə verdiniz?

- Bu barədə danışa bilmərəm. Hər zaman çalışmışam ki, ən yaxşısını edim. Bunun üçün də çalışmışam. Nələr verdiyimi deyə bilməyəcəm. Bakıda çoxlu dostlarım var. Bu ölkəni məmnunluqla tərk edəcəm.
  
- Oğlunuz Baçana Sxadadze də “İnter”də çıxış edir. Siz klubdan ayrıldıqdan sonra onun taleyi necə olacaq? Karyerasını “İnter”də davam etdirəcək?

- Onun hələ ilin sonuna qədər müqaviləsi var. İndidən bir söz deyə bilmərəm. Hər şey yeni baş məşqçinin qərarından asılı olacaq. Ola bilsin, müqaviləsinin sonuna qədər klubda qalsın, yeni baş məşqçi istəməsə, ayrılacaq.
  
- Qış fasiləsində heyətə qatdığınız yeni futbolçuların hazırlıq durumu necədir?

- Yalnız Ruben Sxaken təkcə sonuncu matçda meydana çıxdı. İndiyə qədər o, oyunlarımızda iştirak etməmişdi. Amma digər transferlərimiz komandanın məşqlərində və oyunlarında iştirak edirlər. Hamısından razıyam. Onların hazırlığı məni qane etdiyinə görə transfer etmişik. Güclü futbolçular olduqlarına görə razılıq vermişik.
  
- Manuel Skarlatakenin “İnter”lə anlaşdığı deyilir. Bu xəbər həqiqəti əks etdirir?

- Skarlatake ilə hansısa danışığımız olmayıb. Bu haqda mən də mətbuatdan oxumuşam. O, “Xəzər Lənkəran”ın oyunçusudur. Həmin klubla müqaviləsi var.
  
- Klubun prezidenti Georgi Nikolovla aranızda həqiqətənmi problem var?

- Onunla heç bir problemim yoxdur. Məni komandaya Cahangir Hacıyev dəvət edib. Hansısa problem olduqda da o yoluna qoyur.
  
- Amma o, komandanın toplanışına gələndə aranızda görüş olmadı...

- Həmin vaxt Gürcüstan patriarxı ilə görüşə getmişdim. Bu üzdən də görüşə bilmədik.
  
- Qış fasiləsində heyəti gücləndirməyiniz diqqətdən qaçmayıb. Yayda “İnter”i çempion kimi tərk etməyi düşünürsünüz?

- Biz hər zaman çempionluq uğrunda mübarizə aparırıq. Elə məşqçi tapılmaz ki, o, çempion olmaq istəməsin.
  
- Çempionluq yolundakı əsas rəqibiniz olan “Qarabağ” hazırlıq dövründə necə təsir bağışladı?

- “Qarabağ”ın gücü hər kəsə məlumdur. Avropa səviyyəsində bir komandadır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR