Muarem Muarem: "Bunu kimsə mənim adımdan edib"

Muarem Muarem: "Bunu kimsə mənim adımdan edib"
13:22 22 Yanvar 2015
168 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremin futbolxeber.az-a müsahibəsini təqdim edir

- Antalyada təlim-məşq toplanışınız necə keçir?

- Məşqlərimiz davam edir. Hazırlıqla yanaşı, indiki məqamda zədədən qaçmaq da çox önəmlidir. Bu baxımdan da vəziyyət yaxşıdır. Çumbinyo istisna olmaqla heç bir itkimiz yoxdur. Onun da zədəsini sağaltmasına az qalıb.
 
- İlk yoxlama oyununda uduzan “Qarabağ” İsveçrə “Sürix”i ilə matçda yalnız sona yaxın məğlubiyyətdən qurtuldu. Bunun səbəbini necə izah edə bilərsən?

- İlk oyunda məşqlərə təzə başlamışdıq. Cəmi beş gün idi hazırlıq keçirdik. Əsas heyət cəmi bir hissə oynadı. “Sürix”lə matçda isə 60 dəqiqə meydanda olduq. Oyundan-oyuna artırırıq. Narahatlığa əsas yoxdur. Çempionatda üçüncü dövrənin startına kimi formaya düşəcəyik.
 
- “Eskişehirspor”a transferin alınmadı. Bundan məyus oldun?

- “Eskişehirspor”dan təklif aldığımı toplanışın startına üç gün qalmış öyrəndim. Mən “Qarabağ”dakı durumumdan məmnunam. Baş məşqçimizə dedim ki, əgər klubum icazə versə, gedəcəm. Ola bilər, “Eskişehirspor”la avrokuboklarda oynamayım. Amma orada oynamaq istərdim. Vacib olan “Qarabağ”ın razılığı idi.
 
- Transferin yayda gerçəkləşməsi mümkündür?

- Maya qədər “Qarabağ”la müqaviləm var. İki klub arasında razılıq əldə olunsa, təklifi müsbət cavablandıracağam.
 
- Sosial şəbəkədə “Qarabağ” azarkeşlərinə vida etdiyin qeyd olunmuşdu...

- Bunu mən etməmişəm. Ümumiyyətlə, həmin profildən istifadə etmirəm. Bunu kimsə mənim adımdan edib. Razılıq olsaydı, öncə mətbuata açıqlama verərdim.
 
- Belə başa düşdüm ki, Türkiyədə oynamağı istəyirsən. Orada səni ən çox nə cəlb edir?

- Türkiyə Superliqasının səviyyəsi yüksəkdir. Həm də Türkiyə pasportum var. Transfer olsam, yerli futbolçu statusu ilə oynayacağam. Bu keçiddə mənim üçün pul heç də ön planda dayanmır. Karyeram üçün çox vacib addımdır.
 
- “Qarabağ”dan yeni müqavilə ilə bağlı təklif almısan?

- Hələ yox. Çünki onlara maya qədər burada olduğumu demişəm. Qarşıda dörd ay var. Danışıq mütləq olacaq. Ən yaxşı təklifi dəyərləndirəcəyik.
 
- Maliyyə burada əsas rol oynayacaq?

- Türkiyəyə pula görə getmək fikrində deyiləm. Superliqaya sevgim var, orada oynamaq istəyirəm. Sadəcə, klublar transfer məbləğində razılaşmadıqlarına görə keçidim alınmadı.
 
- Premyer Liqadakı əsas rəqibləriniz qış fasiləsində sizdən fərqli olaraq heyətlərini gücləndirirlər. Bu, sizi narahat edir?

- Mövsümün ikinci hissəsi çətin keçəcək. “İnter”in çıxışını izləyirik. Yoxlama oyunlarında yaxşı nəticələr əldə edirlər. Heyətlərini də gücləndiriblər. “Qəbələ” də yaxşı transferlər edib. “Neftçi”ni də siyahıdan silmək olmaz.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR