Amerikalı keçmiş diplomat: 20 Yanvar SSRİ-nin süqutunun başlanğıcını qoydu

Amerikalı keçmiş diplomat: 20 Yanvar SSRİ-nin süqutunun başlanğıcını qoydu
13:28 22 Yanvar 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycanın Los Ancelesdəki baş konsulluğunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Mərasimdə Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, Hollivud prodüserləri, yerli universitetlərin professorları, icma üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, 20 Yanvar hadisələri barədə məlumat verib və həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən günahsız insanların amansızcasına qətlə yetirildiyini qeyd edib. O, ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pislədiyini və bunun xalqın azadlıq uğrunda mübarizəsinə təkan verdiyini diqqətə çatdırıb.
Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan diplomat ölkəmizin siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini bildirib.
Sonra çıxış edən amerikalı keçmiş diplomat, San Dieqo Universitetinin professoru James Coyle bu hadisənin tarixinə nəzər salaraq, Qara Yanvar faciəsinin SSRİ-nin süqutunun başlanğıcını qoyduğunu vurğulayıb.
Daha sonra Los Ancelesli jurnalist Nancy Pearlman çıxış edərək, bu qanlı hadisələrdən bir neçə ay əvvəl Bakıda olduğunu xatırladıb. O, həmin vaxt Bakıda gərgin vəziyyətin hökm sürdüyünü, SSRİ rəhbərliyinin Azərbaycan xalqının azadlıq iradəsini sındırmağa hazırlaşdığını hiss etdiyini deyib. Jurnalist Azərbaycana son səfərindən də danışıb. Bildirib ki, ötən 25 il ərzində Azərbaycan inanılmaz dərəcədə dəyişərək, çağdaş və inkişaf etmiş ölkəyə çevrilib.
Çıxışlardan sonra skripka və violonçeldə klassik bəstəkarların həzin əsərləri ifa edilib.
Sonda tədbir iştirakçıları Qara Yanvar faciəsini əks etdirən foto-sərgi ilə tanış olublar.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amerikali_kechmis_diplomat_20_Yanvar_SSRI_nin_suqutunun_baslangicini_qoydu-826654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR