Azərbaycanda sığorta bazarının inkişafı üzrə üçillik Tədbirlər Planı təsdiqlənib

13:47 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:43 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın Maliyyə Nazirliyi ölkədə sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planını təsdiqləyib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, planda nəzərdə tutulan işlər bir neçə istiqaməti əhatə edir. Bura sığortalıların və digər faydalanan şəxslərin mənafelərinin daha səmərəli təmin edilməsi, həyat və qeyri-həyat sığortalarının inkişafı, eləcə də kadr potensialının möhkəmləndirilməsini əhatə edəcək.

 

Belə ki, Tədbirlər Planına əsasən, sığortalıların və digər faydalanan şəxslərin mənafelərini təmin etmək məqsədilə sığorta şirkətlərinə qarşı yeni tələblər müəyyən ediləcək. Bu məqsədlə “Sığorta fəaliyyəti haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulur. Bura sığorta şikayətlərinə baxılması mexanizminin  təkmilləşdirilməsi, müştərilərlə ədalətli davranmanı təmin edən prosedurların tətbiqi, eləcə də sığorta vasitəçilərinin “Davranış Kodeksini”nin  hazırlanması və tətbiq edilməsi və s. aiddir.

 

Tədbirlər Planına əsasən gözlənilən mühüm yeniliklərdən biri vətəndaşlar tərəfindən sığorta şirkətlərindən və sığorta vasitəçilərindən şikayətlərin verilməsinin vahid sisteminin yaradılmasıdır. Eləcə də, vətəndaşların sığorta şirkətlərindən şikayətlərinə ictimai aşkarlıq şəraitində baxılmasını təmin etmək məqsədilə xüsusi internet səhifəsinin yaradılmasına təşkilati və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

 

Sənədə əsasən sığorta sahəsində çalışanların hazırlıq səviyyəsinə diqqət və bununla bağlı tələblər artırılacaq. Belə ki, sığorta şirkətlərində çalışan olan və sığorta məhsullarının satışı ilə məşğul olan əməkdaşlardan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən attestasiyadan keçmələri tələb ediləcək.

 

Tədbirlər Planında sığorta ödənişlərinin sadələşdirilməsi məqsədilə İKT imkanlarından daha geniş istifadə nəzərdə tutulur. Belə ki, avtomobil qəzaları ilə bağlı arayışın alınmasının sadələşdirilməsi üçün İcbari Sığorta Bürosunun informasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq informasiya sistemi ilə əlaqələndirilməsini gözlənilir.

 

Əhalinin sığorta sahəsində maarifləndirilməsi məqsədilə müəyyən tədbirlər nəzərdə tutulub. Bura sığortaya aid mobil telefonlar üçün proqramların hazırlanması, maarifləndirici tədbirlərin keçirilməsi,  icbari sığorta növlərinin hər biri üzrə vahid formada Yaddaş  Vərəqinin hazırlanması aiddir.

 

İcbari sığortaların inkişafı məqsədilə görüləcək mühüm yeniliklərdən biri müqavilələrin elektron formada bağlanması imkanının yaradılması olacaq. Bunun üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq əlavə və dəyişikliklər edilməsi barədə təkliflər hazırlanacaq. Eləcə də, icbari sığorta müqavilələrinin elektron satışının təmin olunması məqsədilə  elektron sığorta portalının yaradılması nəzərdə tutulur.

 

Tədbirlər planında avtomobil sahiblərinin icbari sığortadan yayınmasının qarşısının alınması məqsədilə təkliflərin hazırlanması, eləcə də, sahibi sığortalanmayan avtomobillərin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsinin hazırlanması  gözlənilir.

 

Plana əsasən avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğinin tədricən artırılması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanacaq. Eləcə də, avtomobillər və daşınmaz əmlaklar üzrə sığorta hadisələri zamanı dəyən zərərin məbləğinin hesablanması üçün standartların hazırlanması nəzərdə tutulub.

 

Sənəd qarşıdakı illərdə icbari sığorta növlərinin sayının artırılmasını nəzərdə tutur. Belə ki, müəyyən sahələrdə fəaliyyət göstərən sahibkarların və mütəxəssislərin peşə məsuliyyətinin icbari sığortasının,  eləcə də, bəzi sahələrdə fəaliyyət göstərən sahibkarların  üçüncü şəxslər qarşısında ümumi  mülki məsuliyyətin icbari sığortasının tətbiqi gözlənilir.

 

Plana əsasən Maliyyə Nazirliyi Azərbaycanın Beynəlxalq Yaşıl Kart sisteminə qoşulması üzrə tədbirlər görəcək, eləcə də, ölkədə kənd təsərrüfatı sığortası və icbari tibbi sığorta sisteminin qurulması üçün maraqlı dövlət orqanları ilə iş aparacaq.

 

Qarşıdakı illərdə həyat sığortasının inkişafı üçün də tədbirlərin görülməsi gözlənilir.

Bura istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin İSB-nin elektron informasiya sistemi vasitəsilə bağlanması, eləcə də bu sığorta növünün daha geniş tətbiqi məqsədilə İSB-nin elektron informasiya sisteminin Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə inteqrasiya edilməsi aiddir.

 

Bundan başqa, qanunvericiliyə həyatın yığım sığortası müqavilələri üzrə fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına tətbiq olunan güzəştlərlə bağlı dəyişikliklərin edilməsi barədə təkliflərin  hazırlanması gözlənilir.

 

Sığorta sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə zərərin hesablanması üçün peşəkar qiymətləndiricilərinin hazırlanıb sertifikatlaşdırılması, eləcə də kənd təsərrüfatı sığortası sahəsində sığorta ekspertlərinin  hazırlanıb sertifikatlaşdırılması nəzərdə tutulub.

 

Bundan başqa, kadr potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən yaradılan “Sığorta Tədris Mərkəzi”nə, eləcə də, Azərbaycan Aktuarlar Assosiasiyasına aktuar təlim kurslarının həyata keçirilməsində təşkilati və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

 

Eləcə də, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Risk Peşəkarları Assosiasiyası ilə birlikdə sığorta dərsliklərinin nəşri və təlim kurslarının təşkili nəzərdə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR