Əli Həsənov: "Uğurlarımız problemlərimizdən dəfələrlə çoxdur”

Əli Həsənov: "Uğurlarımız problemlərimizdən dəfələrlə çoxdur”
14:24 22 Yanvar 2015
182 Ölkə
Ölkə mətbuatı
A- A+

 

“Hər bir sahədə qanunçuluq olmalı, hər bir şey qanuna söykənməlidir. Qanunlar pisdirsə, onu müzakirəyə çıxarmaq, dəyişmək olar. Amma heç kimə əsas verilmir ki, pis qanunu icra etməsin. Qanun varsa, icra olunmalıdır”. Lent.az-ın məlumatına görə, bunu PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, QHT-lər də, dövlət strukturları da, ölkədə fəaliyyət göstərən xarici strukturlar da, mətbuat orqanları da, xarici donorlar da Azərbaycanın qanunlarına hörmətlə yanaşmalı və onları icra etməlidir. “Əks halda qanun keşikçiləri onları qanunları icra etməyə məcbur edəcəklər. Azərbaycan dövlətinin ölkə üzrə həyata keçirdiyi müəyyən aksiyalar var. Ölkə başçısı keçən ilin yekunlarına və növbəti ilin vəzifələrinə dair Nazirlər Kabinetinin geniş iclasında bu prioritetlər haqqında açıqlamalar verib. Bilirsiz ki, ayrı-ayrı illərdə yoxsulluğun, işsizliyin azaldılması, korrupsiya ilə mübarizə, qeyri-neft sektorunun inkişafı, sənayenin şaxələndirilməsi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyalarının inkişafı Azərbaycanın prioritet siyasəti olub. Bunlarla bağlı dövlət başçısı müvafiq sərəncamlar imzalayıb. Ölkənin müvafiq qurumları da bu sahələr üzrə fəaliyyətini ümumiləşdirilmiş şəkildə prioritet vəzifə kimi qarşıya qoyur və həyata keçirir. Düşünürəm ki, QHT-lər də, eyni zamanda qrant fəaliyyətinin dəyərləndirilməsini həyata keçirən Dövlət Dəstəyi Şurasının üzvləri və Müşahidə Şurası da dövlətin qarşısında duran prioritet vəzifələri, bu sahələr üzrə layihələrin elan olunması və QHT-lərin fəaliyyətinin stimullaşdırılması işini həyata keçirməlidir.
Azərbaycan hakimiyyəti ümumiyyətlə bu sahə üzrə fəaliyyətdən razıdır. Biz nəinki bu sahə üzrə, mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmırıq. Heç bir dövlətdə bu sahədə vəziyyət bizdəkindən yaxşı deyil. Əlbəttə, biz iddia etmirik ki, ən təkmil cəmiyyət Azərbaycan cəmiyyətidir. Azərbaycanda heç bir problemin olmamasını, Azərbaycan cəmiyyətinin bu və ya digər problemlərdən sığortalanmasını da iddia etmirik”.

PA rəsmisi vurğulayıb ki, dünyanın heç bir ölkəsi bunu iddia edə bilməz: “Siz özünüz də bilirsiz ki, mükəmməl cəmiyyət quruculuğu ideyasını qarşısına qoyan Azərbaycan hakimiyyəti ona çatmaq üçün fəaliyyət göstərir. Əgər hər şey mükəmməl olacaqdırsa, hakimiyyətə də, dövlət strukturlarına da heç bir ehtiyac qalmazdı. Bu sahədə bizim uğurlarımız problemlərimizdən dəfələrlə çoxdur”.

Ə. Həsənovun sözlərinə görə, Azərbaycan cəmiyyətində insan hüquqları, söz və mətbuat azadlığı, demokratiya, III sektor - QHT-lər, vətəndaş cəmiyyəti quruculuğu sahələrində

vəziyyət heç də anti-azərbaycan dairələrin qələmə verdiyi kimi pis deyil. “Əksinə, Azərbaycanda vəziyyət həmin o dövlətlərin çoxundan yaxşıdır. Bu sahədə QHT-lərə Dövlət Dəstəyi Şurasının xüsusi rolu var və bu rolu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Şura bundan sonra da bu tempi saxlayacaq və inkişaf etdirəcək”.

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR