Mədəniyyət və turizm naziri Şabran şəhərində vətəndaşların müraciətlərini dinləyib

Mədəniyyət və turizm naziri Şabran şəhərində vətəndaşların müraciətlərini dinləyib
14:38 22 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Şabran, 22 yanvar, Elxan Yusifli, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, yanvarın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Qusar, Şabran, Xaçmaz və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin elektron poçt ünvanı (mct@mct.gov.az), elektron xidmətlər saytı (e-services. mct.gov.az), telefon məlumat sistemi (“Qaynar xətt”: 147) və müvafiq rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılan 30-dan çox vətəndaş nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətlərini bildirib.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən şimal bölgəsində milli oyunların təbliği, çövkən yarışlarının keçirilməsi, fəaliyyətdə olan teatrların müxtəlif avadanlıq və kostyumlarla təminatı, yerlərdə musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub.
Bununla yanaşı, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpa və təmiri, yaradıcı insanların fəxri adlarla təltif edilməsi və digər məsələlər də müraciətlər arasında yer alıb.
Həmçinin işlə təminat, mədəniyyət ocaqlarında ixtisar olunmuş ştatların bərpası və digər sosial məsələlərlə bağlı müraciətlər də səsləndirilib.
Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Vətəndaşların mədəniyyət və turizm sahəsində mövcud problemlərə, aktual məsələlərə diqqət yetirməsini təqdir edən nazir Əbülfəs Qarayev bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_turizm_naziri_Sabran_seherinde_vetendaslarin_muracietlerini_dinleyib-826694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR