Regional konfransda yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib

14:58 22 Yanvar 2015
220 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 22 yanvar, Bağır Əliyev, AzərTAc
Yanvarın 22-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin inkişaf etdirilməsi” mövzusunda regional konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında nəşr olunan qəzet və jurnalların redaktorları, KİV təmsilçiləri iştirak ediblər.
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müzakirə edilən mövzunun aktuallığını diqqətə çatdıraraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində rayonda həyata keçirilən infrastruktur layihələri, tikinti və abadlıq işləri barədə məlumat verib.
Lənkəran rayonunda yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında qarşılıqlı əlaqələrin yaradıldığını vurğulayan T.Qaraşov bu sahədə heç bir problemin olmadığını, jurnalistlərin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu il qurumun ilk tədbiri Lənkəranda keçirilir.
Azad sözün, azad mətbuatın inkişafı ilə bağlı ötən il 10 bu cür tədbirin keçirildiyini qeyd edən V. Səfərli il ərzində fondun keçirdiyi fərdi yazı müsabiqələrində 500 jurnalistin iştirak etdiyini, onlardan 350 nəfərinin qalib kimi mükafatlandırıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, KİVDF tərəfindən 19 istiqamət üzrə layihələr həyata keçirilir. Bu layihələr 30-dan çox qəzetdə işıqlandırılıb.
Bildirilib ki, hər ilin yekunlarına görə, jurnalistlərlə və fond ilə sıx əməkdaşlıq edən rəhbər işçilər mükafatlandırılır. 2014-cü ilin yekunlarına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov fondun diplomuna layiq görülüb.
V.Səfərli diplomu Taleh Qaraşova təqdim edib.
Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qlobal informasiya məkanında media təhlükəsizliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli informasiya əldə etmək haqqında qanunvericiliyin tələbləri, KİVDF-nin Müşahidə Şurası sədrinin müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə peşə və davranış qaydalarını pozan “reket jurnalistlər” barədə çıxış ediblər.
Regional konfransda çıxış edən bölgə jurnalistləri-“Yeni gün” qəzetinin redaktoru Böyükxan Bağırlı, “Lənkəran” qəzetinin redaktoru İltifat Əhmədov, “Astara” qəzetinin redaktoru Azər Abdullayev, “Respublika” qəzetinin cənub bölgəsi üzrə müxbiri Əlisəfa Həsənov yerli icra hakimiyyətləri ilə KİV-lər arasında əlaqələrdən söhbət açaraq mövzu ilə bağlı təkliflərini bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Regional_konfransda_yerli_icra_hakimiyyeti_orqanlari_ile_KIV_arasinda_elaqelerin_inkisafi_meseleleri_muzakire_edilib-826700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR