Avropa Oyunları Bakını daha təhlükəsiz yollara aparır

Avropa Oyunları Bakını daha təhlükəsiz yollara aparır
16:05 22 Yanvar 2015
91 Sosial
Ölkə mətbuatı
A- A+

Bu il keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Bakı şəhərinin 2000-dən artıq sürücüsü geniş təlim məşğələlərindən faydalanacaq.
Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Oyunlar dövründə idmançıların, rəsmi şəxslərin və milli nümayəndə heyəti üzvlərininin daşınması üçün yeni avtobus, mikroavtobus və sedan qruplarından istifadə ediləcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanın Nəqliyyat Nazirliyi və şəhərin avtobus şəbəkəsinin müasirləşdirilməsinə cavabdeh dövlət orqanı olan Bakı Avtobus Şirkəti ilə birlikdə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımi bacarıqlara yiyələnmələrinin təmin edilməsi istiqamətində iş aparır.
 
800 avtobus sürücüsü daxil olmaqla ümumilikdə 2100 iştirakçı gələn aylar ərzində nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də Bakı 2015 Avropa Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət üç hissəli kurs keçəcəklər. Oyunlar dövründə sürücülərin marşrutlarda rəsmi işə çıxmazdan əvvəl 15 günlük ixtisaslaşdırılmış təlim keçəcəkləri gözlənilir.
 
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Şəhərin sürücülərinin təlim keçmələri Avropa Oyunları dövründə nəqliyyat xidmətlərinin fasiləsiz fəaliyyət göstərməsinə kömək edəcək, eləcə də əhalinin gündəlik həyatında daimi irəliləyişə səbəb olacaq”.
 
Bakının peşəkar sürücülərindən bir çoxu geniş təcrübəyə malikdir və bu yaxınlarda keçirilmiş Avroviziya Mahnı Müsabiqəsi kimi iri tədbirlər dövründə çalışıblar.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat şöbəsinin direktoru Panayotis Protopsaltis deyib: “Bu təşəbbüs iri idman tədbirləri tarixində sürücülər üçün ən böyük təlim proqramıdır. Həmçinin Bakı və Azərbaycan üçün nəqliyyat sahəsində insan resurslarının və fiziki sərvətlərin təmin edilməsi ilə əlaqədar Bakı 2015 Avropa Oyunlarının öhdəliklərinin bir hissəsidir. Ən yüksək dünya standartlarına uyğun inşa edilmiş yeni təlim mərkəzi Bakının yollarında təhlükəsizliyə və qabaqcıl təcrübənin tətbiqinə müsbət təsir göstərəcək”.
 
Təlim kursu sürücülərin öz bacarıqlarını təkmilləşdirmələri və Avropa Oyunları dövründəki işlərdə faal rol oynamağa hazır olmaları üçün mükəmməl fürsətdir. Bu, həm də Azərbaycanda peşəkar sürücülərin Təkmilləşmə Mərkəzinin əsasını qoyacaq.
Kursa yenicə qoşulmuş Bakının avtobus sürücüsü Mübariz İbrahimov deyib: “Mən 2012 FIFA U-17 qadınlar arasında dünya çempionatı kimi iri tədbirlərdə işləmişəm, bununla belə, təlim kursu yeni nəqliyyat vasitələrinə alışmağa və Avropa Oyunları dövründə və sonra lazım olacaq faydalı bacarıqları öyrənməyə kömək edəcək”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR