"İri tədiyəçilərin vergi daxilolmalarındakı artım dinamikası növbəti illərdə də davam edəcək" (MÜSAHİBƏ)

16:28 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Trend Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin (XRVXD) rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadənin "Vergilər" qəzetinə müsahibəsini təqdim edir

- Zaur müəllim, vergi daxilolmalarının mühüm bir hissəsi Xüsusi Rejimli Vergi Xidməti Departamentinin xətti ilə toplanan vəsaitlərin payına düşür. Departamentin 2014-cü il üçün vergi daxilolmaları ilə bağlı nəticələrin təhlili nə göstərir?

- Vergilər Nazirliyi xətti ilə büdcə gəlirlərinin formalaşmasında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin özünəməxsus payı vardır. Rəqəmlərə nəzər yetirərkən bu fakt bir daha öz təsdiqini tapır. Ötən ilin yekunlarına görə vergi daxilolmalarının 69%-dən çox hissəsi departamentin üzərinə düşmüşdür. Müqayisə üçün deyim ki, 2013-cü ildə bu göstərici 72,9%, 2012-ci ildə isə 73,1% idi. Təbii ki, bu nəticələrin əldə edilməsində ölkə iqtisadiyyatında mühüm rolu olan neft, enerji, rabitə, nəqliyyat və digər sahələrdə, o cümlədən hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən vergiödəyicilərin töhfəsi böyükdür.

İqtisadiyyatda müşahidə olunan müsbət dinamikanın və vergi inzibatçılığının səmərəli təşkilinin nəticəsidir ki, 2014-cü il üzrə vergi proqnozu artıqlaması ilə yerinə yetirilmişdir. 2014-cü ilin nəticələrinə əsasən, Vergilər Nazirliyi tərəfindən XRVXD qarşısında proqnozun icrasına dair qoyulmuş vəzifə tam yerinə yetirilmiş və 4 milyard 929,4 milyon manat proqnoza qarşı 4 milyard 934,4 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Bu da daxilolmalar üzrə proqnozun 100,1% icra olunması deməkdir.

Əlbəttə, dövlət büdcəsinin formalaşmasında xüsusi çəkiyə malik olan vergiödəyicilərin departamentdə qeydiyyatda olması bizim üzərimizə böyük məsuliyyət qoyur, yeni çağırışlar yaradır. Çünki iri və xüsusi vergi rejimli ödəyicilərin vergi xidmətinin təşkili ilə bağlı gözləntiləri və tələbləri daha yüksəkdir. Departament bu çağırışlara cavab vermək üçün fəaliyətini yeniliklərə açıq bir qurum kimi təşkil edir və bu əsasda da davam etdirir. Onu da qeyd edim ki, bu işlərin təşkilində və həyata keçirilməsində vergi öhdəliklərinin qabaqcadan müəyyən edilməsi, elektron alətlərin tətbiqi və s. kimi mütərəqqi üsul və metodlardan geniş istifadə olunur.

- Qeyri-neft sektorunun inkişafı Azərbaycan hökumətinin qarşısında duran prioritet vəzifələrdəndir. Son illər bu sahədə iri vergiödəyicilərin sayında hansı dəyişikliklər olmuşdur?

- Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident İlham Əliyev qeyri-neft sektorunu iqtisadi siyasətin başlıca prioriteti elan etmiş, bu sahəni iqtisadiyyatın hərəkətverici qüvvəsi adlandıraraq dövlət dəstəyinin gücləndirilməsinin vacibliyini vurğulamışdır. 2014-cü ilin "Sənaye ili", 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi bu sahəyə dövlətin xüsusi önəm verməsini bir daha təsdiqləyir.

Düşünülmüş iqtisadi siyasətin nəticəsində qeyri-neft sektorunun inkişafında ciddi nailiyyətlər qazanılmış və Nazirlər Kabinetinin iclasında qeyd edildiyi kimi, ötən il ərzində 230-dan çox sənaye müəssisəsi yaradılmış, mövcud sənaye müəssisələrinin istehsal gücü genişləndirilmişdir. Bundan əlavə, regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamışdır, 530-dan artıq müəssisənin tikintisi isə davam etdirilir.

Qeyri-neft sektoru üzrə daxilolmaların ümumi vəziyyətinə gəldikdə həm iqtisadi artımın, həm də aparılmış vergi nəzarəti tədbirlərinin nəticəsi olaraq iri vergiödəyicilərin dövlət büdcəsinə vergi ödənişlərində ildən-ilə artım müşahidə olunmaqdadır. XRVXD üzrə 2014-cü ildə qeyri-neft sektorundan vergi daxilolmaları 2 milyard 160,0 milyon manat (o cümlədən mərkəzləşdirilmiş ödəniş üzrə 113,6 milyon manat) təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 166,2 milyon manat və ya 8,3% çoxdur.

- Azərbaycan iqtisadiyyatına bir çox başqa mənfəətlər gətirməklə yanaşı, vergi daxilolmalarının artması baxımından da müsbət təsiri olmuş neft müqavilələri çərçivəsində dövlət büdcəsinə təxminən hansı həcmdə vəsait ödənilib?

- Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcını məhz ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyası təşkil edir. Neft strategiyasının uğurlarının nəticəsidir ki, Azərbaycan regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri olmuşdur. Ancaq cənab Prezidentin də qeyd etdiyi kimi, neft-qaz amili bizim üçün inkişaf etmək, dayanıqlı və çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitədir.

2014-cü ildə də neft-qaz sektoru büdcə daxilolmalarının formalaşmasında mühüm rol oynamışdır. Bu sektor üzrə daxilolmanın məbləği 2 milyard 827 milyon manat olmuşdur ki, bu da ümumi vergi daxilolmalarının 39,7%-ni təşkil etmişdir. 2013-cü ildə bu göstərici 43,8%, 2012-ci ildə isə 45,5% idi. Məhz düşünülmüş iqtisadi siyasətin nəticəsidir ki, iqtisadiyyatın neft amilindən asılılığı ilbəil azalır, qeyri-neft sektorunun büdcə daxilolmalarındakı xüsusi çəkisində isə artım müşahidə olunur. Təkcə 2014-cü ildə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı müəssisələrin mənfəət vergisi 1 milyard 107,5 milyon manat olmuşdur. Ümumilikdə isə 2006-cı ildən bəri hasilatın pay bölgüsü üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı tərəflər, əməliyyat şirkətləri və subpodratçı təşkilatlar tərəfindən 2015-ci ilin yanvar ayına qədər 15,6 milyard manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Podratçı tərəflərin mənfəət vergisi 11,6 milyard manat təşkil etmişdir.

- Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının büdcə ödəmələrinə hansı təsirləri olmuşdur?

- Ölkə başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi ötən illərdə mühüm əhəmiyyət kəsb etmişdir. Ölkənin davamlı inkişafı təmin olunmaqla dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və bu gün də davam edən neftin qiymətlinin ucuzlaşmasının mənfi təzahürlərinin qarşısı alınmışdır. Qeyd olunan tədbirlər və vergi nəzarətinin düzgün qurulması 2014-cü ildə neft sektoru üzrə vergi proqnozunun tam şəkildə icra olunmasını təmin etmişdir.

Bununla belə, 2015-ci ildə dünya karbohidrogen bazarında mövcud olan əlverişsiz konyuktur, əlbəttə ki, neft sektorunda gəlirlərə müəyyən həcmdə təsir göstərir. Ancaq ötən illər ərzində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər, xüsusilə dünyada mövcud olan mütərəqqi tendensiyalar əsasında sənayeləşmənin sürətləndirilməsi üçün həyata keçirilən tədbirlər, o cümlədən ölkədə qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahəsində yeni rəqabətqabiliyyətli müəssisələrin yaradılması hesabına yumşalacaqdır. Həyata keçirilən sənayeləşdirmə siyasətinin nəticəsi olaraq yaradılan vergiödəyicilərin iqtisadi göstəriciləri qeyri-neft sektorunda vergi ödənişləri üzrə müşahidə olunan müsbət dinamikanı sonrakı illərdə də təmin edəcəkdir.

Ölkə başçısının Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasındakı çıxışında da dünyada neftin qiymətinin iki dəfədən çox aşağı düşməsinin bizim gəlirlərimizə mənfi təsir edəcəyi qeyd edilmiş, lakin buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycanın bu vəziyyətdən də uğurla çıxacağı əminliklə bildirilmişdir.

- Dövlətə məxsus 7 əsas iri tədiyəçi üzrə daxilolmaların hazırkı vəziyyəti necədir?

- Bütün sektorlarda olduğu kimi, dövlətə məxsus əsas iri tədiyəçilərin də fəaliyyət sahələrini səciyyələndirən iqtisadi göstəricilərin artımı fonunda onların büdcə daxilolmalarındakı əhəmiyyətini xüsusilə vurğulamaq istərdim. Departamentdə qeydiyyatda olan həmin vergiödəyicilərin illər üzrə təsdiq olunmuş gəlir və xərclər smetası nəzərdə tutulan minimum büdcə ödənişlərinin vaxtında köçürülməsini təmin etmişdir. Belə ki, 7 iri tədiyəçinin vergi daxilolmaları 2012-ci ildə 1 milyard 574,2 milyon manat, 2013-cü ildə 1 milyard 710,1 milyon manat, 2014-cü ildə isə 1 milyard 978,2 milyon manat olmaqla respublika üzrə cəmi vergi daxilolmalarının 2012-ci il üzrə 26,1%-ni, 2013-cü il üzrə 25,7%-ni, 2014-cü il üzrə isə 27,8%-ni təşkil etmişdir. Bu göstəricilər həmin ödəyicilərin dövlət büdcəsinin formalaşmasında nə qədər mühüm rola malik olduğunu bir daha sübut edir.

Dövlət şirkətlərində idarəetmə prinsiplərinin təkmilləşdirilməsi onların fəaliyyət sahələri üzrə iqtisadi göstəricilərinə öz müsbət təsirini göstərmişdir. Keyfiyyətli və qənaətbəxş telekommunikasiya xidmətlərinin təqdim olunması, peyk rabitəsi texnologiyalarından istifadə, kommunal təsərrüfat sferasında göstərilən xidmətlərin dəyərinin ödənilməsi üzrə yığım faizinin artımı, su infrastrukturunun yenilənməsi, nəqliyyat sahəsində yeni su və hava gəmilərinin alınması, xarici ölkələrə yeni marşrutların açılması, dəmiryol xətlərinin çəkilişi, yük daşımaları üzrə gəlirlərin artımı dövlət büdcəsinə iri tədiyəçilərin vergi daxilolmalarındakı artan tendensiyasının növbəti illərdə də davam etdiriləcəyindən xəbər verir.

- XRVXD-nin 2015-ci ildə nəzərdə tutulmuş plan və proqnozları ilə bağlı məlumat verməyinizi xahiş edirik.

- Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2015-ci ildə dünyada müşahidə olunan iqtisadi proseslərin hələ bir müddət davam edəcəyi qeyd edilsə də, Azərbaycanda əvvəlki illərdə aparılmış siyasətin cari ildə də ciddi fəsadlar olmadan, inkişaf tempini təmin etməklə başa vurmağa zəmin yaradacağı bildirilmişdir.

Ölkə başçısının sədrliyi ilə keçirilən iclasın ən mühüm cəhəti isə "ucuz neft dövründə iqtisadi proqram"ın açıqlanması olmuşdur. Proqramın əsas istiqamətləri olan makroiqtisadi sabitliyin qorunması, infrastruktur layihələrinin icrası, ixrac potensialının artırılması, güzəştli kreditlər siyasətinin davam etdirilməsi, real sektora investisiya yatırımlarının artırılması, idxalı əvəzləyən məhsul istehsalının genişləndirilməsi, dövlət investisiyalarının dayanıqlı inkişafa və strateji istehsal sahələrinə yönəldilməsi iqtisadiyyatın bütün sahələrində artım tempinin təmin oluması ilə nəticələnəcəkdir ki, bu da vergiödəyicilərin vergi potensialının çoxalmasına zəmin yaradacaqdır. 2015-ci ildə proqnoz tapşırıqlarının icrasına dair aparılmış bölgüyə əsasən, XRVXD üzrə 4 milyard 698,2 milyon manat (o cümlədən mərkəzləşdirilmiş ödəniş üzrə 144,2 milyon manat) vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi üçün proqnoz tapşırığı müəyyənləşdirilmişdir. İnamla qeyd etmək olar ki, cari ildə də XRVXD qarşıya qoyulmuş plan və proqnozların həyata keçirilməsini təmin edə biləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR