Avropa Oyunları Bakını daha təhlükəsiz yollara aparır

16:38 22 Yanvar 2015
91 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Bu il keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Bakı şəhərinin 2000-dən artıq sürücüsü geniş təlim məşğələlərindən faydalanacaq.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, Oyunların keçirildiyi dövrdə idmançıların, rəsmi şəxslərin və milli nümayəndə heyəti üzvlərinin daşınması üçün yeni avtobus, mikroavtobus və sedan qruplarından istifadə ediləcək.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanın Nəqliyyat Nazirliyi və şəhərin avtobus şəbəkəsinin müasirləşdirilməsinə cavabdeh dövlət orqanı olan Bakı Avtobus Şirkəti ilə birlikdə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımi bacarıqlara yiyələnmələrinin təmin olunması istiqamətində iş aparır.
Bu məqsədlə 800 avtobus sürücüsü daxil olmaqla ümumilikdə 2100 iştirakçı gələcəkdə nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də “Bakı-2015” Avropa Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət üç mərhələli kurs keçəcək. Oyunlar dövründə sürücülərin marşrutlarda rəsmi işə çıxmazdan əvvəl 15 günlük ixtisaslaşdırılmış təlim keçəcəkləri gözlənilir.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Şəhərin sürücülərinin təlim keçmələri Avropa Oyunları dövründə nəqliyyat xidmətlərinin fasiləsiz fəaliyyət göstərməsinə kömək edəcək. Həmçinin əhalinin gündəlik həyatında daimi irəliləyişə səbəb olacaq. Bakının peşəkar sürücülərindən bir çoxu geniş təcrübəyə malikdir. Onlar 2012-ci ildə keçirilmiş “Eurovision” mahnı müsabiqəsi kimi iri tədbirlər zamanı çalışıblar”.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nəqliyyat şöbəsinin direktoru Panayotis Protopsaltis isə bildirib: “Bu təşəbbüs iri idman tədbirləri tarixində sürücülər üçün ən böyük təlim proqramıdır. Həmçinin paytaxt və ümumilikdə Azərbaycan üçün nəqliyyat sahəsində insan resurslarının və fiziki vasitələrin təmin edilməsi ilə əlaqədar “Bakı-2015” Avropa Oyunlarının öhdəliklərinin bir hissəsidir. Ən yüksək dünya standartlarına uyğun inşa edilmiş yeni təlim mərkəzi Bakının yollarında təhlükəsizliyə və qabaqcıl təcrübənin tətbiqinə müsbət təsir göstərəcək”.
Təlim kursu sürücülərin öz bacarıqlarını təkmilləşdirmələri və Avropa Oyunları dövründə nəzərdə tutulan işlərdə fəal rol oynamağa hazır olmaları üçün mükəmməl fürsətdir. Bu, həm də Azərbaycanda peşəkar sürücülərin təkmilləşmə mərkəzinin əsasını qoyacaq.
Kursa yenicə qoşulmuş Bakının avtobus sürücüsü Mübariz İbrahimov deyib: “Mən 2012-ci ildə Azərbaycanda keçirilən futbol üzrə U-17 qadınlar arasında dünya çempionatı kimi irimiqyaslı tədbirlər zamanı fəaliyyət göstərmişəm. Bununla belə təlim kursu yeni nəqliyyat vasitələrinə alışmağa və Avropa Oyunları dövründə və sonra lazım olacaq faydalı bacarıqları öyrənməyə kömək edəcək”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Oyunlari_Bakini_daha_tehlukesiz_yollara_aparir-826750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR