Dövlət Xidməti: Sığorta ilə bağlı şikayətlərin 60%-dən çoxu əsassız olub

Dövlət Xidməti: Sığorta ilə bağlı şikayətlərin 60%-dən çoxu əsassız olub
17:13 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Azad Həsənli/

2014-cü ildə Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti 11 sığorta şirkətində yoxlamalara aparıb. Trend xəbər verir ki, bu barədə Xidmət rəisinin müavini Mahir Abdullayev ötən ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 10 şirkətə aşkar olunan səhvlərin aradan qaldırılması haqqında xəbərdarlıq göndərilib: "Ötən ilin yekunlarına görə iki sığorta şirkətinin lisenziyası dayandırılıb. Şirkətlərdən biri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə [altı ay] kapitalı doldura bilməyib və bununla əlaqədar onun lisenziyası geri alınıb, digəri isə hələ səhvləri düzəltməkdə davam edir".

Keçən il ərzində sığorta şirkətlərində rəhbər vəzifə tutan 22 nəfər inzibati məsuliyyətə cəlb edilib.

M.Abdullayevin sözlərinə görə, il ərzində Dövlət Xidmətinə 717 şikayət daxil olub. Onlardan 684-ü icraya göndərilib, digərləri isə 2015-ci ilə qalıb: "439 şikayət əsassız olub, yerdə qalan 278 şikayətdən 123-ü üzrə 367 min manat məbləğində sığorta ödənişləri təmin olunub".

O, qeyd edib ki, ümumilikdə 2013-cü illə müqayisədə şikayətlərin sayı artıb və onların böyük hissəsi KASKO sığortası ilə bağlıdır. Rəis müavininin fikrincə, bu, ölkədə yol qəzalarının sayının artması ilə əlaqədardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR