Nizami Kino Mərkəzində yeni filmlər - FOTO

Nizami Kino Mərkəzində yeni filmlər - FOTO
17:27 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yanvarın 22-dən etibarən Nizami Kino Mərkəzində “Oyunçu”, “Fatih'in Fedaisi Kara Murat” və “Birdman: və ya cəhalətin gözlənilməz üstünlüyü” filmlərinin nümayişi başlanıb.  Bu barədə Milli.Az-a Nizami Kino Mərkəzindən məlumat veriblər.

Türkiyə rejissoru Aytekin Birkonun çəkdiyi “Fatih'in Fedaisi Kara Murat ” filmi tarixi dram və ekşn janrındadır.

Ölkəsinin, xalqının, Osmanlı İmperatorluğunun və ailəsinin yolunda etdiyi fədakarlıqlarla ad çıxarmış Qara Murat, Osmanlı İmperatorluğunun ən şanlı əsgəridir. Qardaşı Orhan Çələbinin isə tək dərdi taxta çıxmaqdır və o, Sultan Muradın öz taxt-tacını gənc və cəsur oğlu Sultan Mehmetə verməsini fürsət bilib tələ qurur…

Filmdə baş rolları, Fatih Usta, Bahadır Sarı, Nezih Işitan, Ömer Faruk Hakeri, Kaan Erkam, Cem Baza, Şükran Çağman, Şendoğan Öksüz, Nefise Karatay və Ceyda Tepeliler ifa edirlər.

Növbəti, amerika istehsalı olan “Oyunçu” filmini, rejissor Rupert Uayatt Uilyam Monahen və Ceyms Tobekin ssenarisi əsasında triller və kriminal dram janrında çəkib. Filmin yaş məhdudiyyəti: 18+

Cim Bennet – risk etməyi sevən birisidir. Gündüzlər o, dahi yazıçı və əla müəllim, gecələr isə - mahir oyunçudur. Qanunların – boş səs olduğu, kriminal dünyaya batmış Cim, bir gün həyatı daxil olmaqla, hər şeyini oyuna qoyur və uduzur. Onun borclu olduğu insanlar çox təhlükəli olsalar da, Cimə kömək edə biləcək biri onlardan da təhlükəlidir.

O, uduzmuş insan ikinci şansa layiqdirmi? Buyurun baxın...

Baş rollarda Mark Uolberq, Con Qudman, Bri Larson, Maykl Kennet Uilyams, Cessika Lenq, Qriffin Klivlend, Omar Leyva, Entoni Kelli, Stiv Park və Emori Koen çəkiliblər.

Növbəti, ABŞ və Kanada istehsalı olan “Bırdman: və ya cəhalətin gözlənilməz üstünlüyü” filminin ssenari müəllifi və rejissoru Alexandro Qonsales İnyarritudur. Kinolent dramatik komediya janrındadır. Filmin yaş məhdudiyyəti: 16+

Süjetin mərkəzində, vaxtilə populyar superqəhrəman Bırdman obrazını yaratmış aktyordur. İndisə o, eqosunun üstündən keçərək, brodvey quruluşlarında iştirak edib keçmiş şan–şöhrətini qaytarmaq qərarına gəlir.

Baş rollarda Maykl Kiton, Zak Qalifianakis, Edvard Norton, Andrea Rayzboro, Emi Rayan, Emma Stoun, Naomi Uots, Kenni Çin, Camal Qarisson –Lou, Ceremi Şamos və başqa aktyorlar çəkiliblər.

Teymur Hacıyev
Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR