Sabiq rəis: "Bu söz-söhbətə görə ailəm dağılır"

Sabiq rəis: "Bu söz-söhbətə görə ailəm dağılır"
17:54 22 Yanvar 2015
208 Ölkə
Ölkə mətbuatı
A- A+

“Mən 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən 5 il bundan əvvəl azad olunmuşam, sonra ora getməmişəm”.

 

Bu sözləri APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Müzəffər Məmmədov deyib.

 

M. Məmmədov bildirib ki, müəssisəyə hər kəsin daxil olması qeyri-mümkündür: “Müəssisəyə daxil olanda buraxılış vərəqi yazılır, hər yerdə kameralar quraşdırılıb. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov orada cəza çəkən Lamiyə Quliyevanın övladı olması ilə bağlı məsələlərdə mənim adımı hallandırıb. Bütün bunlar cəfəngiyatdır. Mənim 65 yaşım var. Bu söz-söhbətə görə ailəm dağılır. Elçin Behbudov mən işləyən zaman dəfələrlə müəssisədə monitorinq keçirib. Hər dəfə öz maraq dairəsində olan bir neçə məhkumla görüşürdü. Ona məhkumlar üçün maarifləndirici söhbət etməyi təklif edirdim, razılaşmırdı. Bundan başqa məndən dəfələrlə şəxsi işləri ilə bağlı xahişlər edirdi. Xahişlərini yerinə yetirmədiyim üçün münasibətimiz bir qədər soyuq idi. Evdə yoldaşım deyir ki, yalan deyirsə, Elçin Behbudovu məhkəməyə ver. Mən ağsaqqal adamam, uşaq deyiləm. Mənim orda nə işim var axı?”

 

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov mətbuata açıqlamasında Müzəffər Məmmədovun tez-tez 4 saylı cəzaçəkmə müəssisəsinə gedərək, Lamiyə Quliyeva ilə görüşməsi barədə məlumatı olduğunu deyib.

 

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq  icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

 

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

 

Onu da qeyd edək ki, L. Quliyeva bir müddət əvvəl ana olub. Ədliyyə Nazirliyi Penitensiar xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov APA-ya açıqlamasında məhkumun öz istəyi ilə ana olduğunu, uşağın atasının kimliyi barəsində isə araşdırma aparıldığını deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR