Əfsanəvi qəhrəman, tankçı-generalın xatirəsi yad edilir

18:13 22 Yanvar 2015
254 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrin tank heyəti yanvarın 24-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun dünyaya göz açdığı Lənkəran şəhərində olacaq, abidəsini və ev-muzeyini ziyarət edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 və Böyük Vətən müharibəsində həlak olmasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Yanvarın 22-də Müdafiə Naziriliyinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanında qəhrəmanın anma mərasimi keçirilib. Cəsur sərkərdə Həzi Aslanovun abidə-kompleksi önündə Müdafiə Naziriliyi adından əklil və gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib.

Anma mərasimində qəhrəman haqqında bir neçə kitabın müəllifi, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani onun mənalı həyat və şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd etmiş və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar verib. Bu ənənə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev isə çıxış edərək vurğulayıb ki, hər il 9 May- Qələbə Günü münasibətilə respublikada keçirilən tədbirlərdə məhz ölkə rəhbərinin iştirakı gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. O, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından Həzi Aslanovun ailə üzvlərinə salamlarını çatdıraraq Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliğ olunması məqdəsilə keçirilən tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı və kinoda Həzi Aslanovun rolunun mahir ifaçısı Xalq Artisti Ramiz Novruzov çıxış edərək qəhrəmanın həyat və döyüş yolundan söhbət açıblar.

Sonra generalın nəvəsi, polis general-mayoru Həzi Aslanovun ailə üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Naziriliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.

C.Naxçıvanski adına Hərbi Liseydə davam edən və "Həyatda qəhrəmanlığa həmişə yer var" devizi altında keçirilən tədirdə təhsil ocağının zabit, müəllim və kursant heyəti Həzi Aslanovun döyüş yolundan bəhs edən videoçarxa tamaşa edib, veteranların və qonaqların çıxışlarını dinləyib.

Sonda Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifasında "Ürəklərdə yaşayan sərkərdə" adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR