Həmrəylik Günü müstəqil Ukrayna dövlətinə bitkin forma verib

Həmrəylik Günü müstəqil Ukrayna dövlətinə bitkin forma verib
18:43 22 Yanvar 2015
233 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, Ülviyyə Məmmədli, AzərTAc
Azərbaycan ilə Ukraynanın taleyi eynidir. Dağlıq Qarabağ problemi bütün dünyaya məlumdur, Ukrayna da müharibə şəraitində yaşayır. Təəssüf ki, bizi bu xoşagəlməz təcrübə birləşdirir. Əminəm ki, Azərbaycan ilə əməkdaşlığımız perspektivlidir. Biz əməkdaşlıq etməliyik, çünki nə Azərbaycan rəhbərliyinin, nə də Azərbaycan xalqının yaranmış vəziyyətlə barışmaq fikri yoxdur. Ukrayna da qonşularımızın bizə qəbul etdirməyə çalışdıqları ilə barışmaq niyyətində deyil.
AzərTAc xəbər verir ki, bu fikri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Ukraynanın Həmrəylik Gününə həsr olunan tədbirdə səsləndirib.
Səfir bildirib ki, Həmrəylik Günü 1919-cu il yanvarın 22-də Kiyevin Sofiya meydanında Ukrayna Xalq Respublikası və Qərbi Ukrayna Xalq Respublikası arasında Birləşmə Aktının elan olunması günü münasibətilə hər il ölkədə qeyd olunan bayramdır.
O qeyd edib ki, dövlətçiliyin dirçəldilməsi məsələsində Azərbaycan ilə Ukrayna arasında oxşarlıq var. Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün Ukrayna Xalq Respublikasının ömründən bir qədər uzun olması o qədər də əhəmiyyətli deyildir. Əhəmiyyətli məsələ budur ki, xalqın öz milli dövlətini yaratmaq kimi dəfedilməz arzusu olub. Bu gün istər Azərbaycanın, istərsə də Ukraynanın təməlində dayanan bu arzular real hüquqi aktlarda təsbit olunub.
Səfir vurğulayıb ki, yaranmış vəziyyətdən çıxış edərək, Bakıda və Kiyevdə beynəlxalq qurumlar çərçivəsində səyləri birləşdirmək məsələləri müzakirə olunur. Onun sözlərinə görə, Həmrəylik Günü müstəqil Ukrayna dövlətinə bitkin forma verib. Həmrəylik Günü ukraynalıları etnosun birləşməsinə, onun vahid siyasiləşdirilmiş millətə çevrilməsinə, habelə onun əsrlər boyu yaşadığı ərazinin vahid Ukrayna dövləti çərçivəsində birləşməsinə aparan uzun və çətin yolun parlaq finalına çevrilib. Birləşmiş Ukrayna Xalq Respublikasının ömrünün qısa olmasına, bolşeviklər tərəfindən boğulmasına baxmayaraq, Ukrayna Həmrəylik Gününün böyük tarixi əhəmiyyəti olub.
Tədbirdə Ukraynanın Həmrəylik Gününə həsr olunan vidoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hemreylik_Gunu_musteqil_Ukrayna_dovletine_bitkin_forma_verib-826808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR