Vergi borclarının azalma dinamikası ötən il də davam edib

Vergi borclarının azalma dinamikası ötən il də davam edib
18:48 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

2014-cü il ərzində Azərbaycanın vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilmiş qanunamüvafiq tədbirlər nəticəsində 1 yanvar 2015-ci il tarixə vergiödəyicilərin dövlət büdcəsinə olan borc məbləği 1 yanvar 2014-cü il tarixlə müqayisədə 9,6 faiz azalıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2014-cü il ərzində ümumilikdə 257 min 752 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib, 1 yanvar 2015-ci il tarixə borclu vergiödəyicilərin sayının ümumi vergiödəyicilərin sayında xüsusi çəkisi 4,1 faiz təşkil edib.

Vergiödəyicilərin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 84 min 465 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 80,4 faizi borclar ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 612,3 min manat borc məbləğini əhatə edən 955 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 68,9 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 13 311 vergiödəyicinin 13,2 milyon manatdan çox borcu dövlət büdcəsinə ödətdirilib, 543 vergiödəyici tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi barədə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilibr.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş ədbirlər nəticəsində 1 640 fiziki şəxs üzrə 1 229,2 min manat məbləğində borc dövlət büdcəsinə ödətdirilib.

Vergi orqanları tərəfindən 813 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 3 470 vergiödəyicinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 892 vergiödəyici üzrə 33,2 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR