“Qəza hallarında reaksiyavermə” mövzusunda seminar

19:33 22 Yanvar 2015
196 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində “Qəza hallarında reaksiyavermə” mövzusunda seminar keçirilir.
FHN-dən AzərTAc-a bildiriblər ki, seminarda Fövqəladə Hallar və Səhiyyə nazirlikləri, Litva Respublikasının Radiasiyadan Qorunma Mərkəzinin və Layihələrin İdarə Edilməsi Agentliyinin nümayəndələri iştirak edirlər.
Seminar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Litva Respublikasının Radiasiyadan Qorunma Mərkəzi və Litva Respublikasının Layihələrin İdarə Edilməsi Agentliyinin birgə həyata keçirdikləri “Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişaf etdirilməsi” adlı Tvininq layihəsi çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis əvəzi Vüqar Hüseynov ölkədə son illər ərzində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işlər, həyata keçirilən Tvininq layihəsi, eləcə də seminarın məqsədi haqqında ətraflı məlumat verib.
Çıxış edən litvalı mütəxəssislər Danute Şidişkene və Remigijus Kevinas Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə və radioloji qəza hallarına hazırlıq və reaksiyaverməyə dair tələbləri, ionlaşdırıcı şüalanmanın insan orqanizminə bioloji təsirləri, ionlaşdırıcı şüalanma və ondan qorunma tədbirləri, ionlaşdırıcı şüalanmanı ölçmək üçün cihazlar və radiasiya qəzası halında onlardan istifadə mövzularında məlumat veriblər.
Seminarda “Milli Radioloji Qəza Planının hazırlanmasına dəstək” adlı beynəlxalq layihə üzrə də müzakirələr aparılıb. Bu layihənin məqsədi nüvə və radioloji qəza hallarına hazırlıq və cavabvermə sahəsində Avropa İttifaqının direktivlərini, BAEA-ın müvafiq tələblərini nəzərə alaraq ölkəmizin “Nüvə və radioloji qəza hallarına reaksiyavermə üzrə Milli Plan”ının hazırlanmasıdır. Layihə Litva Respublikasının Radiasiyadan Qorunma Mərkəzinin mütəxəssisləri ilə birlikdə həyata keçirilir.
Seminarda, həmçinin “Nüvə və radioloji qəza hallarına reaksiyavermə üzrə Milli Plan”ın ilkin layihəsi haqqında məlumat verilib, nüvə və radioloji qəza hallarına reaksiyavermə prosesinin mərhələlərindən, bu prosesdə iştirak edəcək qurumların funksiyalarından və səlahiyyətlərindən bəhs edilib.
Tədbirdə seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Seminar yanvarın 23-də davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qeza_hallarinda_reaksiyaverme_movzusunda_seminar-826838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR