“Bakı Kristal Hall” birinci Avropa Oyunlarına hazırlaşır

19:38 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, Ramiz Quliyev, AzərTAc 
Avropanın idman aləmi üçün əlamətdar hadisə hesab olunan “Bakı-2015” birinci Avropa Oyunları günbəgün yaxınlaşmaqdadır. Oyunların keçiriləcəyi obyektlərdə tikinti işlərinin gedişi daha da intensivləşib.
İdmanın bir neçə növü üzrə yarışlara azarkeşlik edəcəyimiz “Bakı Kristal Hall”da da inşaat işləri böyük sürətlə davam etdirilir. Respublikanın ən möhtəşəm obyektlərindən biri sayılan, “Evrovision-2012” Beynəlxalq mahnı müsabiqəsinin keçirildiyi bu məkanda boks, voleybol, karate, taekvondo və qılıncoynatma yarışlarının təşkili nəzərdə tutulur.
Burada artıq xeyli iş görülüb. Tamaşaçılar üçün oturacaqlar quraşdırılıb, xidməti otaqlarda son tamamlama işləri aparılır.
Tikinti işlərinin yerli “DDLAR Qrupu” şirkəti tərəfindən aparıldığını bildirən “Bakı Kristal Hall”-ın Avropa Oyunları zamanı baş meneceri Ben Emerson deyib ki, zal yarışlar zamanı 3 yerə bölünəcək. Burada voleybolçu və boksçular mübarizə aparacaq. “Kristal-3” deyilən və Bakıda “Evrovision-2012” mahnı müsabiqəsi zamanı mətbuat mərkəzi kimi fəaliyyət göstərmiş zalda isə karate və qılıncoynatma yarışları nəzərdə tutulub.
“Biz “Bakı Kristal Hall”-ın rəhbərliyi, xüsusilə də layihə meneceri Eldar İmanovla sıx əməkdaşlıq edirik. Burada Avropa Oyunlarının davam edəcəyi 17 gün ərzində idman yarışları təşkil olunacaq. Biz bu oyunlara böyük önəm veririk. Yarışların təşkilində bir çox gənc iştirak edir, onlar öz təcrübə və bacarıqlarını artırır”, deyə Ben Emerson bildirib.
Baş menecer onu da əlavə edib ki, birinci Avropa Oyunlarından sonra Azərbaycanda “Formula-1” yarışları və İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bununla yanaşı, Azərbaycanda gələcəkdə Olimpiya Oyunlarının da keçiriləcəyinə ümid edilir.
Bakıda artıq bir ilə yaxındır ki fəaliyyət göstərdiyini söyləyən B.Emerson Azərbaycan kimi gözəl bir ölkədə işləməkdən böyük zövq aldığını vurğulayıb.
“Birinci Avropa Oyunlarından sonra “Bakı Kristal Hall”da keçiriləcək tədbirlər də öz möhtəşəmliyi ilə yadda qalacaq”, - deyən B.Emerson Avropa Oyunlarına çoxlu sayda tamaşaçı gələcəyinə əminliyini ifadə edib. “Bakı Kristal Hall”da voleybol yarışlarını 4 minə yaxın, boksu 2 min, karate və taekvandonu hərəsi 1500, qılıncoynatmanı isə 1000-ə yaxın tamaşaçı izləyəcək.
Avropa Oyunlarının keçiriləcəyi hər bir idman obyektində mətbuat mərkəzi və şərhçi mərkəzi fəaliyyət göstərəcək, yarışları yaxından izləmək üçün bu mərkəzlərdə hər bir şərait yaradılacaq.
Baş menecer qeyd edib ki, Azərbaycanda boks və voleybol çox populyar idman növləri olduğundan və bu idmanı sevənlərin sayını nəzərə alaraq “Bakı Kristal Hall” ən yaxşı məkan kimi seçilib. Karate də ölkəmizdə sevilən idman növüdür. Həmsöhbətim karate üzrə yarışlarda idmançılarımızın Avropa Oyunlarının qalibi olacağına xüsusi ümid bəslədiyini də gizlətməyib.
Onun sözlərinə görə idman yarışları üçün quraşdırılan avadanlıqların Azərbaycanda olmadığı halda xaricdən gətirilməsi planlaşdırılır. İdman avadanlıqlarından başqa, obyektdə qabaqcıl texnologiyalar, audio-video avadanlıqları da quraşdırılacaq. Yarışların ilk günündə voleybol və karate yarışlarına start veriləcək. Avropa Oyunlarının keçiriləcəyi 17 gün ərzində burada idman yarışları təşkil olunacaq. Yarışların yayınması üçün artıq bir neçə televiziya kanalı ilə müqavilə imzalanıb, yayımın keyfiyyətlə həyata keçirilməsi üçün burada bütün lazımi şərait yaradılacaq.
“Bakı Kristal Hall”-ın arxasında isə oyunların idarə edilməsi məqsədi ilə təqribən 30-40 otaqlı ikimərtəbəli ofis binası tikiləcək. Şüşə və metal konstruksiyalardan inşa olunacaq müasir binada hakimlər və idmançılar yerləşəcək. Hazırda ərazidə binanın təməlinin qoyulması istiqamətində işlər aparılır. Tikinti işləri aprelin ortalarında yekunlaşacaq.
Bir az aralıda isə, “Bakı Kristal Hall”-ın vaxtilə mətbuat mərkəzi yerləşdiyi məkanda - 4000 kvadratmetr sahədə karate, taekvondo və qılıncoynatma üzrə yarışlar təşkil olunacaq. Burada həmçinin idmançıların məşq və isinmə hərəkətləri üçün 1000 kvadratmetr sahəyə malik geniş zal hazırlanır.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR