Deputat: “ABŞ səfirliyi Kerrinin Qorbaçova müraciətə imza atması barədə məsələyə aydın reaksiya verməli idi”

Deputat: “ABŞ səfirliyi Kerrinin Qorbaçova müraciətə imza atması barədə məsələyə aydın reaksiya verməli idi”
19:42 22 Yanvar 2015
206 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 19:37 ]

Bakı. Mübariz Aslanov - APA. “ABŞ-ın Azərbaycandakı səfirliyinin o müraciəti imzalayanlar arasında hazırda Vaşinqtonda yüksək vəzifə tutanların olmasını, erməni mətbuatının bunu “toy-bayram etməsi”ni nəzərə alaraq, bu məsələyə dərhal aydın reaksiya verərək, aydınlıq gətirməsi daha obyektiv olardı, nəinki məlumatsız olduqlarını bildirib üstündən keçmələri... 90-cı illərin əvvəllərinə qayıdıb, o dövrdəki məlumatsızlıq şəraitini əsas gətirərək məsələyə aydınlıq gətirmək lazım idi. Bunları bir kənara qoyub məlumatsızlıq nümayiş etdirmək, çox uğursuz və müəmmalı mövqedir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc ötən əsrin 90-cı illərində ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin də daxil olduğu bir qrup senatorun SSRİ rəhbərliyinə “Dağlıq Qarabağın ermənilərə verilməsi” məzmunlu müraciətinə və ötən gün ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkilinin bu barədə məlumatsız olması barədə açıqlamasına münasibət bildirərkən deyib.

 

Z. Oruc qeyd edib ki, dünyanın ən məxfi sənədini belə anındaca masa üzərinə qoyan bir ölkənin səfirliyinin bu məsələdə özünü məlumatsız kimi aparması özü şübhəli və mənfi haldır.

 

ABŞ senatorlarının imzaladığı müraciətdən danışan Z. Oruc deyib ki, gerçəklik ondan ibarətdir ki, ötən əsrin 90-cı illərinin əvvəlində Qərb, o cümlədən ABŞ Azərbaycandakı proseslərə mənfi münasibət bəsləyib: “Düzdür, o vaxt hesab edirdik ki, bu, yəqin fərdi mövqedir, fərdi bəyanatlardır, ABŞ dövləti başqa cür düşünür. Halbuki 20 Yanvar hadisələri ilə bağlı Marqaret Tetçer demişdi ki, bu, SSRİ-nin daxili işidir. Hətta bir sıra Qərb dövlətləri irəli gedərək bəyan etmişdi ki, “Qorbaçov qoy buradakı İslam fundamentalistlərini, ekstremistləri neytrallaşdırsın və prosesləri dinc məcraya yönəltsin. Əks halda bu, Avropa üçün də problemlər doğura bilər”. Bu qədər amansız, qeyri-real mövqelərin şahidi olurduq. Ölkəmizdə gedən azadlıq hərəkatını bu cür dəyərləndirirdilər”.

 

Deputat deyib ki, C. Kerri də daxil olmaqla, bir qrup senatorun o vaxt Qorbaçova belə bir müraciət etməsi Sovet İttifaqı baş katibini amansız tədbirlər görməyə daha da stimullaşdırırdı və təhrik edirdi: “Bu, Qərbin açıq şəkildə Qorbaçovu himayə etdiyini göstərirdi və SSRİ-ni dağıtmaq planının tərkib hissəsi idi. Ona görə də Qorbaçov onlardan mükafat gözləyirmiş kimi dərhal hərbi qüvvəni Bakıya yeritdi, o cümlədən Qarabağ məsələsində birbaşa erməniləri müdafiə edərək tribunanı onlara verdi. Ona görə də biz Amerika senatorlarının o vaxtkı bəyanatını ABŞ-ın sonrakı mövqeyinin formalaşmasında, yanlış qərarlar verməsində özünü göstərməsinə əminik. “907-ci maddə” məsələsi də həmin bu müraciətlərdən sonra meydana gəldi. Hamıya bəllidir ki, “907-ci düzəliş”lə bağlı aktın qəbul edilməsində Kerrinin də rolu var idi. İndi biz ABŞ-ın buna görə cavab vermək tələbindən uzağıq, amma indi Kerrinin imkanı var ki, o əməlinin fəaliyyətində yanlış səhifə kimi qalmaması üçün Ermənistana yardımların dayandırılmasına, separatçı rejimin himayəsindən çəkinilməsinə və Azərbaycanla bağlı obyektiv mövqe sərgilənməsinə nail olsun”.

 

Qeyd edək ki, erməni mətbuatında Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində Qorbaçova ünvanladığı ermənipərəst müraciəti yayılıb.

 

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan isə belə bir məktubla tanış olmadığını deyib. Diplomat bildirib ki, mediada belə iddialar irəli sürülüb, lakin bu cür iddialar yanlış və əsassızdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR