Culfa rayonunun Şurud kəndində quruculuq işləri aparılıb

19:58 22 Yanvar 2015
253 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 22 yanvar, AzərTAc
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikanın yaşayış məntəqələrinin tarazlı inkişafının təmin olunması, kəndlərin infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər Culfa rayonunun Şurud kəndini də əhatə edib. Rayon mərkəzindən 23 kilometr aralıda – hündür dağ silsilələrinin ətəyində yerləşən Şurudun quruculuq xəritəsi ötən ildən başlayaraq xeyli genişlənib, kənddə yeni sosial obyektlər tikilib.
Şurud kənd məktəbinin binası
yenidən qurulub
Şurud kənd tam orta məktəbinin binasında əsaslı yenidənqurma işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şurud kəndinə gəlib, məktəb binasında yaradılan şərait və tədrisin vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, yenidənqurma işləri aparılarkən məktəb binasının döşəməsi, tavanı, qapı və pəncərələri dəyişdirilib, sinif otaqları və fənn kabinələri müasir tədris metodlarına uyğun qurulub. Hazırda məktəbdə 2-si elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompyuter otağı, kitabxana, müəllimlər otağı, hərbi kabinə, şahmat sinfi, idman zalı, açıq idman meydançası və bufet vardır.
Məktəbin kitabxanasındakı 1468 kitab müəllim və şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri məktəbin mütəmadi olaraq elektron dərsliklərlə təmin olunması və kitabxana fondunun yeni nəşr olunan ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıqlar verib.
Kompyuter sinfindəki kompyuterlərin hər birinin internetə çıxışı vardır. Kimya-biologiya və fizika laboratoriyalarındakı əyani vəsaitlər isə müvafiq fənlər üzrə biliklərin təcrübi yolla möhkəmləndirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədrinə məlumat verilib ki, müəllim-şagird münasibətlərinin düzgün qurulması məktəbdə yaxşı təhsil ənənələrinin formalaşmasına və uğurlu nəticələrin qazanılmasına səbəb olub. Son 3 ildə məktəbi bitirən 18 məzunun hamısı ali məktəblərə qəbul olunub, onlardan 5-i isə 500-700 intervalında yüksək bal toplayıb.
Elektron lövhəli siniflərdə muzeylər və ümumtəhsil məktəbləri ilə interaktiv əlaqələrin yaradılması təmin edilib.
Ali Məclisin Sədri muxtar respublikanın 212 təhsil müəssisəsi ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında “Qəhrəmanlar unudulmur” mövzusunda keçirilən virtual dərsi izləyib.
İdman zalı və həyətdə quraşdırılan açıq idman qurğuları fiziki tərbiyə dərslərinin səmərəli təşkilinə imkan verəcəkdir. Hərbi kabinə də gənclərin çağırışaqədərki hazırlıqlarına və vətənpərvər ruhda böyüməsinə mühüm töhfə verəcəkdir.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, bu gün Şurud kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulub. Məktəbdə tədrisin normal təşkili üçün lazımi şərait yaradılıb, elektron tədris avadanlıqları qurulub, internetə çıxış təmin edilib. Məktəbin nailiyyətləri uğurludur və 1 müəllim Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin pedaqoji kollektivinə təşəkkürünü bildirib, onlara gələcək tədrisdə uğurlar arzulayıb.
Müəllim Səbinə Vəliyeva minnətdarlıq edərək deyib ki, Şurud kənd tam orta məktəbində yaradılan şərait tədrisin hərtərəfli təşkilinə, daha uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Göstərilən qayğı qarşıya mühüm vəzifələr qoyur. Müəllimlər bundan sonra da səylə çalışacaq, ölkəmiz və xalqımız üçün savadlı və vətənpərvər gənclər yetişdirəcəklər.
Binada yeni istilik sistemi quraşdırılıb, həyətdə yaşıllıqlar salınıb.
Şurudda kənd mərkəzi
istifadəyə verilib
Yanvarın 22-də Şurud Kənd Mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Tədbirdə Şurud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşı Fariz Orucov çıxış edərək deyib ki, ucqar dağ kəndi olan Şurud muxtar respublikanın abadlaşan yaşayış məntəqələrinin sırasına qoşulub. İnşa olunan yeni sosial obyektlər dövlət qurumlarının fəaliyyətinin səmərəli təşkilinə imkan verəcəkdir. Kənddə əhali maldarlıq, əkinçilik və arıçılıqla məşğul olur. Yaradılan şərait təsərrüfatların inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olub.
Fariz Orucov qurulanlardan səmərəli istifadə edəcəklərinə və sakinlərə nümunəvi xidmət göstərəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şurud kəndində aparılan abadlıq-quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Muxtar respublikada dağ və sərhəd kəndlərinin abadlaşması, yenidən qurulması diqqət mərkəzində saxlanılır, kompleks tikinti-quruculuq işləri aparılır. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşayışının təmin olunmasına xidmət edir. Kəndin abadlaşması və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq qaz xətti çəkilmiş, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Dövlətin yaratdığı şəraitin nəticəsidir ki, ucqar dağ kəndi olmasına baxmayaraq, bu gün Şuruda fiber-optik kabel çəkilmiş, yeni ATS quraşdırılmış, sakinlərin internetə çıxış imkanı yaradılmışdır.
Ali Məclisin Sədri deyib: Muxtar respublikada ən geniş torpaq sahəsi Gal və Şurud kənd bələdiyyəsinin payına düşür. Kənddə fərdi təsərrüfatların genişləndirilməsi, xüsusilə heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi üçün lazımı şərait vardır. Torpaq sahələrindən səmərəli istifadə edilməsi, təsərrüfatların genişləndirilməsi qarşıda duran əsas vəzifələrdir. Bütün bunlar kəndlərdə əhalinin rifahının yaxşılaşmasına, məskunlaşmanın artmasına, kənd təsərrüfatı məhsulları istehsalının çoxalmasına və nəticədə ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Ona görə də rayon icra hakimiyyətləri və aid dövlət qurumları bundan sonra da ucqar dağ və sərhəd kəndlərində əhalinin məşğulluğunun təmin olunmasını diqqət mərkəzində saxlamalı, güzəştli şərtlərlə kreditlər verilməli, təsərrüfatlar inkişaf etdirilməlidir.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, sakinlərə firavan həyat arzulayıb, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, binada rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, klub, 35 yerlik iclas zalı və kitabxana vardır. Kitabxanada oxucuların istifadəsinə 5 min 764 kitab verilib.
Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan tikinti-quruculuq işləri zamanı rabitə xidmətlərinin keyfiyyəti də yaxşılaşdırılır, kəndlər genişzolaqlı internet şəbəkəsi və rəqəmsal ATS-lərlə təchiz olunur. Şurud kənd rabitə evində də 384 yerlik yeni nəsil ATS quraşdırılıb, poçt şöbəsi yaradılıb.
Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 3 iş otağı ayrılıb. Burada sakinlərə səhiyyə xidmətinin göstərilməsi üçün hər cür şərait vardır. Lazımı dərman vasitələri və müasir avadanlıqlarla təminat sakinlərin vaxtlı-vaxtında müayinəsinə və profilaktik tədbirlərin təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri rayon mərkəzi xəstəxanası tərəfindən kəndə mütəmadi olaraq həkim briqadalarının göndərilməsi və əhalinin müayinədən keçirilməsi barədə tapşırıqlar verib.
Yeni Azərbaycan Partiyası Şurud kənd ərazi ilk təşkilatının 76 üzvü vardır. Onlardan 24-ü gənc, 39-u isə qadındır. Mərkəzdə ərazi ilk təşkilatının səmərəli fəaliyyəti üçün də ayrıca iş otağı ayrılıb.
Mal-qaranın baş sayının artırılması və xəstəliklərə qarşı mübarizə heyvandarlığın inkişafında əsas şərtdir. Buna görə də kənd yerlərində baytarlıq xidməti səmərəli təşkil olunur. Bütün lazımı vasitələrlə təmin olunan baytarlıq məntəqəsi Şurud və Gal kəndlərində bu sahədə xidmətin nümunəvi təşkilinə şərait yaradacaqdır.
Binanın həyətində də geniş abadlıq işləri görülüb.
Xidmət mərkəzi sakinlərin rahatlığını
təmin edəcəkdir
Həmin gün Şurudda yeni xidmət mərkəzi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Bildirilib ki, ucqar dağ kəndlərində xidmət mərkəzlərinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Məhz bu xidmət sayəsində sakinlər uzun məsafə qət etmir, gündəlik tələbatlarını öz kəndlərində ödəyirlər. Xidmət mərkəzində mağaza və bərbərxana fəaliyyət göstərir. Mağazada ərzaq və sənaye məhsulları ilə yanaşı, Şurud kəndində yetişdirilən məhsullar da satışa çıxarılır. Burada 2 nəfər işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşüb.
Kənd ağsaqqalları Əli Şəkərəliyev, Həşim Kalbalıyev və Əli Orucov minnətdarlıq edərək deyiblər ki, bu gün Şurud kəndi xoş günlərini yaşayır. Kənddə sakinlər rahat yaşayır, təsərrüfatla məşğul olur, öz güzəranlarını təmin edirlər. Bütün bunlar dövlətimizin yaratdığı şəraitin, insanlara göstərilən qayğının nəticəsidir. Ucqar dağ kəndi olan Şurud müasirləşən Naxçıvanın abad guşələrindən birinə çevrilib. Yaradılan şəraitin nəticəsidir ki, artıq kənddə məskunlaşma ilbəil artır. Naxçıvan Muxtar Respublikasının inkişafını, onun hər bir yaşayış məntəqəsinin, hər bir kəndinin abadlığını görən sakinlər öz yurdlarına daha sıx tellərlə bağlanır, onların qurub-yaratmaq əzmi daha da artır.
Ali Məclisin Sədri deyib ki, kəndlərin abadlaşması, insanların rahat yaşayışının təmin olunması dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Şurud kəndində insanların rahatlığı və məskunlaşması üçün həyata keçirilən tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Yaradılan şəraitin müqabilində isə kənd sakinləri, xüsusilə ağsaqqallar gənclərin vətənpərvər, torpağına, yurduna bağlı insanlar kimi yetişməsinə diqqət yetirməli, ölkəmizin inkişafında yaxından iştirak etməlidirlər.
* * *
Kənddə aparılan abadlıq-quruculuq işləri zamanı 12,2 kilometrlik Gal-Şurud avtomobil yoluna qum-çınqıl qatı verilib, yol üzərindəki 2 körpü təmir edilib, 19 su keçidi, 25 selötürücü qoyulub. Kəndə 1030 metr fiber-optik kabel çəkilib, 920 metr rabitə kabeli, 5 kilometrə yaxın elektrik verilişi xətti yenilənib. Həmçinin kənddə 160 metr yeni qaz xətti, 100 metr kaptaj, 450 metr yeni içməli su xətti çəkilib, kənd kəhrizində bərpa işləri aparılıb.
Gal kəndində yeni sosial obyektlər
inşa olunacaqdır
Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işləri 2015-ci ildə də davam etdirilir. Bu tədbirlər çərçivəsində bu il Culfa rayonunun Gal kəndində geniş quruculuq işləri aparılacaqdır.
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gal kəndinə gəlib, kənd məktəbinin mövcud vəziyyəti və dövlət qurumlarının fəaliyyəti ilə maraqlanıb.
Məlumat verilib ki, kənd məktəbinin binası müasir tələblərə cavab vermir. Kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzlərinin inşa olunması nəzərdə tutulub.
Ali Məclisin Sədri tikinti aparılacaq ərazilərə baxıb, obyektlərin layihələndirilməsi və inşaat işlərinə başlanılması barədə tapşırıqlar verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Culfa_rayonunun_Surud_kendinde_quruculuq_isleri_aparilib-826842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR