Fikrət Şirinov: Büdcə-vergi siyasəti makroiqtisadi göstəricilərin sabit artımına yönəldilib

20:38 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Makroiqtisadi sahədə müvəffəqiyyətin təmin edilməsi üçün büdcə-vergi siyasəti uğurla həyata keçirilməlidir. Azərbaycanın büdcə-vergi siyasəti makroiqtisadi göstəricilərin sabit artımına, iqtisadiyyatın prioritet sahələrinin modernləşdirilməsinə, onun səmərəliliyinin təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, maliyyə intizamının gücləndirilməsinə nail olmağa yönəldilib.
Bunu Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini Fikrət Şirinov AzərTAc-a müsahibəsində deyib.
“Məhz bunun nəticəsidir ki, son 15 ildə vergi orqanları tərəfindən dövlət büdcəsinə daxilolmalarda yüksək artım qeydə alınıb. Bu daxilolmalar 2014-cü ildə 2000-ci illə müqayisədə 14 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 15 dəfə artıb. Həmin dövrdə vergi orqanları tərəfindən qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların artım sürəti ümumi daxili məhsul artımını 2013-cü ildə 3 faiz bəndi, 2014-cü ildə isə 4,1 faiz bəndi üstələyib. Son 15 ildə büdcə daxilolmalarının strukturuna diqqət yetirdikdə vergi daxilolmalarının xüsusi çəkisinin Dövlət Neft Fondundan transferlər nəzərə alınmadan 2000 ildə olan 71,4 faizdən 2014-cü ildə 78,4 faizədək artdığını görərik” – maliyyəçi fikrinin davamında bildirib.
Ölkəmizdə aparılan vergi siyasətinin əsas istiqamətlərindən birinin də vergi yükünün azaldılması olduğunu deyən F. Şirinov qeyd edib ki, son 15 ildə mənfəət, əlavə dəyər və fiziki şəxslərdən gəlir vergisinin dərəcələri yalnız azalma istiqamətində dəyişib: “Lakin vergi yükünün azaldılması aparılan digər məqsədyönlü tədbirlərlə yanaşı, ölkə iqtisadiyyatının bütün sahələrində dinamik artım templəri ilə müşahidə olunub və büdcə daxilolmalarının artmasına şərait yaradıb. Əlavə dəyər vergisinin vergi daxilolmalarında xüsusi çəkisi 22,4 faizdən 28,7 faizədək hüquqi şəxslərin mənfəət vergisi 24,6 faizdən 31,9 faizədək artıb. Bu, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi və əlverişli investisiya mühitinin yaradılması işlərinin davam etdirilməsi nəticəsində mümkün olub”.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fikret_Sirinov_Budce_vergi_siyaseti_makroiqtisadi_gostericilerin_sabit_artimina_yoneldilib-826852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR