Yaradıcı insanların potensialının aşkarlanmasına dair saziş imzalanıb

Yaradıcı insanların potensialının aşkarlanmasına dair saziş imzalanıb
20:43 22 Yanvar 2015
206 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universiteti (BSU) arasında üçtərəfli saziş imzalanıb.
Fonddan AzərTAc-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağında 10 ilə yaxındır yaradıcılıq fakültəsinin fəaliyyət göstərdiyini xatırladıb. Rektor bundan sonra fakültənin əhatə dairəsinin Yaradıcılıq Fondunun xətti ilə daha da genişlənəcəyinə, onun bütün bölgələrin istedadlı şəxslərinin faydalana biləcəyi quruma çevriləcəyinə əminliyini vurğulayıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bu sazişin mədəni, eyni zamanda, intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, Azərbaycan istedadları ilə seçilən ölkədir. Hər dövrdə sayılıb-seçilən istedadlı şəxslərimiz olub. Belə insanlar bu gün də var. Onlara yaradıcılıq imkanlarının verilməsi, fəaliyyətlərinin diqqət mərkəzinə gətirilməsi vacibdir. Bilik Fondu bu istiqamətdə Yaradıcılıq Fonduna dəstək göstərməyə hazırdır və bu sazişlə biz görəcəyimiz işlərin hüquqi əsasını formalaşdırmış olduq.
Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov təməli yaradıcılıq fakültəsi ilə qoyulan təşkilatın bu gün əhatə dairəsini genişləndirərək Fond funksiyasını yerinə yetirməsini intellektual insanların böyük uğuru kimi dəyərləndirib. Q.Rüstəmov deyib ki, Yaradıcılıq Fondu bütün sahələrdə yaratmağı bacaran insanların toplaşdığı məkan olacaq.
Sonra yaradıcı insanların potensialının aşkarlanmasına dair
saziş imzalanıb.
Sənədi Bilik Fondunun icraçı direktoru O.Səmədov, BSU-nun rektoru A.Hacıyev, Yaradıcılıq Fondunun aparat rəhbəri Q.Rüstəmov imzalayıblar.
Yaradıcı insanların potensialının aşkarlanmasına imkan verəcək sazişə görə, tərəflər müxtəlif bölgələrdə yaşayan yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin milli dövlətçilik ruhunda tərbiyə olunması, istedadlı şəxslərə qayğı və diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaradici_insanlarin_potensialinin_askarlanmasina_dair_sazis_imzalanib-826853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR