Ermənilərin törətdikləri terror aktlarına Fransa da məruz qalıb

Ermənilərin törətdikləri terror aktlarına Fransa da məruz qalıb
20:53 22 Yanvar 2015
223 Ölkə
Ölkə mətbuatı
A- A+


Paris, 22 yanvar, AzərTAc 
Fransada 17 nəfərin həyatına son qoyan terror aktlarından iki həftəyə yaxın vaxt keçsə də, ölkə mətbuatında terrora dair tarixi araşdırmalardan bəhs edən materiallar geniş yer almaqdadır.
“Francetv info” portalında dərc olunan “Charlie Hebdo: son 50 ildə törədilən ən pis terror aktı” sərlövhəli məqalədə ölkədə ayrı-ayrı vaxtlarda müxtəlif terror təşkilatlarının, o cümlədən Ermənistanın ASALA terror təşkilatının törətdiyi terror aktlarından bəhs olunub.
Fransanın keçən əsrin 60-cı illərindən terrorizmlə üzləşdiyi xatırladılan məqalədə 1961-ci ildə Paris-Strasburq qatarında törədilən terror aktı nəticəsində 27 sərnişinin həlak olduğu bildirilib.
1973-cü ildə Londonda iki terror aktı törədən “Karlos” ləqəbli Ramires Sançesin 1975-ci ildə Fransada 66 nəfəri girov götürdüyü, sonradan girovları azad edərək təyyarədə Əlcəzairə qaçdığı məqalədə öz əksini tapıb. 1980-ci ildə Parisin Kopernik küçəsindəki sinaqoq qarşısında partladılan bombanın 7 nəfərin həyatla vidalaşmasına, 20 nəfərin yaralanmasına səbəb olduğu, 1982-ci ildə Paris-Tuluz qatarında baş verən terror aktı zamanı isə 300 nəfərin yaralandığı qeyd olunub.
Məqalədə diqqətə çatdırılıb ki, Türkiyəyə qarşı daim düşmənçilik münasibəti bəsləyən ermənilərin ASALA təşkilatı keçən əsrdə türk diplomatlarına və vətəndaşlarına qarşı silsilə terror aktları həyata keçirib. Bu terror aktları zamanı onlarla insan qətlə yetirilib.
Erməni canilərin Fransada türklərə qarşı törətdikləri terror aktı 1980-ci illərə təsadüf edib. ASALA-nın 1983-cü il iyul ayının 15-də Parisin Orli beynəlxalq hava limanında Türkiyə Hava Yolları şirkətinə məxsus bölmədə törətdiyi terror aktı zamanı 8 nəfər həlak olub, 54 nəfər yaralanıb. Terror törədən üç erməni yalnız 1985-ci ildə həbs olunub və onlar 10-15 illiyə azadlıqdan məhrum ediliblər.
Məqalədə 1986-cı ildə Parisin Renn küçəsində, Defans ticarət mərkəzində, Lafayet univermağında, şəhərlərarası qatarların Sən-Mişel və Port-Royal dayanacaqlarında və digər yerlərdə müxtəlif illərdə törədilən terror aktlarının onlarla insanın qətlə yetirilməsi və yüzlərlə Fransa vətəndaşının yaralanması ilə nəticələndiyi barədə məlumat da yer alıb.
Məqalədə bəşəriyyəti təhdid edən və insanları qorxu içərisində saxlayan terrorizmə qarşı mübarizədə bütün dünya ölkələrini həmrəy olmağa dair çağırış səslənib.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenilerin_toretdikleri_terror_aktlarina_Fransa_da_meruz_qalib-826855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR