Daha varlı dünya. Amma baxır kim üçün - HESABAT

Daha varlı dünya. Amma baxır kim üçün - HESABAT
21:57 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

BBC-nin yeni "Varlı dünya" mövsümü qlobal sərvəti, yoxsulluğu və bərabərsizliyi araşdırır. Lakin əslində "daha varlı dünya" nə deməkdir axı?
Biz getdikcə varlanırıq. Əlbəttə, ayrılıqda hər bir adam və ya hər hansı ölkə yox. Ümumilikdə. Bu gün orta insanın iqtisadi yaşam standartları tarixən hər hansı vaxtda olduğundan daha yüksəkdir.
 
Bunu hesablamağın yollarından biri də adambaşına düşən məhsulların və xidmətlərin istehsalıdır. Buna adambaşına düşən ümumi daxili məhsul – ÜDM də deyirlər.
2010-cu ilədək olan son 60 ildə qlobal əhalinin sayı 4 dəfə artıb.
 
Ölkələr arasında qeydə alınmış müəyyən fərqlər var. Məsələn, Çində artım heyrətamiz şəkildə 18 dəfə olub. Cənubi Koreya və Tayvanın göstəriciləri bundan da yüksəkdir. Onlar orta hesabla 1950-ci ildə olduğundan indi 25 dəfə varlıdırlar.
 
Əsasən, Afrikada olan bəzi ölkələrdə vəziyyət əksinədir. Konqo Demokratik Respublikasında eyni dövrdə həyat standartları iki dəfə düşüb.

 
Lakin bu rəqəmlərə ehtiyatla yanaşılmalıdır. Rəqəmlər gözə görünməyən, lakin həyat keyfiyyətinə təsir edən bəzi faktorları əks etdirmir. Bunlara, məsələn, icmaların gücü və ətraf mühit standartları daxildir. Uzun müddətdə “real şəraiti” əldə etmək üçün hər şeyi dollarla ölçməyin və inflyasiyaya uyğunlaşdırmağın da öz texniki xətaları var.
 
Lakin bu rəqəmlər bəlkə də, tarixi iqtisadi məlumatlar üçün yüksək qiymətləndirilən ən etibarlı mənbədən götürülür. Söhbət, mərhum professor Angus Maddisonun qurduğu layihədən gedir. Oradan götürülən rəqəmlər aydındır. Deməli, iqtisadi baxımdam onlara güvənmək olar.
Bu göstəricilərdən biri budur ki, biz indi daha uzun ömür sürürük. Ötən əsrin ortalarında doğulmuş körpənin 50 il yaşayacağı gözlənilirdi. İndi isə bu rəqəm 70-dir. Burada yenə də ölkələr üzrə geniş fərqlər ola bilər, lakin artım meyli bütün ölkələrdə qeydə alınıb. Ömür uzunluğu gözləntisinin bir neçə ay qısaldığı yeganə istisna Botsvanadır.

 
Daha uzun ömrün arxasında bir çox faktorlar durur, lakin iqtisadi yüksəliş sağlamlığımız, qidalanmağımız və təhlükəli olmayan təmiz içməli suyun qayğısına qalmağımız üçün imkan yaradır.
 
Maşın sahibliyi

Biz buna bənzər mənzərəni yüksələn həyat standartlarına bir az da yaxından baxanda müşahidə edirik. Bu əsrin əvvəllərindəki 7 il ərzində şəxsi avtomobil sahiblərinin sayı 30 faiz artıb, hərçənd sonralar qlobal resessiya dövründə bu rəqəm bir qədər azalıb. Bu artım əsas etibarilə orta və aşağı gəlirli ölkələrdə baş verib.

 
Lakin adambaşına düşən ÜDM-in çiy orta rəqəmlərinə bir az şübhə ilə baxmaq üçün başqa səbəblər də var. Bu rəqəmlər bizə gəlirin paylaşılması və ya bərabərsizliyin dəyişməkdə olan meylləri barədə heç nə demir.
 
Beləliklə, yüksək gəlirləri olan adamların yaşayış səviyyəsininin yüksəldiyi bir vaxtda, başqalarının həyat standartları qalxmasa da, ümumi orta standartlar qalxmış olacaq.
 
Gəlin Amerikaya nəzər yetirək (çünki bu ölkə barədə məlumat həddən-ziyadə çoxdur). 2013-cü ildə real (inflyasiya nəzərə alınmaqla) evbaşı gəlirin artımı əhalinin çoxluğuna daxil 20 faiz üçün son 40 ildə 1,4 faiz olub. Varlı evlərin 95 faizi üçünsə bu rəqəm 44 faiz təşkil edib.
 
Varlı ölkələrin və aparıcı işkişaf etməkdə olan ölkələrin daxil olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Cooperation and Development, OECD) rəqəmləri də üzv ölkələrdə bərabərsizliyin artdığını göstərir. Bu qrafik Gini əmsalı adlanan ölçüdən istifadə edir. Rəqəm nə qədər böyükdürsə, deməli, gəlirin bölüşdürülməsindəki bərabərsizlik də o qədər böyükdür və bu rəqəm son illərdə yüksəlib.

 
Əlbəttə, artan bərabərsizliyin nə qədər mənfi amil olduğu barədə qızğın debatlar gedir. Bu sualın cavabı ona görə mühümdür ki, problemin həlli üçün hansı hökumətin (əgər beləsi ümumiyyətlə varsa) təcrübəsindən istifadə edilməsi müəyyən olunsun.
Artan bərabərsizlik o deməkdir ki, dünya varlanır, amma bunu hiss etməyənlər də var.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/50192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR