Onlara sahib çıxın ki, sabah quldur olub başınıza bəla olmasınlar...

Onlara sahib çıxın ki, sabah quldur olub başınıza bəla olmasınlar...
08:32 23 Yanvar 2015
231 Sosial
Ölkə mətbuatı
A- A+

Məhəmməd peyğəmbərin yaxşı bir ifadəsi var: "Övlad qoxusu, cənnət qoxusudur". Amma bu fikrə əhəmiyyət verməyərək, cənnəti əllərinin tərsi ilə itələyən valideynlərin sayı yetəri qədər çoxdur. Bir tərəfdə illərlə övladı olması üçün dəridən-qabıqdan çıxan, digər tərəfdə isə övladı olar-olmaz küçəyə, məscidə, uşaq evlərinə atan valideynlər cəmiyyətimizin bugünkü günündə "əvəzsiz rol"a malikdirlər. Övladının olmasını öyrəndikdən sonra onu öldürən (abort) "valideynlər"i saymıram belə.

Uşaq evlərinə atılmış körpələr illər sonra yetkinlik yaşına gəldikdən sonra "doğma ev"lərindən bir növ deportasiya olunur. Həyatı boyu uşaq evindən kənara çıxmayan, oranın sakini olan biri illər sonra məzun olaraq cəmiyyətə azad və özünə inamlı şəkildə addım atması çox çətindir. Türklərin bir sözü var ki, "həyata tutunacaqları bir dal (budaq) olmalıdır". Ən əsası isə heç bir peşədən anlayışı olmayan uşaqlar məzun olduqdan sonra dolanışıq şəraitini tənzimləməkdə bir xeyli əziyyət çəkəcəklər. Bunun üçün uşaq evlərində peşə fəaliyyətinə uyğun dərslərin tədris olunması əsas şərtdir.

Məzun olub cəmiyyətə qaynayıb-qarışmaq istəyənlər tərəfindən əksər hallarda sərt reaksiya gəlir. İnsanların bəzisi bu uşaqları potensial təhlükə kimi qiymətləndirərək onlardan uzaq durmağa çalışır, bəziləri onların halına acıyır, normal münasibət göstərir, bəziləri də bu uşaqların saflığından istifadə edərək, müxtəlif vədlərlə aldadaraq yoldan çıxarır. Onlara sahib çıxılmadıqda gələcəkdə çirkaba bulaşıb, pis yola düşüb real təhlükə mənbəyi olmaq ehtimalı yüksəlir.

Onların cəmiyyətə adaptasiya prosesi əksərən uğursuzluqla nəticələnir. Uşaq evlərindən məzun olana yaxın gərəkdir ki, onlara psixoloji yardım və adaptasiya məsələlərində yönləndirmələr olsun. Bu situasiyaların gerçəkləşməsindən sonra onlarla cəmiyyət arasındakı adaptasiya bağlılığı daha erkən öz həllini tapar.

Bu barədə Milli.Az-a danışan sosioloq Sənubər Heydərova bildirdi ki, bəzən adaptasiya məsələsi haqda danışanda cəmiyyətdə birmənalı qarşılanmır: "İnsanlar üçün anlamaq çətindir ki, necə onlar kimi bir insan heç bir işi bacarmaya bilər. Kiçik bir misal gətirmək istərdim. Təsəvvür edin ki, lap körpəlikdən siz ev kimi bir yerdəsiniz, gündə 3 dəfə çoxlu uşaqla yemək yeyirsiniz, hamınız birgə yatırsınız. Bəzən məktəb üçün də çölə çıxmaq lazım gəlmir. Geyim və digər əşyalar da hardansa gətirilir. Paltar, qab yumaq, ev yığmaq lazım deyil. Hər şeyi edən var. Bu cür çox yox, 2 il yaşasanız, xeyli həyat bacarıqlarınızı itirəcəksiniz. Söhbət bu bacarıqları heç qazanmamış uşaqlardan gedir. Onların yaşı tamam olub cəmiyyətə çıxmaq zamanı gələndə çoxu heç dükandan saqqız almaq bacarığına sahib olmur. Heç vaxt öz pulu olmayan və özü üçün heç nə almayan böyük adama birdən birə get, özün yaşa deyirlər. Bu cəhətdən müəssisələr uşaqları həyata düzgün hazırlamırlar.

Bir tərəfdən də illərlə bayramlarda gələn qonaqlar onlara hər şeyi gətirir, arxayın olmaq üçün "əlləri ilə yedizdirir" və uşaqları ələbaxımlılığa öyrədirlər. Bu, məsələnin müəssisədə olan tərəfi. Cəmiyyət tərəfdən baxanda, bu uşaqlar təəssüf ki, cəmiyyətin etibar etmədiyi, hətta bəzilərinin qorxduğu təbəqə sayılır. Ən yaxşı halda bu uşaqlara adamların yazığı gəlir. Bəzi qruplar üçün bu uşaqlar asan istifadə edə biləcəkləri həssas təbəqədir. Onlar işsiz, evsiz və peşəsizdirlər. Hər cür himayəni qəbul edirlər. Cəmiyyətin özünü müdafiə instikti çox güclüdür. Adətən bu uşaqlarla münasibətdə o instikt işə düşür və onlar yad elementlər kimi kənara atılırlar. Cəmiyyət üçün nə onları qəbul etmək, nə də onlara uyğunlaşmaqla bağlı heç bir bilik verilmir. İnsanlar onlardan nə gözləyəcəklərini və onlara necə yardım edə biləcəklərini təsəvvür etmirlər. Bu səbəbdən artıq neçə illərdir ki, inkişaf etmiş ölkələrdə De-İnstitutlaşma proqramları həyata keçirilir. Bu proqramlarda alternativ qayğı metodları nəzərdə tutulur. Sadə desək, bu ölkələr internat, uşaq evləri kimi çox uşağı əhatə edən müəssisələri bağlayıb əvəzində ortaya ailə tipli modellər qoyurlar: kiçik qrup evləri, gənclər evləri və s. Ölkəmiz də 2006-cı ildə bu təşəbbüsə qoşuldu və De-İ (de ay) proqramına başladı. Proqram bu il - yəni 2015-ci ildə yekunlaşmalıdır. Lakin 2006-cı ildən bu yana mütəxəssislər dəfələrlə proqramın şəffaflığı, statistika, maliyyə bölgüsü, görülmüş işlərlə bağlı narahatlıqlarını ifadə etsələr də, Təhsil Nazirliyi proqramın gedişatında dəyişiklik etməyib. Bu illər ərzində 1, yaxud 2 müəssisə bağlanıb, bu işin də proqramın tələblərinə uyğun baş tutub-tutmaması bəlli deyil. İlin və proqramın yekununu gözləməkdən başqa çarə qalmayıb".

Uşaq evlərindən məzun olmuş şəxslərin cəmiyyətə adaptasiya olmasına bilavasitə yardımçı olmalıyıq. Çalışaq ki, onların qara dünyasına qara yaxıb, cəmiyyətin "qara bazar"ında yalnız qoymayaq.

Niyaməddin Şirinov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR